Kontentə keç

Mündəricatı göstər

Bioqrafiya

Yehova Allah bizə çox lütf göstərib

Yehova Allah bizə çox lütf göstərib

ATAM Artur mömin insan olub. Buna görə də o, metodist kilsəsinin keşişi olmaq istəyib. Lakin Müqəddəs Kitab Tədqiqatçılarının nəşrlərini oxuyandan və onlarla ünsiyyət edəndən sonra fikrindən daşınıb. O, 1914-cü ildə 17 yaşında vəftiz olunub. Həmin vaxt Birinci Dünya müharibəsi get-gedə güclənirdi. Atamı hərbi xidmətə çağırdılar. Ancaq o, əlinə silah almayacağını bildirdi, buna görə də onu on ay müddətinə Kinqston həbsxanasına (Ontario, Kanada) göndərdilər. Azadlığa buraxılandan sonra atam kitabpaylayan (öncül) kimi xidmət etməyə başladı.

1926-cı ildə atam Heyzl Uilkinsonla, yəni anamla ailə qurur. Anamın anası həqiqəti 1908-ci ildə öyrənib. Mən 1931-ci il aprelin 24-də dünyaya göz açmışam. Mən dörd uşaqdan ikincisi idim. Bizim ailəmizdə Yehova Allaha ibadət həmişə birinci yerdə olub. Atamızın Müqəddəs Kitaba dərin hörməti bizi də Allahın Kəlamına rəğbətlə yanaşmağa təşviq edib. Biz müntəzəm olaraq ailəlikcə ev-ev təbliğdə iştirak edirdik (Həv. 20:20).

ATAM KİMİ BİTƏRƏF QALIR VƏ ÖNCÜL XİDMƏTİNƏ BAŞLAYIRAM

1939-cu ildə İkinci Dünya müharibəsi başladı. Növbəti il isə Kanadada Yehovanın Şahidlərinin fəaliyyəti qadağan edildi. Məktəblərdə bayrağa təzim edilir və dövlət himni oxunurdu. Böyük bacımla mənə həmin vaxt sinifdən çıxmağa icazə verilmişdi. Ancaq bir gün müəllim məni utandırmaq üçün mənə qorxaq dedi. Dərsdən sonra isə bir neçə sinif yoldaşım üstümə hücum çəkib məni yerə yıxdı. Bu hadisə «insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» əmrinə tabe olmaq əzmimi daha da gücləndirdi (Həv. 5:29).

1942-ci ilin iyul ayında, 11 yaşım olanda, fermanın çənində vəftiz olundum. Yay tətilində köməkçi öncül kimi xidmət etməyi xoşlayırdım. Tətillərin birində üç qardaşa qoşulub Ontarionun şimalına, təyin olunmamış ərazidə ağackəsənlərə təbliğ etməyə getdim.

1949-cu il may ayının birində öncül xidmətinə başladım. Həmin vaxt filialda tikinti işləri gedirdi. Məni orada kömək etməyə dəvət etdilər, dekabrın birində isə Kanadadakı Beytel ailəsinin üzvü təyin olundum. Mən çapxanada işləyirdim. Yavaş-yavaş çap maşınını işlətməyi öyrəndim. Bir neçə həftə gecə növbəsinə düşdüm. Həmin ərəfədə Yehovanın xalqının Kanadada üzləşdiyi təqiblər haqqında buklet çap edirdim.

Sonra xidmət şöbəsində işləməyə başladım. Mənim işimə Kvebekə gedən öncüllərlə söhbət etmək də daxil idi. Həmin ərazidə təqiblər çox şiddətli idi. Bu öncüllərin arasında Edmontondan (Kanadanın Alberta ştatı) olan Meri Zazula adlı bir bacı var idi. Merini və böyük qardaşı Conu Müqəddəs Kitabı öyrəndikləri üçün Pravoslav kilsəsinə mənsub olan valideynləri evdən qovmuşdu. Hər ikisi 1951-ci ilin iyun ayında vəftiz olunub altı aydan sonra öncül xidmətinə başlamışdı. Meri ilə söhbət edəndə onun imanının nə qədər güclü olduğunu görüb heyran qaldım. Öz-özümə dedim: «Əgər bir əngəl çıxmasa, bu qızla evlənəcəyəm». Doqquz ay sonra 1954-cü il yanvarın 30-da evləndik. Toydan bir həftə sonra bizi səyyar xidmətlə bağlı təlim keçməyə dəvət etdilər. Növbəti iki il ərzində biz Ontarionun şimalında səyyar xidmətdə iştirak etdik.

Bütün dünyada təbliğ işi geniş vüsət aldığı üçün xüsusi təyinatlı müjdəçilərə böyük tələbat var idi. Fikirləşdik ki, əgər Kanadanın şaxtalı qışına və ağcaqanadla dolu yayına dözə biliriksə, harada olsa xidmət edə bilərik. Beləliklə, 1956-cı ilin iyul ayında biz Gilad Məktəbinin 27-ci sinfini bitirib Braziliyaya təyinat aldıq. Noyabr ayında isə Braziliyaya getdik.

BRAZİLİYADA XİDMƏT

Braziliyadakı filiala gələndə portuqal dilini öyrənməyə başladıq. Portuqal dilində salamlaşmağı öyrənəndən və jurnalın birdəqiqəlik təqdiməsini əzbərləyəndən sonra xidmətə çıxdıq. Planlaşdırmışdıq ki, ev sakini maraq göstərərsə, ona Allahın Padşahlığının bəxş edəcəyi nemətlər barədə ayələr oxuyaq. Xidmətə çıxdığımız ilk gün bir qadın bizi maraqla dinlədi. Mən ona Vəhy 21:3, 4 ayələrini oxudum, amma birdən huşumu itirdim. Səbəb o idi ki, isti və bürkülü havaya öyrəşməmişdim. Bu çətinliyə hələ uzun müddət dözməli oldum.

Bizi Kampus şəhərinə təyin etdilər. Hal-hazırda orada 15 yığıncaq var. Amma biz bu şəhərə gedəndə orada cəmi bir dənə balaca qrup və xüsusi təyinatlı müjdəçi kimi xidmət edən dörd bacı var idi. Bunlar Ester Treysi, Ramona Bauer, Luiza Şvarç və Loreyn Bruks (indi Volen) idi. Onlar xüsusi təyinatlı müjdəçilər üçün ayrılmış evdə yaşayırdılar. Bu evdə mənim işim camaşırxanada kömək etmək və mətbəxi odunla təmin etmək idi. Bir gün «Gözətçi qülləsi» müzakirəsindən sonra çağırılmamış «qonağımız» gəldi. Arvadım Meri divanda uzanıb dincəlirdi və biz gün ərzində olanlar barədə danışırdıq. Meri başını yastıqdan qaldıranda yastığın altından ilan çıxdı. Evə bir çaxnaşma düşdü gəl görəsən! Mən ilanı öldürəndən sonra hamı sakitləşdi.

Bir il portuqal dilini öyrənəndən sonra rayon nəzarətçisi təyin olundum. Biz sadə həyat tərzi sürürdük: xidmət etdiyimiz ərazidə işıq yox idi, yerə döşək salıb yatırdıq, bir yerdən o biri yerə at arabasında gedirdik. Bir dəfə təyin olunmamış ərazidə təbliğ etmək üçün qatarla dağlarda yerləşən kiçik şəhərə getmişdik; gecələmək üçün isə kirayəyə otaq götürmüşdük. Filial bizə təbliğdə istifadə etmək üçün 800 jurnal göndərmişdi. Jurnallarla dolu qutuları qaldığımız evə gətirmək üçün poçt məntəqəsinə dəfələrlə gedib-gəlməli olmuşduq.

1962-ci ildə Braziliyada qardaşlar və xüsusi təyinatlı müjdəçi bacılar üçün Padşahlıq Xidməti Məktəbi keçirilirdi. Məni bu məktəbdə dərs deməyə təyin etdilər. Altı ay ərzində Merisiz bir məktəbdən o birinə gedirdim. Mən Manaus, Belen, Foraleza, Resifi və Salvador şəhərlərində keçirilən məktəblərdə dərs deyirdim. Bir dəfə Manaus şəhərinin məşhur opera teatrında vilayət toplantısı təşkil etmişdim. Şiddətli yağışlar ucbatından içməli suyun, demək olar ki, hamısı yararsız hala düşmüşdü. Yağışa görə yemək yemək üçün yararlı yer də yox idi. (Həmin dövrdə toplantılarda yeməyi təşkilat verirdi.) Mən bir hərbi zabitlə əlaqə saxlayıb ona bu problem barədə danışdım. O, xeyirxahlıq göstərib bizi su ilə təmin etdi, həmçinin bir neçə əsgər göndərdi ki, iki böyük çadır qursunlar, biri yemək hazırlamaq, biri nahar etmək üçün.

Bu müddət ərzində Meri portuqaliyalı tacirlərin işlədiyi ərazidə təbliğ edirdi. Oradakı insanların fikri-zikri ancaq pul qazanmaq idi deyə, Meri bir nəfərlə də olsun Müqəddəs Kitab haqqında söhbət edə bilməmişdi. Buna görə də o, bir neçə beytelliyə demişdi: «Bu dünyada yaşamaq istədiyim axırıncı yer Portuqaliyadır». Lakin həyat sürprizlərlə doludur. Meri bu sözləri deyəndən qısa müddət sonra bizi Portuqaliyaya təyin etdilər. Meri bunu eşidəndə nitqi qurudu. Həmin vaxtlar Portuqaliyada təbliğ fəaliyyətimiz qadağa altında idi. Biz heç nəyə baxmayaraq, dəvəti qəbul etdik.

PORTUQALİYADA XİDMƏT

Biz Portuqaliyanın paytaxtı Lissabona 1964-cü ilin avqust ayında gəldik. Bacı-qardaşlar Portuqaliyanın gizli polisi (PİDE) tərəfindən güclü təqiblərə məruz qalırdılar. Buna görə də məsləhət görüldü ki, ölkəyə gələndə bizi heç kim qarşılamasın, biz də heç kimlə əlaqə saxlamayaq. Ölkədə qalmaq üçün bizə icazə verilənə qədər kiçik oteldə qalırdıq. Viza alandan sonra kirayə mənzil tutduq. Nəhayət, 1965-ci ilin yanvar ayında filialla əlaqə saxlaya bildik. İbadət görüşlərinə nə az, nə çox düz beş ay gedə bilməmişdik, buna görə də yığıncağa gedəndə çox sevinirdik.

Təbliğ işimiz qadağan olunduğu üçün ibadət evlərimiz bağlı idi, buna görə də görüşlər şəxsi evlərdə keçirilirdi. Polislər hər gün bacı-qardaşların evinə reydlər edirdilər. Yüzlərlə Yehovanın Şahidi bölməyə aparılıb sorğu-suala tutulurdu. Yığıncaq görüşlərini aparan qardaşların kimliyini öyrənmək üçün qardaşlara qarşı güc tədbiq olunurdu. Buna görə də qardaşlar bir-birinə familiya ilə yox, adla müraciət edirdilər.

Həmin dövrdə bizim əsas məqsədimiz bacı-qardaşları ədəbiyyatla təmin etmək idi. Meri «Gözətçi qülləsi» jurnalının məqalələrinin və digər nəşrlərin trafaretini hazırlayırdı. Sonra həmin trafaretlərin köməyi ilə mətn mimeoqrafda çap olunurdu.

MÜJDƏNİ MƏHKƏMƏ QARŞISINDA MÜDAFİƏ EDİRİK

1966-cı ilin iyun ayında Lissabonda mühüm bir məhkəmə prosesi baş tutdu. Feyju yığıncağının 49 üzvünün hamısı şəxsi evdə qeyri-qanuni keçirilən yığıncaq görüşündə iştirak etməkdə təqsirkar bilinirdi. Məhkəmədən əvvəl mən prokuror rolunu oynayaraq onları dinləməyə və çarpaz dindirməyə hazırlamışdım. İşi uduzacağımızı bilirdik, ancaq əmin idik ki, bu məhkəmə prosesi gözəl şahidlik olacaq. Vəkilimiz müdafiəni Qəmlailin sözlərini sitat gətirərək bitirdi (Həv. 5:33—39). Xəbərlərdə ancaq bu məhkəmə barədə danışılırdı. 49 bacı-qardaşa 45 gündən beş ay yarıma qədər həbs cəzası kəsilmişdi. Bizi müdafiə edən vəkil Müqəddəs Kitabı öyrənməyə və ölümündən əvvəl yığıncaq görüşlərinə gəlməyə başlamışdı.

1966-cı ilin dekabr ayında filial nəzarətçisi təyin olundum. Bu təyinatda vaxtımın əsas hissəsi hüquqi işlərə gedirdi. Yehovanın Şahidlərinin Portuqaliyada qanuni tanınması üçün əlimizdən gələni edirdik (Filip. 1:7). Nəhayət, 1974-cü il dekabrın 18-i bu arzumuza çatdıq. Mərkəzi idarədən Neytan Norr və Frederik Frans qardaş bizim sevincimizə şərik olmaq üçün Portuda və Lissabonda keçirilən toplantıya gəlmişdi. Bu toplantıda 46 870 nəfər iştirak etmişdi.

Yehovanın köməyi ilə portuqal dilli adalarda, məsələn, Azor adaları, Kabo-Verde, Madeyra, San-Tome və Prinsipidə təbliğ işi genişləndi. Təbliğçilərin sayı artdıqca filialın böyüməsinə ehtiyac yarandı. 1988-ci il aprelin 23-ü filialın yeni binalarının həsrolunma mərasimi keçirildi. Milton Henşel qardaş binaları Yehovaya həsr etmək üçün məruzə söylədi. Həmin görüşdə 45 522 adam iştirak etmişdi. Portuqaliyada əvvəllər xüsusi təyinatlı müjdəçi kimi xidmət etmiş 20 bacı-qardaşı bu mərasimdə görmək çox xoş idi.

SADİQ KƏSLƏRDƏN ÖRNƏK ALIRIQ

Sadiq dindaşlarımızla uzun illər çiyin-çiyinə xidmət etmək həyatımızı zənginləşdirdi. Mərkəzi idarənin nümayəndəsi Teodor Yaraç qardaşı filialları ziyarət etmək işində müşayiət edəndə ondan vacib bir dərs öyrəndim. Ziyarət etdiyimiz filiallardan biri ciddi problemlə üzləşmişdi. Filial komitəsinin üzvləri əllərindən gələni etsələr də, problemi həll edə bilmirdilər. Teodor qardaş onları sakitləşdirərək dedi: «İndi isə qoyun müqəddəs ruh öz gücünü göstərsin». Bir dəfə Meriylə Bruklində olanda bir axşam mən, Frederik Frans və bir neçə qardaş yığışıb söhbət edirdik. Frederik qardaşdan xahiş etdik ki, xidmətdə keçirdiyi uzun illərin ona nə öyrətdiyini danışsın. O dedi: «Bir şeyi dəqiq deyə bilərəm: heç vaxt Yehovanın təşkilatından ayrılmayın. Həmişə, həm xoş gündə, həm dar gündə təşkilatdan möhkəm yapışın, çünki yalnız bu təşkilat Məsihin şagirdlərinə tapşırdığı işi yerinə yetirir, Allahın Padşahlığı haqqında müjdəni dünyaya yayır!»

Bu məsləhətə əməl etmək həyat yoldaşımla mənə xoşbəxtlik gətirdi. Filialları ziyarət edəndə yaşadığımız xoş xatirələr bizim üçün çox əzizdir. Bu ziyarətlər vaxtı biz ömrünü tammüddətli xidmətə həsr edən həm cavan, həm yaşlı bacı-qardaşlara minnətdarlığımızı bildirir, onları bu şərəfli xidməti davam etdirməyə təşviq edirdik.

Yel qanadlı illər ötüb-keçdi, biz yaşa dolduq. Hazırda ikimizin də 80-dən yuxarı yaşı var. Merinin səhhətində çoxlu problemlər var (2 Kor. 12:9). Həyatda qarşılaşdığımız çətinliklər imanımızı və Yehovaya sadiq qalmaq əzmimizi möhkəmləndirdi. Geriyə boylanıb keçdiyimiz həyat yoluna baxanda görürük ki, Yehova bizə dönə-dönə, dəfələrlə lütf göstərib *.

^ abz. 29 Bu məqalə çapa hazırlananda Duqlas Qest qardaş 2015-ci il oktyabrın 25-i Yehovanın yolunda sürdüyü sədaqətli ömür yolunu başa vurub.