Ailə xoşbəxtliyinin açarları
Evliliyin birinci ilindən necə «sağ çıxmaq» olar?
Ər: «Heç təsəvvürümə belə gətirməzdim ki, arvadımla mən bir-birimizdən belə fərqlənirik! Məsələn, mən səhər tezdən durmağı, o, gec durmağı xoşlayır. Əhval-ruhiyyəsinin tez-tez dəyişməsi isə məni lap çaşbaş qoyur! Bir də ki, mən yemək hazırlayanda o, hər şeyə danışır, xüsusilə də mən əlimi qab dəsmalı ilə siləndə».
Arvad: «Ərim söhbətcil deyil. Mən isə ailədə hamının ünsiyyət etməsinə alışmışam, xüsusilə də süfrə arxasında. Ərim yemək hazırlayanda o, əlini qab dəsmalına silir. Mənim bundan zəhləm gedir! Axı, nəyə görə o, bunu başa düşmür?! Başa düşə bilmirəm, insanlar ailə həyatında xoşbəxtliyə necə nail olurlar?»
ƏGƏR təzəcə evlənmisinizsə, ola bilsin, siz də belə problemlərlə üzləşirsiniz. Sizə elə gəlmirmi ki, həyat yoldaşınızda toydan qabaq olmayan çatışmamazlıqlar və mənfi cəhətlər yaranıb? Həyatda yaranan yeni çətinliklərin öhdəsindən gəlmək üçün nə etmək olar? (1 Korinflilərə 7:28).
Əvvəla, fikirləşməyin ki, toydan dərhal sonra siz ailə həyatı üzrə mütəxəssis olacaqsınız. Ola bilsin, subay olanda siz özünüzdə ünsiyyət etmək kimi dəyərli xüsusiyyətlər inkişaf etdirmisiniz, görüşdüyünüz müddət ərzində isə onu daha da yaxşılaşdırmısınız. Lakin evlilik gözləmədiyiniz tərzdə bu xüsusiyyətləri sınağa çəkəcək və ola bilsin, siz yeni şeylər öyrənməli olacaqsınız. Səhvlərdən qaça biləcəksinizmi? Əlbəttə, yox. Bəs sizə lazım olan yeni xüsusiyyət və bacarıqlara yiyələnə biləcəksinizmi? Sözsüz ki, yiyələnə biləcəksiniz!
Əgər hansısa sahədə püxtələşmək istəyiriksə, bunun üçün mütəxəssislə məsləhətləşmək və verilən məsləhətlərə riayət etmək lazımdır. Ən yaxşı ailə mütəxəssisi Yehova Allahdır. Axı bizi evlənmək arzusu ilə yaradan Odur (Tövrat, Yaradılış 2:22—24). Çətinliklərin öhdəsindən gəlmək və nikahınızın uzunömürlü olması üçün lazımi bacarıqlara yiyələnmək lazımdır. Bunun üçün Allahın Kəlamının irəli sürdüyü müəyyən şərtlərə əməl etməliyik. Gəlin görək, Müqəddəs Kitab bunda bizə necə kömək edə bilər?
ŞƏRT 1. BİR-BİRİNİZLƏ MƏSLƏHƏTLƏŞMƏYİ ÖYRƏNİN
Problem.
Yaponiyada yaşayan Keydzi * adlı qardaş bəzən qərar qəbul edərkən həyat yoldaşını nəzərə almağı unudurdu. O deyir: «Mən yoldaşımla məsləhətləşmədən dəvəti qəbul edə bilərdim. Sonradan isə məlum olurdu ki, bu, onun üçün əlverişli deyil». Avstraliyada yaşayan Allen isə deyir: «Əvvəllər mən arvadla məsləhətləşməyi kişiliyimə sığışdırmırdım». Onun belə düşünməsinə səbəb ailədə gördüyü tərbiyə idi. Britaniyadan olan Dayanna da buna oxşar problemlə üzləşmişdi. O deyir: «Valideynlərimlə məsləhətləşməyə alışmışdım. Buna görə də qərar qəbul etməzdən öncə ərimlə yox, onlarla məsləhətləşirdim».
Çıxış yolu.
Yadda saxlamaq lazımdır ki, Yehova Allahın gözündə ərlə arvad «bir bədən»dir (İncil, Matta 19:3—6). O, heç bir başqa münasibəti ərlə arvad arasındakı münasibət qədər vacib saymır! Bu münasibətlərin möhkəm olması üçün yaxşı ünsiyyət mühüm rol oynayır.
Ər-arvadlar Yehova Allahın İbrahim peyğəmbərlə ünsiyyət etməsindən çox şey öyrənə bilərlər. Məsələn, zəhmət olmasa, Müqəddəs Kitabı açıb Yaradılış 18:17—33 ayələrindən Yehova ilə İbrahimin söhbətini oxuyun. Ayələri oxuyarkən Allahın İbrahimə necə hörmətlə yanaşdığına fikir verin: 1) Yehova Öz planları haqqında İbrahimə danışdı, 2) onun dediklərinə diqqətlə qulaq asdı və 3) xahişlərini nəzərə alaraq, imkan daxilində, planlarında dəyişiklik etdi. Siz də həyat yoldaşınızla məsləhətləşərkən bu cür edə bilərsinizmi?
MƏSLƏHƏT. Həyat yoldaşınızla ona aidiyyəti olan məsələləri müzakirə edərkən: 1) bu vəziyyətdə necə davranmaq istədiyinizi izah edin, ancaq fikirlərinizi qəti qərar və ya əmr kimi yox, təklif formasında ifadə edin; 2) həyat yoldaşınızın fikrini soruşun və onun şəxsi fikirlərinə hörmətlə yanaşın və 3) qoy həmişə «aqil» olmağınız, bacardığınız qədər, həyat yoldaşınızın istəklərini nəzərə almağınızdan bəlli olsun (İncil, Filipililərə 4:5).
ŞƏRT 2. NƏZAKƏTLİ OLMAĞI ÖYRƏNİN
Problem.
Tərbiyə aldığınız ailədən və böyüyüb boya-başa çatdığınız mədəniyyətdən asılı olaraq, ola bilsin, siz öz fikirlərinizi sərt, hətta kobud tərzdə ifadə etməyə alışmısınız. Məsələn, Avropadan olan Layam etiraf edir: «Mənim doğulduğum yerdə insanlar bir o qədər də nəzakətli deyillər. Mənim kobud danışıq tərzim həyat yoldaşımın qanını qaraldırdı. Mən ona qarşı mülayim olmağı öyrəndim».
Çıxış yolu.
Elə düşünməyin ki, sizin danışıq tərziniz həyat yoldaşınızın xoşuna gəlir (İncil, Filipililərə 2:3, 4). Həvari Pavelin Allahın bir xidmətçisinə verdiyi məsləhət yeni evlənənlər üçün də faydalıdır. O yazmışdı: «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim davranmalı». «Mülayim» kimi tərcümə olunan yunan sözü həmçinin «nəzakətli»liyi bildirir (İncil, 2 Timoteyə 2:24, haşiyə). Nəzakətlilik — çətin vəziyyətlərdə başqalarının hisslərinə toxunmamaq, xeyirxah olmaq və özünü qanacaqlı aparmaq bacarığıdır.
MƏSLƏHƏT. Əgər həyat yoldaşınız əsəblərinizə toxunursa, elə hesab edin ki, qarşınızdakı yaxın dostunuz və ya müdirinizdir. Siz onunla da bu tonda danışardınız, yaxud eyni sözləri işlədərdiniz? Sonra həyat yoldaşınızın nəyə görə dostunuzdan və ya müdirinizdən daha çox hörmətə layiq olduğu haqda düşünün (İncil, Koloslulara 4:6).
ŞƏRT 3. YENİ VƏZİFƏLƏRİNİZƏ ALIŞMAĞA ÇALIŞIN
Problem.
Başlanğıcda ər, ola bilsin, bir o qədər də məharətlə başçılıq edə bilməsin, arvad isə istəklərini nəzakətlə bildirməyi bacarmasın. İtaliyadan olan Antonio deyir: «Atam heç vaxt anamla məsləhətləşmirdi. Buna görə də mən əvvəlcə ailədə özümü ağa kimi aparırdım». Kanadada yaşayan Debbi isə belə deyir: «Mən ərimdən daha təmizkar olmağı tələb edirdim. Ancaq, görünür, mənim əmrlə danışmağım əks-təsir göstərirdi».
Ər nə edə bilər?
Bəzi ərlər, Müqəddəs Kitaba əsasən, qadının tabeçiliyi ilə uşaqların itaətkarlığı arasında heç bir fərq görmürlər (İncil, Koloslulara 3:20; 1 Peter 3:1). Lakin Müqəddəs Kitabda deyilir ki, ər «arvadına bağlanacaq və ikisi bir bədən olacaq»; valideyn-uşaq münasibətləri haqqında isə belə şey deyilmir (İncil, Matta 19:5). Yehova deyir ki, arvad ərin köməkçisidir (Tövrat, Yaradılış 2:18). Ancaq O, heç vaxt deməyib ki, uşaq valideynin köməkçisidir və ya onlar «bir bədən»dir. Necə fikirləşirsiniz, əgər ər arvadı ilə uşaq kimi davranırsa, o, bununla nikaha hörmət etdiyini göstərirmi?
Müqəddəs Kitab ərləri təşviq edir ki, onlar öz arvadlarına İsa Məsihin yığıncağa yanaşdığı kimi yanaşsınlar. Arvadın ərini öz başçısı kimi qəbul edə bilməsi üçün növbəti amilləri nəzərə almaq lazımdır: 1) ər gözləməli deyil ki, arvadı onun dediklərinə dinməz-söyləməz dərhal tabe olsun; 2) hətta çətinliklər yaransa belə, ər arvadını öz bədəni kimi sevməlidir (İncil, Efeslilərə 5:25—29).
Qadın nə edə bilər?
Qadın qəbul etməlidir ki, əri onun Allah tərəfindən təyin olunmuş başçısıdır (İncil, 1 Korinflilərə 11:3). Əgər arvad ərinə hörmət edirsə, deməli, o, Allaha da hörmətlə yanaşır. Və əksinə, əgər qadın ərinin rəhbərliyinə tabe olmaqdan boyun qaçırırsa, bununla o, Allahı və Onun qoyduğu tələbləri rədd etdiyini göstərir (İncil, Koloslulara 3:18).
Problemi müzakirə edəndə məqsədiniz ərinizin xasiyyətini tənqid atəşinə tutmaq yox, problemi həll etmək olmalıdır. Məsələn, mələkə Ester istəyirdi ki, əri padşah Axaşveroş haqsızlığı aradan qaldırsın. Lakin onu tənqid etmək əvəzinə o, sadəcə nəzakətlə öz narahatçılığını ifadə etdi. Nəticədə, əri onun istəyini nəzərə aldı və düzgün qərar qəbul etdi (Ester 7:1—4; 8:3—8). Əgər ərinizə 1) ailə başçısı roluna uyğunlaşmağa vaxt versəniz və 2) hətta səhvlərə yol verməsinə baxmayaraq, ona hörmət göstərsəniz, sizi sevmək ona daha asan olacaq (İncil, Efeslilərə 5:33).
MƏSLƏHƏT. Bütün günü həyat yoldaşınızın düzəltməli olduğu zəif cəhətləri barədə düşünmək əvəzinə, yaxşı olardı ki, diqqətinizi özünüzün hansı sahələrdə düzəlişə ehtiyacınız olduğuna cəmləyin. Ərlər, həyat yoldaşınız sizin ailədə necə başçılıq etməyinizdən narazıdırsa, hansı sahələrdə dəyişiklik etməli olduğunuzu ondan soruşun və onun təkliflərini qeydə alın. Qadınlar, əgər əriniz sizin ona lazımi hörmət göstərmədiyinizi düşünürsə, ondan hansı sahələrdə dəyişiklik etməli olduğunuzu soruşun və onun təkliflərini yazın.
Həyat yoldaşınızdan çox şey tələb etməyin
Nikahda xoşbəxtliyi qorumağı öyrənmək velosiped sürməyi öyrənməyə bənzəyir. Əlbəttə, bu zaman yıxılmamaq qeyri-mümkündür, ancaq tədricən siz daha əminliklə sürməyi öyrənəcəksiniz. Buna bənzər tərzdə, siz nikahda təcrübə əldə edənə kimi, peşmançılıq çəkəcəyiniz səhvlərə yol verəcəksiniz.
Yumor hissinizi itirməyin. Həyat yoldaşınızın tələbatlarına ciddi yanaşın, eyni zamanda da öz səhvlərinizə gülməyi bacarın. Həyat yoldaşınızı həmişə, xüsusilə də evliliyinizin birinci ilində sevindirmək fürsətini əldən verməyin (Qanunun təkrarı 24:5). Rəhbərliyi Allahın Kəlamında axtarın. O zaman nikahınız ilbəil möhkəmlənəcək.
^ abz. 9 Bəzi adlar dəyişdirilib.
ÖZÜNÜNZDƏN SORUŞUN...
- Adətən, ən məhrəm fikirlərimi kiminlə bölüşürəm: həyat yoldaşımla, yoxsa başqası ilə?
- Bu gün həyat yoldaşıma onu sevdiyimi və hörmət etdiyimi göstərmək üçün nə etmişəm?