Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 21

NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi

Gələcək həyat yoldaşını necə tapa bilərsiniz?

Gələcək həyat yoldaşını necə tapa bilərsiniz?

«Yaxşı arvadı kim tapar? O, ləl-cəvahiratdan da qiymətlidir» (MƏS. 31:10).

ƏSAS FİKİR

Məqalədəki prinsiplərin sayəsində subaylar özlərinə münasib həyat yoldaşı seçə biləcək və yığıncaqdakı bacı-qardaşlar onlara dəstək olmağın yollarını öyrənəcək.

1, 2. a) Subay məsihi görüşməyə başlamazdan əvvəl hansı amilləri götür-qoy etməlidir? b) Görüşmək deyəndə nəyi nəzərdə tuturuq? («Bəzi ifadələrin izahı»na baxın.)

 AİLƏ həyatı qurmaq istəyirsiniz? Düzdür, xoşbəxt olmaq üçün evli olmaq mütləq deyil. Amma yaşından asılı olmayaraq, çox subay məsihi ailə qurmaq niyyətindədir. Əlbəttə ki, görüşməyə başlamazdan əvvəl siz maddi, ruhani və emosional cəhətdən evliliyə hazır olmalısınız a (1 Kor. 7:36). Onda böyük ehtimal ki, quracağınız ailə xoşbəxt olacaq.

2 Amma münasib həyat yoldaşı tapmaq həmişə asan olmur (Məs. 31:10). Hətta yaxından tanımaq istədiyiniz biri ilə rastlaşsanız belə, onunla görüşməyə başlamaq da çətin ola bilər b. Bu məqalədə öyrənəcəyik ki, subay məsihi münasib həyat yoldaşı tapıb görüşməyə başlamaq üçün nə edə bilər. Həmçinin görəcəyik ki, yığıncaqdakı bacı-qardaşlar evlənmək istəyənlərə necə dəstək ola bilər.

MÜNASİB HƏYAT YOLDAŞI

3. Özünə həyat yoldaşı axtaran məsihi hansı amilləri götür-qoy etməlidir?

3 Əgər evlənməyi düşünürsünüzsə, yaxşı olar ki, görüşməyə başlamazdan əvvəl necə bir insanla ailə həyatı qurmaq istədiyinizi özünüz üçün müəyyən edəsiniz. Əks halda, sizə yaxşı həyat yoldaşı olacaq insanı nəzərinizdən qaçıra bilərsiniz, ya da sizə uyğun olmayan biri ilə görüşməyə başlayarsınız. Təbii ki, evlənəcəyiniz kəs mütləq vəftiz olunmuş məsihi olmalıdır (1 Kor. 7:39). Amma hər vəftiz olunmuş kəs də sizin üçün yaxşı həyat yoldaşı olmaya bilər. Odur ki, düşünün: «Həyatda hansı məqsədlərim var? Gələcək həyat yoldaşımda hansı xüsusiyyətlərin olmasını vacib sayıram? Gözləntilərim realdır?»

4. Bəziləri duada Yehovadan nə xahiş edir?

4 Əgər ailə qurmaq istəyiniz varsa, sözsüz ki, bu barədə dua etmisiniz (Filip. 4:6). Təbii ki, Yehova heç kəsə həyat yoldaşı tapacağına söz verməyib. Bununla belə, Yehova hisslərinizə, ehtiyaclarınıza qarşı laqeyd deyil və siz həyat yoldaşı axtararkən kömək edə bilər. Ona görə də nə istədiyinizi, hansı hisslər keçirdiyinizi Onunla bölüşməyə davam edin (Zəb. 62:8). Duada səbir və hikmət diləyin (Yaq. 1:5). Birləşmiş Ştatlarda yaşayan Con c adlı subay bir qardaş nə haqda dua etdiyi barədə belə deyir: «Yehovaya həyat yoldaşımda görmək istədiyim xüsusiyyətləri deyirəm. Ondan ailə qura biləcəyim insanla qarşılaşmağıma imkanlar yaratmasını xahiş edirəm. Həm də dua edirəm ki, Yehova mənə gələcəkdə yaxşı ər ola bilməyim üçün lazım olan xüsusiyyətlər yetişdirməyə kömək etsin». Şri-Lankada yaşayan Tanya adlı bacı deyir: «Yehovaya dua edirəm ki, özümə münasib həyat yoldaşı axtardığım müddətdə Ona sadiq qalmağa, pozitiv və xoşbəxt olmağa kömək etsin». Əgər hələ də yarınızı tapmamısınızsa, Yehova söz verir ki, bundan sonra da fiziki ehtiyaclarınızın qeydinə qalacaq və sizi ehtiyac duyduğunuz sevgi ilə, qayğı ilə əhatə edəcək (Zəb. 55:22).

5. Subay məsihilər Yehovanı sevən digər subay insanlarla nə vaxt qarşılaşa bilər? (1 Korinflilərə 15:58). (Həmçinin şəklə baxın.)

5 Müqəddəs Kitabda yazılıb: «Rəbbin işində çox çalışın». (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) Yehovaya xidmətdə fəal olduqca və müxtəlif bacı-qardaşlarla vaxt keçirdikcə həm ruhlandırıcı söhbətləriniz olacaq, həm də sizin kimi fikri Yehovaya xidmət etmək olan subay insanlarla tanış ola biləcəksiniz. Yehovanı razı salmaq üçün əlinizdən gələni edəndə əsl xoşbəxtliyi duyacaqsınız.

Yehovaya xidmətdə fəal olsanız və müxtəlif bacı-qardaşlarla vaxt keçirsəniz, ailə qurmaq istəyən kəslərlə tanış ola bilərsiniz (5-ci abzasa baxın)


6. Subay məsihilər həyat yoldaşı axtardıqları müddətdə nəyi unutmamalıdırlar?

6 Amma bu kiçik xəbərdarlığı nəzərə alın: çalışın bütün fikrinizi-zikrinizi həyat yoldaşı axtarışına cəmləməyəsiniz (Filip. 1:10). Əsl xoşbəxtlik ailə vəziyyətinizdən yox, Yehova ilə münasibətinizdən asılıdır (Mət. 5:3). Üstəlik, nə qədər ki subaysınız, xidmətinizi genişləndirmək üçün daha çox imkanınız var (1 Kor. 7:32, 33). Bu vaxtınızdan səmərəli istifadə edin. Birləşmiş Ştatlardan olan Cesika adlı bir bacı 40 yaşına yaxın ailə qurub. O deyir: «Təbliğdə çox iştirak edirdim, bu mənə kömək etdi ki, ailə qurmaq istəyimə baxmayaraq, həyatdan məmnun qalım».

YAXŞI-YAXŞI MÜŞAHİDƏ EDİN

7. Nəyə görə insan hisslərini açmazdan əvvəl qarşı tərəfi müşahidə etsə, ağıllı davranmış olar? (Məsəllər 13:16).

7 Ola bilsin, kiminsə sizin üçün yaxşı həyat yoldaşı olacağını düşünürsünüz. Ondan xoşunuz gəldiyini dərhal deməlisiniz? Müqəddəs Kitaba əsasən hikmətli insan kamalla, ağılla oturub-durur. (Məsəllər 13:16 ayəsini oxuyun.) Buna görə də insana hisslərinizi açmazdan əvvəl bir müddət ona göz qoymağınız ağıllı hərəkət olar. Niderlanddan olan Aşvin adlı qardaş deyir: «Hisslər tez yarandığı kimi tez də yoxa çıxa bilər. Buna görə də insanı bir müddət müşahidə etsəniz, onunla görüşüb-görüşməyəcəyinizə hisslərə əsasən qərar verməyəcəksiniz». Bundan əlavə, ola bilsin, görəcəksiniz ki, həmin insan sizə uyğun deyil.

8. Subay məsihi ailə qurmaq istədiyi kəsi necə müşahidə edə bilər? (Həmçinin şəklə baxın.)

8 Bəs insanı kənardan necə müşahidə edə bilərsiniz? Yığıncaqda, qonaqlıqlarda onun ruhaniliyinə, xasiyyətinə, davranışına fikir vermək olar. O kimlərlə dostluq edir, daha çox nə haqda danışır? (Luka 6:45). Məqsədləriniz üst-üstə düşür? Həmin məsihinin ağsaqqallarından, yaxud onu yaxşı tanıyan yetkin məsihilərdən onun barəsində soruşa bilərsiniz (Məs. 20:18). Onun hansı ad qazandığı və xasiyyətinin necə olduğu ilə maraqlanmaq olar (Rut 2:11). Bu insanı müşahidə etdiyiniz müddətdə çalışın o özünü sıxılmış, narahat hiss etməsin. Buna görə də onun hisslərinə hörmət edin. Hər addımını izləməyin, onun şəxsi həyatının olduğunu unutmayın.

İnsana hisslərinizi açmazdan əvvəl bir müddət onu müşahidə edin (7 və 8-ci abzaslara baxın)


9. Ailə qurmaq istədiyiniz insana yaxınlaşmazdan əvvəl sizdə hansı əminlik olmalıdır?

9 Bəs insanı neçə müddət müşahidə edəndən sonra ona hisslərinizi aça bilərsiniz? Əgər ona tez yaxınlaşsanız, elə başa düşüləcək ki, siz hisslərlə qərar verən insansınız (Məs. 29:20). Digər tərəfdən, xoşunuza gələn insan görsə ki, sizin ona qarşı hissləriniz var, amma xeyli vaxtdır bunu demirsiniz, onda kənardan qərarsız insan kimi görünə bilərsiniz (Vaiz 11:4). Unutmayın, insana yaxınlaşmaq üçün onunla ailə quracağınıza tam əmin olmaq mütləq deyil. Bununla belə, əmin olmalısınız ki, ailə həyatı qurmağa hazırsınız və göz qoyduğunuz insan sizin üçün yaxşı həyat yoldaşı ola bilər.

10. Kiminsə sizdən xoşu gəlirsə, amma hissləriniz qarşılıqlı deyilsə, nə etməlisiniz?

10 Əgər kiminsə sizi yaxından tanımaq istədiyini hiss etsəniz, nə etməlisiniz? Hissləriniz qarşılıqlı deyilsə, onda davranışınızla bunu aydın göstərin. Münasibət qurmaq fikriniz olmaya-olmaya, ona ümid vermək rəhmsiz hərəkət olardı (1 Kor. 10:24; Efes. 4:25).

11. Kiminsə görüşməyini və ya evlənməyini təşkil edən insan hansı amilləri yadda saxlamalıdır?

11 Bəzi ərazilərdə subaylar üçün həyat yoldaşını valideynləri və ya başqa böyüklər seçir. Başqa ərazilərdə isə ailə üzvləri, yaxud dostlar subay insan üçün münasib həyat yoldaşı tapıb onların görüşməyini təşkil edir. Beləcə, oğlanla qız bir-birlərini bəyənib-bəyənmədiklərinə qərar verir. Əgər sizdən də bu kimi şeyləri təşkil etməyi xahiş ediblərsə, hər iki tərəfin zövqünü, istəyini və tələbatını nəzərə alın. Dostunuz, yaxud qohumunuz üçün kimisə gözaltı edəndən sonra isə onun xasiyyəti, xüsusiyyətləri, əsas da ruhaniliyi barədə mümkün qədər çox şey öyrənin. Onun Yehova ilə yaxın münasibəti pulundan, təhsilindən və ya cəmiyyətdəki mövqeyindən daha vacibdir. Bununla belə, yadda saxlayın ki, evlənib-evlənməməklə bağlı son qərarı subay insanın özü verməlidir (Qal. 6:5).

GÖRÜŞMƏYƏ BAŞLAMAQ

12. Xoşunuz gələn insana onunla görüşmək istədiyinizi necə deyə bilərsiniz?

12 Əgər kiminləsə görüşməyə başlamaq istəyirsinizsə, həmin insana hisslərinizi necə aça bilərsiniz? d İctimai ərazidə, yaxud telefonla söhbət etmək üçün onunla görüş təşkil edə bilərsiniz. Ona qarşı hisslərinizin olduğunu və onu daha yaxından tanımaq istədiyinizi aydın şəkildə bildirin (1 Kor. 14:9). Ehtiyac yaranarsa, həmin insana cavab verməzdən əvvəl düşünməsi üçün vaxt verin (Məs. 15:28). Əgər onun kiminləsə görüşmək fikri yoxdursa, buna hörmətlə yanaşın.

13. Əgər kimsə sizə hisslərini açsa, nə edə bilərsiniz? (Koloslulara 4:6).

13 Bəs əgər kimsə sizə yaxınlaşıb hisslərini açsa, nə edə bilərsiniz? Yəqin, həmin insan sizə yaxınlaşmaq üçün bütün cəsarətini toplayıb. (Koloslulara 4:6 ayəsini oxuyun.) Odur ki, nəzakətli və hörmətcil olun. Əgər düşünmək üçün vaxta ehtiyacınız varsa, bunu ona bildirin. Amma çalışın mümkün qədər tez cavab verəsiniz (Məs. 13:12). Əgər həmin şəxslə görüşmək fikriniz yoxdursa, bunu ona nəzakətlə, eyni zamanda aydın şəkildə deyin. Görün Avstriyadan olan Hans qardaş ona yaxınlaşan bacıya necə cavab vermişdi: «Mən nəzakətlə, amma aydın şəkildə ona qərarımı bildirdim. Bunu dərhal etdim, çünki ona boş yerə ümid vermək istəmirdim. Bundan sonra onunla davranışıma, danışığıma diqqət yetirməyə başladım ki, fikrimi dəyişdiyimi sanmasın». Yox əgər həmin insanı daha yaxından tanımaq istəyirsinizsə, bunu ona deyin. Sonra isə tanışlıq dövrü ilə bağlı bəzi təfərrüatları müzakirə edin. Çünki bu dövrlə bağlı düşüncələriniz mədəniyyətinizdən və digər amillərdən dolayı qarşı tərəfinkindən fərqlənə bilər.

SUBAY MƏSİHİLƏRƏ DƏSTƏK OLUN

14. Subay məsihilərə sözlərimizlə necə dəstək ola bilərik?

14 Evlənmək istəyən subay məsihilərə hər birimiz necə dəstək ola bilərik? Bunun bir yolu sözlərimizə fikir verməkdir (Efes. 4:29). Növbəti suallar üzərində düşünə bilərik: «Evlənmək istəyən kəsləri zarafatla da olsa, ələ salıram? Subay bacı ilə qardaşın bir-biri ilə danışdığını görəndə aralarında romantik münasibətin olduğunu düşünürəm?» (1 Tim. 5:13). Bundan əlavə, subayların evli olmadıqlarına görə özlərini natamam hiss etmələrinə səbəb olmamalıyıq. Bayaq adı çəkilən Hans bölüşür: «Bəzi qardaşlar məndən soruşur: “Yaşın artıq keçir, nə vaxt tərpənirsən?” Bu cür sözlər subayların özlərini dəyərsiz hiss etmələrinə səbəb ola bilər. Həmçinin evlənməklə bağlı üzərlərində olan təzyiqi artıra bilər». Ona görə də yaxşı olardı ki, subay məsihiləri tərifləmək üçün imkanlar axtaraq (1 Salon. 5:11).

15. a) Romalılara 15:2 ayəsindəki prinsipə əsasən kiməsə həyat yoldaşı tapmağa kömək etməzdən əvvəl nəyi nəzərə almalısınız? (Həmçinin şəklə baxın.) b) Videodan hansı vacib fikirləri öyrəndiniz?

15 Bəs əgər hansısa qardaşı hansısa bacıya yaraşdırırıqsa, onda necə? Müqəddəs Kitab bizi başqalarının hisslərini nəzərə almağı öyrədir. (Romalılara 15:2 ayəsini oxuyun.) Subayların çoxu kiminsə onları hər hansı bir məsihi ilə evlənmək məqsədi ilə tanış etməsini istəmir. Biz onların fikrinə hörmət etməliyik (2 Salon. 3:11). Başqaları, ola bilsin, kimlərinsə onlara kömək etməsini istəyərdi, amma əgər sizdən bunu xahiş etməyiblərsə, qarışmamalısınız e (Məs. 3:27). Bəzi subaylar isə bu cür rəsmi üsulla tanış olmaq istəmirlər. Almaniyadan olan Lidiya adlı subay bacı deyir: «Həmin bacı ilə qardaşı hansısa məclisə dəvət edə bilərsiniz. Bununla sadəcə olaraq onların görüşməsi üçün şərait yaradırsınız, qalanını isə öz öhdələrinə buraxırsınız».

Qonaqlıqlar subay məsihilərə bir-birləri ilə tanış olması üçün yaxşı imkan yaradır (15-ci abzasa baxın)


16. Subay məsihilər nəyi yadda saxlamalıdır?

16 Subay və ya evli olmağımızdan asılı olmayaraq, hər birimiz həyatdan xoşbəxtlik, məmnunluq duya bilərik (Zəb. 128:1). Ona görə də əgər evlənmək istəyirsinizsə, amma hələ də münasib həyat yoldaşı tapmamısınızsa, diqqətinizi Yehovaya xidmətə cəmləməyə davam edin. Makaodan olan Sin Yi bacı deyir: «Cənnətdə həyat yoldaşınızla keçirəcəyiniz vaxtla müqayisədə subay kimi qaldığınız müddət çox qısadır. Ona görə də nə qədər ki subaysınız, bunun qədrini bilin». Bəs əgər ailə qura biləcəyiniz insana rast gəlmisinizsə və artıq görüşməyə də başlamısınızsa, onda necə? Növbəti məqalədə görəcəyik ki, oğlanla qız görüşən zaman necə düzgün qərarlar verə bilər.

NƏĞMƏ 137 Mömin qadınlar — məsihi bacılar

a jw.org saytında yerləşən «Görüşmək. I hissə: Görüşməyə hazıram?» adlı məqalə sizə evlənməyə hazır olub-olmadığınızı müəyyən etməyə kömək edəcək.

b BƏZİ İFADƏLƏRİN İZAHI. Bu və növbəti məqalədə «görüşmək» deyiləndə kişi ilə qadının bir-birlərini yaxından tanımağa çalışdıqları dövr nəzərdə tutulur. Onlar bu müddət ərzində gələcəkdə evlənə bilmək üçün bir-birlərinə uyğun gəlib-gəlmədiklərini yoxlayırlar. Bəzi ölkələrdə buna qızla oğlanın «tanışlıq dövrü» və ya «sevgili olduqları dövr» də deyirlər. Görüşmək dövrü kişi ilə qadının bir-birilərinə hisslərini etiraf etməsi ilə başlayır və evlənmək qərarına gələnə qədər, yaxud münasibətə son qoyana qədər davam edir.

c Bəzi adlar şərtidir.

d Bəzi mədəniyyətlərdə görüşməyə başlamaq üçün adətən oğlan qıza yaxınlaşır. Bununla belə, qızın da oğlana yaxınlaşmasında qəbahət bir şey yoxdur. Ətraflı məlumat almaq üçün «Gənclərin sualları. Ona hisslərimi necə dəyə bilərəm?» adlı məqaləyə baxın. Bu məqalə «Oyanın!» jurnalının 2004-cü il dekabr sayında (türk.) yerləşir.

e jw.org saytında yerləşən «İman uğrunda ciddi mübarizə aparanlar. Subay məsihilər» adlı videoya baxın.