Kontentə keç

Ədalətsizliklə bağlı suallarıma cavab tapdım

Ədalətsizliklə bağlı suallarıma cavab tapdım

«Ədalətsizliklə bağlı suallarıma cavab tapdım»

Nəql etdi: Ursula Mene

Ağlım kəsəndən həmişə düşünmüşəm ki, hər bir insan ədalətli münasibət görməyə layiqdir. Şərqi Almaniyada kommunistlərin hakimiyyəti dövründə bu ədalət axtarışı həbsə düşməyimə gətirib çıxardı. Elə məhz orada ədalətsizliklə bağlı suallarıma cavab tapdım. İstəyirəm ətraflı danışım.

MƏN 1922-ci ildə Almaniyanın 1200 ildən artıq yaşı olan Qalle şəhərində dünyaya göz açmışam. Bu şəhər Berlindən 200 km cənub-qərbdə yerləşir və protestantlığın qədim ocaqlarından biri olub. Bacım Keti 1923-cü ildə anadan olub. Atam hərbçi olub. Anam isə teatrda ifaçı olub.

Güclü ədalət hissi mənə atamdan keçib. O, hərbidən tərxis edildikdən sonra bir mağaza almışdı. Müştərilərin əksəriyyəti kasıb olduğundan onlara yazığı gəlirdi və ərzaqları nisyə verirdi. Amma bu yaxşılığı ona gətirib çıxardı ki, axırda müflis oldu. Bu kədərli hadisədən öyrəndim ki, bərabərsizliklə və haqsızlıqla mübarizə ilk baxışdan göründüyündən də çətin imiş. Amma gənclik idealizminin alovunu söndürmək çətin məsələdir.

Anamdan mənə sənətkarlıq istedadı keçib. Anam bacım Keti ilə mənə musiqi, ifaçılıq və rəqs dərsləri verib. Mən şən uşaq olmuşam. Bacım da, mən də xoşbəxt olmuşuq. Amma bu xoşbəxt çağlar 1939-cu ilədək sürdü.

Zülmət günlər başlayır

İbtidai sinfi bitirdikdən sonra balet məktəbinə getdim. Orada Mari Viqmandan «Ausdrukstanz» (ekspressionist rəqs) dərsləri aldım. O, ekspressionist rəqsdə öndə gedənlərdən biri idi. Bu rəqs rəqqasdan hissləri ifadə etməyi tələb edir. Həmçinin rəssamlıqla da məşğul olurdum. Buna görə də yeniyetməlik illərim xoşbəxt keçib, dərslərimi həvəslə və sevinclə oxumuşam. Amma budur, 1939-cu ildə II Dünya müharibəsi başladı. Sonra daha bir zərbə aldıq, 1941-ci ildə atam vərəmdən vəfat etdi.

Müharibənin dəhşətli üzünü gördük. Müharibə başlayanda 17 yaşım olsa da, başa düşürdüm ki, dünya ağlını itirib. Normal insan kütləsi nasist isteriyasına qapılmışdı. Müharibə insanları bir çox şeydən məhrum etdi, ölüm, fəlakət gətirdi. Partlayış nəticəsində evimizə ciddi ziyan dəydi, müharibədə bir neçə qohumumuz həlak oldu.

1945-ci ildə müharibə bitəndə anam, Keti və mən hələ Qalle şəhərində yaşayırdıq. O vaxt mən ailəli idim, bir qızımız var idi. Amma yoldaşımla münasibətimiz yaxşı deyildi. Beləcə, ayrıldıq. Özümü və qızımı dolandırmaq üçün rəqqasə və rəssam kimi işləməli oldum.

Müharibədən sonra Almaniya dörd hissəyə bölündü və bizim yaşadığımız şəhər Sovet hökumətinin tabeliyinə keçdi. Bununla da hər birimiz kommunist rejiminə öyrəşməli olduq. 1949-cu ildə bizim yaşadığımız ərazi Almaniya Demokratik Respublikası (ADR) adlandı.

Kommunistlərin tabeliyində həyat

Həmin illərdə anam xəstələndi və mən ona baxmalı oldum. Yerli hökumət dairəsində işə düzəldim. Orada tələbələrdən ibarət müxalifətçilərlə tanış oldum. Onlar çalışırdılar ki, baş verən ədalətsizliklərdən xalqı hali eləsinlər. Məsələn, tələbələrdən birini atası əvvəllər nasist partiyasının üzvü olduğu üçün universitetdən qovmuşdular. O tələbəni yaxşı tanıyırdım, tez-tez birlikdə musiqi alətlərində çalırdıq. Düşünürdüm: «Axı niyə atasına görə o əzab çəkməlidir?» Müxalifətçilərlə çox təmasda olmağa və etiraz aksiyalarında iştirak etməyə başladım. Hətta bir dəfə yerli məhkəmə binasının girişinə bukletlər yapışdırmışdım.

Haqsızlığa dözümsüzlüyüm katib kimi Regional Sülh komitəsinə bir neçə məktub yazarkən daha da gücləndi. Bir dəfə də komitə Qərbi Almaniyada yaşayan yaşlı bir insana, siyasi səbəblərdən irəli gələrək, kommunist propaqandasının yer aldığı materiallar göndərməyi planlaşdırırdı. Məqsəd ona qarşı şübhələr oyatmaq idi. Bu haqsızlıq mənə o qədər pis təsir etdi ki, həmin bağlamaları ofisimdə gizlətdim. Beləcə, onlar göndərilmədi.

«Ən təhlükəli insan» mənə ümid verdi

1951-ci ildə iki kişi ofisimə gəlib dedi: «Sən həbs olunursan». Məni «Rote Okse» («Qırmızı öküz») həbsxanasına apardılar. Bir il sonra məni hakimiyyətə qarşı təxribatda təqsirli bildilər. Tələbələrdən biri məni Ştaziyə, gizli fəaliyyət göstərən polisə satmışdı, demişdi ki, bukletlər paylamışam. Məhkəmə çox dəhşətli idi, özümü müdafiə etmək üçün nə deyirdimsə, qulaq asan olmurdu. Mənə altı il müddətinə həbs cəzası verdilər. O vaxt xəstələnmişdim. Məni həbsxana xəstəxanasına apardılar. Orada 40 qadın var idi. Kədər içində olan o qadınları görəndə məni təlaş bürüdü. Tez qapıya tərəf qaçdım və yumruğumla döydüm.

Keşikçi soruşdu: «Nə istəyirsən?»

Qışqıra-qışqıra dedim: «İcazə verin çıxım. Ya da məni təkkameralı yerə salın. Təki burdan çıxım». Sözsüz ki, xahişimi rədd etdilər. Bir az sonra gözüm bir qadına sataşdı, o, başqalarından fərqlənirdi. Onun gözlərində daxili sakitlik duyulurdu. Yanında əyləşdim.

O dedi: «Yanımda oturursansa, ehtiyatlı ol». Bunu eşidəndə təəccübləndim. Ardınca dedi: «Yan-yörədəkilər fikirləşir ki, mən ən təhlükəli insanam. Çünki Yehovanın Şahidiyəm»

O vaxta kimi bilmirdim ki, Yehovanın Şahidləri kommunizmin düşməni sayılır. Amma yadıma düşdü ki, uşaq olanda atamın yanına iki nəfər Müqəddəs Kitab Tədqiqatçısı (o vaxtlar Yehovanın Şahidləri belə adlanırdı) gəlirdi. Yadımdadır atam deyərdi: «Müqəddəs Kitab Tədqiqatçıları nə deyirlərsə, düz deyirlər!»

Bu qadınla rastlaşmağım mənə təsəlli verdi. Özümü saxlaya bilməyib ağladım. Qadının adı Berta Brüggemayer idi. Ona dedim: «Nə olar, mənə bir az Yehovadan danış». O gündən etibarən birlikdə çox vaxt keçirir, Müqəddəs Kitab barədə uzun-uzadı danışırdıq. Mən öyrəndim ki, tək bir Allah olan Yehova məhəbbət, ədalət və sülh Allahıdır. Onu da öyrəndim ki, O, əzazil insanların bəşəriyyətə vurduğu bütün zərərləri aradan qaldıracaq. Zəbur 37:10, 11 ayələrində yazılıb: «Az qalıb! Artıq pis adam olmayacaq... Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar».

Azadlığa çıxdım və Qərbi Almaniyaya getdim

Beş ildən bir az artıq həbsdə oldum. 1956-cı ildə həbsdən çıxdım və beş gün sonra qızlarım Henelore və Sabine ilə birgə Qərbi Almaniyaya qaçdım. Orada mən yoldaşımla rəsmi boşandım və yenidən Yehovanın Şahidləri ilə rastlaşdım. Müqəddəs Kitabı öyrəndikcə anladım ki, həyat tərzimi Müqəddəs Kitab normalarına uyğun olaraq dəyişməliyəm. 1958-ci ildə bunu etdim və vəftiz olundum.

Sonralar yenidən ailə qurdum. Amma Yehovanın Şahidi olan Klaus Mene ilə. Biz Klausla xoşbəxt ailə idik, bizim Binyamin və Tabiya adlı iki övladımız oldu. Amma təəssüf ki, Klaus faciəvi şəkildə həyatını itirdi. Bunun üstündən təxminən 20 il keçib. Onun ölümündən sonra artıq heç kimlə ailə qurmadım. Dirilmə ümidi mənə təskinlik verir. Əminəm ki, ölən əzizlərimiz yerüzü cənnətdə dirilib yaşayacaq (Luka 23:43; Həvarilərin işləri 24:15). Xoşbəxtəm ki, övladlarımın dördü də Yehovaya xidmət edir.

Müqəddəs Kitabın sayəsində öyrəndim ki, yalnız və yalnız Yehova əsl ədaləti bərpa edə bilər. İnsanlardan fərqli olaraq O, bizim vəziyyətimizi, aldığımız tərbiyəni və keçmişimizi nəzərə alır. Adətən insanların bundan xəbəri olmur. Bunu bilməklə xüsusilə indiki zamanda, haqsızlığın baş alıb getdiyi bir vaxtda qəlb rahatlığı duya bilirəm. Vaiz 5:8 ayəsində deyilir: «Əgər görsən ki, yaşadığın vilayətdə məzluma zülm edilir, haqq-ədalət tapdalanır, təəccüb etmə. Hər mənsəb sahibinə ondan böyüyü nəzarət edir, onların da başında onlardan böyüklər var». Hər kəsdən böyük Yaradanımızdır. İbranilərə 4:13 ayəsində yazılıb: «Heç kəs və heç nə Onun gözündən gizli qala bilməz, hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik».

Arxada qalan 90 illik ömür

Hərdən məndən soruşurlar ki, nasistlərin və kommunistlərin hakimiyyəti dövründə həyat necə idi. Heç biri asan deyildi. Bu bir daha sübut edir ki, insanlar necə bir hakimiyyət forması qururlar qursunlar, uğursuzdurlar. Müqəddəs Kitabda sadə, aydın bir həqiqət yazılıb: «İnsanın insana ağalıq etməsi insanın zərərinə olub».

Gənc olanda sadəlövhcəsinə düşünürdüm ki, insanlar bir gün ədalətli hökumət quracaq. Amma indi bilirəm ki, ancaq Yaradanımız ədaləti bərqərar edəcək. O, pis insanları məhv edəcək və bütün yer üzündə hakimiyyəti başqalarının rifahını özününkündən üstün tutan Oğluna, İsa Məsihə verəcək. Müqəddəs Kitabda İsa barədə deyilir: «Sən salehliyi sevdin, qanunsuzluğa nifrət etdin» (İbranilərə 1:9). Yehovaya şükür olsun ki, məni xeyirxah və ədalətli Padşahla tanış elədi. Ümidvaram ki, onun hakimiyyəti dövründə əbədi yaşayacağam!

[Şəkil]

Qərbi Almaniyaya çatanda qızlarım Henelore və Sabine ilə birgə

[Şəkil]

Oğlum Binyamin və yoldaşı Sandra ilə birgə