Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Xarici gözəllik

Xarici gözəllik

Xarici gözəlliyə olan münasibətimiz bizim əhval-ruhiyyəmizə təsir edir.

Gözəllik bizim üçün nəyə görə önəmlidir?

Səbəbi indiyədək məlum olmasa da, insan beyni gözəlliyin nə demək olduğunu dərk edir. Allahın Kəlamında bunun necə baş verdiyi izah olunmur. Ancaq orada deyilir ki, bu qabiliyyəti bizə Allah verib (Yaradılış 1:27; Vaiz 3:11). O, bizi mükəmməl şəkildə yaradıb, bizə gözəl görünüş və qabiliyyətlər verib. Bunlardan heyrətə gələn bir insan belə sözlər demişdi: «Şükür Sənə [İlahi]! Nə heyrətli, nə ecazkar yaradılmışam» (Zəbur 139:14).

İndiki dövrdə xarici gözəlliyə tarazlı yanaşılmır. Gözəllik anlayışı dəb sənayesi və medianın təsiri altında formalaşır. Qərb ölkələrində aparılan bir sıra araşdırmalara əsasən, «insan üçün vacib olan onun zahirən gözəl olmasıdır, çünki o, məhz bu zaman özünü yaxşı hiss edir» («Body Image»). Bu cür düşüncə tərzi daha mühüm bir şeyin — daxili gözəlliyin kölgədə qalmasına səbəb olur (1 İşmuil 16:7).

Bir çox ölkələrdə xarici gözəlliyə və cazibədarlığa olan münasibət tarazlı deyil

İnsanların, xüsusilə də qadınların xarici gözəlliyə önəm vermələri ilə yanaşı getdikcə cazibədar görünməyə də meyli artıb. Amerika Psixologiya Assosiasiyasının (APA) 2007-ci il hesabatına əsasən, «demək olar ki, bütün media vasitələrində qadınların cazibədarlığı qabarıq şəkildə nümayiş olunur». Müqəddəs Kitab bizi bu düşüncə tərzinin təsiri altına düşməməyə təşviq edir və bu, əbəs yerə deyil (Koloslulara 3:5, 6).

«Qoy bəzəyiniz zahiri şeylər... yox, Allahın gözündə çox qiymətli olan sakit və həlim ruhun çürüməyən libasını geymiş daxili varlığınız olsun» (1 Butrus 3:3, 4).

Xarici gözəlliyə tarazlı yanaşmaq nəyə görə vacibdir?

Söhbət xarici gözəllikdən gedəndə bəziləri deyir: «Gözəlliyin varsa, niyə gizlədəsən?» APA-nın hesabatına əsasən, bu cür düşüncənin geniş yayıldığı ölkələrdə yeniyetmələr, hətta azyaşlı qızlar özlərinə «başqalarının arzularını təmin edəcək bir obyekt kimi baxırlar». Bu cür düşüncə çox təhlükəlidir. Hətta bu, sağlamlıqla bağlı böyük narahatçılıqlara səbəb olub. Belə ki, APA-nın verdiyi məlumata görə, qızların cazibədarlığa önəm verməsi «mənfi emosiyalara, məsələn,.. narahatçılığa, özünü bəyənməməyə, qida pozğunluğuna, özünə hörmətin azalmasına, depressiya və bədbinliyə gətirib çıxarır».

«Odur ki, zərərli şeyləri ürəyindən çıxart, şəri cismindən uzaqlaşdır. Cavanlıq da, ömrün bahar çağı da puçdur» (Vaiz 11:10).

Sağlamdüşüncəli olduğumuz nədən görünür?

Müqəddəs Kitabda ağıl kamal və ya sağlamdüşüncə abır-həya ilə, təvazökarlıqla əlaqəli işlənir (1 Timutiyə 2:9). Təvazökar insan öz xarici görünüşünə vurulub özündən razı olmur, o, özünə tarazlı yanaşır. Təvazökar insan başqalarının hisslərini nəzərə alır və beləcə, onların rəğbətini, hörmətini qazanır. Ən əsası isə, belə insan Allahı razı salır (Mikə 6:8). Bundan əlavə, bu cür insanların əsil dostları olur. Onlar təkcə fiziki yaxınlıq üçün yox, əbədi və xoşbəxt yaşamaq məqsədilə ailə qurmaq istəyən insanların diqqətini çəkir.

Müqəddəs Kitab bizi əsasən «daxili varlığı»mıza fikir verməyə çağırır (1 Butrus 3:3, 4). Daxili gözəlliyi zaman korlamır. Əslində, daxili gözəllik vaxt keçdikcə daha da gözəlləşə bilər. Müqəddəs Kitabda deyilir: «Salehlik yolunda ağaran saçlar gözəllik tacıdır» (Məsəllər 16:31). Deməli, istər cavan olsun, istər qoca, Müqəddəs Kitabın verdiyi məsləhətə əməl edən insanlar nəinki əbədi sürən gözəlliyin açarını tapacaqlar, həmçinin özlərinə hörmət hissi olacaq və məmnunluq duyacaqlar.

«Məlahət aldadıcıdır, gözəllik keçib gedəndir, Yehovadan qorxan qadına isə alqış oxunar» (Məsəllər 31:30).