Müqəddəs Kitabda ondabir vergisi haqda nə deyilir?
Müqəddəs Kitabın cavabı
Qədim dövrdə pak ibadəti dəstəkləmək üçün israillilərə ondabir a vergisi vermək, yəni illik gəlirlərinin onda birini ianə etmək buyurulmuşdu. Allah onlara tapşırmışdı: «Hər il torpağa əkdiyiniz toxumdan bitən məhsulun onda bir hissəsini ayırın» (Qanunun təkrarı 14:22).
Ondabir vergisi Allahın Musa peyğəmbər vasitəsilə qədim İsrail xalqına verdiyi qanuna daxil idi. Məsihilər Musa peyğəmbərin qanunu altında yaşamırlar, buna görə də onlardan ondabir vergisi ödəmək tələb olunmur (Koloslulara 2:13, 14). Hər bir məsihidən gözlənilir ki, «ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Korinflilərə 9:7).
Müqəddəs Kitabda ondabir vergisi — Tövratda
Tövratda ondabir vergisindən dəfələrlə danışılır. Əksər hallarda bu, Allahın Musa peyğəmbər vasitəsilə İsrail xalqına Qanun verməsindən sonrakı dövrə təsadüf edir. Lakin iki dəfə ondabir vergisinin adı bundan öncəki dövrə aid çəkilib.
Musanın qanunundan öncə
Müqəddəs Kitaba əsasən, İbram (İbrahim peyğəmbər) ondabir vergisini ödəyən ilk insan olub (Yaradılış 14:18—20; İbranilərə 7:4). İbram qənimətin onda birini Səlim şəhərinin padşahı olan, eyni zamanda kahin olan Məliksadiqə vermişdi. Müqəddəs Kitabda İbrahimin, yaxud övladlarının bu hadisədən sonra yenidən ondabir vergisi verdiyi haqda heç bir qeyd yoxdur.
Kəlamda ondabir vergisi verən ikinci adam kimi İbrahimin nəvəsi Yaqubun adı çəkilir. Yaqub vəd etmişdi ki, getdiyi yolda Allah ona yar olsa, əldə etdiyi «hər şeyin onda birini» Ona verəcək (Yaradılış 28:20—22). Bəzi Müqəddəs Kitab alimlərinin fikrincə, Yaqub bu ondabiri heyvan qurbanı şəklində ödəmişdi. Yaqub özü belə bir nəzir etsə də, ailəsinə ondabir vergisi ödəməyi buyurmamışdı.
Musanın qanununda
Qədim israillilərdən dini işləri dəstəkləmək üçün ondabir vergisi ödəmək tələb olunurdu.
Ondabir vergisi bütün günü dini işləri icra edən kəslər — lavililər və kahinlər üçün yığılırdı. Onların əkib-becərmək üçün öz torpaqları yox idi (Saylar 18:20, 21). Xalqdan yığılan ondabir kahin olmayan lavililərə çatırdı. Lavililər də aldıqları bəxşişin ən yaxşı onda birini kahinlərə verirdi (Saylar 18:26—29).
Görünür, hər il israillilərdən ikinci ondabir vergisi də tələb olunurdu. Bundan isə həm lavililər, həm də lavili olmayanlar faydalanırdı (Qanunun təkrarı 14:22, 23). İsrailli ailələr bu vergidən xüsusi bayramlarda istifadə edirdi. Müəyyən illərdə isə ölkənin yoxsul əhalisi də toplanan bu vergidən pay alırdı (Qanunun təkrarı 14:28, 29; 26:12).
Ondabir vergisinin hesablanması. İsraillilər illik məhsulun onda bir hissəsini ayırırdılar (Lavililər 27:30). Əgər onlar bu ondabiri məhsulla yox, pulla ödəmək istəsəydilər, dəyərindən 20 faiz artıq verməliydilər (Lavililər 27:31). Onlara həmçinin mal-qaradan və qoyun-keçidən hər onuncu heyvanı Yehova üçün ayırmaq buyrulmuşdu (Lavililər 27:32).
Mal-heyvanın onda birini müəyyən etmək üçün israillilər ağıldan çıxan hər onuncu heyvanı ayırırdılar. Qanuna əsasən, ayrılmış heyvanın yaxşı və ya pis olduğunu yoxlamaq, onu başqası ilə dəyişmək olmazdı, habelə dəyərini pulla ödəməyə icazə verilmirdi (Lavililər 27:32, 33). İllik bayramlar vaxtı istifadə olunan ikinci ondabiri isə pula çevirmək olardı. Bu, Allahın seçdiyi yerdə bayramları qeyd etməyə uzaq yol gələn israillilər üçün əlverişli idi (Qanunun təkrarı 14:25, 26).
Ondabir vergisi nə zaman verilirdi? İsraillilər ondabir vergisini hər il verirdi (Qanunun təkrarı 14:22). Ancaq hər yeddinci il istisna idi. Həmin il şənbə ili idi, yəni torpaq dincə qoyulurdu, israillilər torpağı əkib-becərmirdi (Lavililər 25:4, 5). Bu xüsusi vəziyyətə görə, biçin vaxtı ondabir yığılmırdı. Hər yeddiillik dövrün üçüncü və altıncı ilində yığılan ondabir yoxsullara və lavililərə verilirdi (Qanunun təkrarı 14:28, 29).
Ondabiri ödəməməyin cəzası var idi? Musanın qanununda ondabiri verməməyə görə cəza yox idi. Bu vergi öhdəçilik idi. İsraillilər ondabiri verdiklərini Allahın önündə bəyan etməli və müqabilində Allahdan ruzi-bərəkət diləməli idilər (Qanunun təkrarı 26:12—15). Ondabiri verməmək Allahın gözündə Ondan oğurlamaq demək idi (Məlaki 3:8, 9).
Ondabir vergisi ağır yük idi? Xeyr. Allah vəd etmişdi ki, xalq ondabiri gətirsə, onların başından bərəkət tökəcək və onlar heç nədən korluq çəkməyəcəklər (Məlaki 3:10). Lakin, xalq ondabiri verməyəndə özü əziyyət çəkirdi. Allah onların bərəkətini kəsirdi, həmçinin lavililərin və kahinlərin dolanışığına kömək etmədikləri üçün, lavililər və kahinlər işləməli olurdu. Beləcə, xalq Allaha ibadətdə onların köməyindən yararlana bilmirdi (Nəhəmya 13:10; Məlaki 3:7).
Müqəddəs Kitabda ondabir vergisi — İncildə
İsa Məsih yer üzündə yaşayanda Allahın xidmətçilərindən ondabir vergisi hələ də tələb olunurdu. Lakin İsa Məsihin ölümündən sonra bu tələb ləğv olundu.
İsa Məsihin dövründə
Müqəddəs Kitabın İncil hissəsində göstərilir ki, İsa Məsih yer üzündə olanda israillilər ondabir vergisi verirdilər. O özü də ondabirin onlar üçün öhdəçilik olduğunu təsdiq etmişdi. Ancaq İsa Məsih ən xırda şeylərin də onda birini verən, «lakin Tövratdakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə» fikir verməyən din xadimlərini məzəmmət etmişdi (Mətta 23:23).
İsa Məsihin ölümündən sonra
İsa Məsihin ölümündən sonra artıq Allahın xidmətçilərindən ondabir vergisi tələb olunmurdu. İsa Məsihin fidyə qurbanlığı ilə Musanın qanunu, o cümlədən, ondabir yığmaq əmri ləğv olundu (İbranilərə 7:5, 18; Efeslilərə 2:13—15; Koloslulara 2:13, 14).
a Ondabir vergisi «insanın öz gəlirindən müəyyən məqsədlə kənara qoyduğu onda bir hissədir... Müqəddəs Kitabda adı çəkilən ondabir vergisi dini məqsədə xidmət edirdi» («Harper’s Bible Dictionary», səh. 765).