Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | VƏRDİŞLƏRİNİZİN AĞASI OLUN

3 Təslim olmayın

3 Təslim olmayın

Deyilənə görə, hansısa yaxşı vərdişə tam nail olmaq üçün 21 gün tələb olunur. Əslində isə tədqiqatlar göstərir ki, hansısa dəyişiklik etmək üçün kiməsə az, kiməsə daha çox vaxt lazım gəlir. Bəs bu, sizi həvəsdən salmalıdır?

Məsələn, təsəvvür edin ki, siz həftədə 3 dəfə idmanla məşğul olmaq istəyirsiniz.

  • Birinci həftə məqsədinizə çatırsınız.

  • İkinci həftə bir gün az — 2 dəfə idman edirsiniz.

  • Üçüncü həftə 3 dəfə idman etmək yenidən alınır.

  • Dördüncü həftə güc-bəla ilə 1 dəfə edə bilirsiniz.

  • Beşinci həftə isə yenidən məqsədinizə nail olursunuz və həmin gündən etibarən bu, sizdə vərdiş halını alır.

Bir vərdişə yiyələnmək üçün sizə 5 həftə lazım oldu. Bəlkə də, bu vaxt sizə uzun gələ bilər, amma əsas odur ki, sonda siz istəyinizə nail olacaqsınız.

MÜQƏDDƏS KİTABDAN AYƏ: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar» (Məsəllər 24:16).

Allahın Kəlamı bizi təslim olmamağa təşviq edir. Əsas nə qədər yıxılmağımız yox, neçə dəfə ayağa qalxa bilməyimizdir.

Əsas nə qədər yıxılmağımız yox, neçə dəfə ayağa qalxa bilməyimizdir

TƏKLİF

  • Əgər məqsədinizə dərhal çata bilmirsinizsə, düşünməyin ki, bu, sizdə heç vaxt alınmayacaq. Unutmayın ki, belə vəziyyətlərdə uğursuzluqlar qaçılmazdır.

  • Fikrinizi əldə etdiyiniz müsbət nəticələrə cəmləyin. Misal üçün, uşaqlarınızla daha yaxşı rəftar etməyə çalışırsınızsa, özünüzə belə bir sual verin: «Axırıncı dəfə nə vaxt uşaqlarımın üstünə qışqırmaq istəyəndə özümü ələ aldım? Nə edə bilərəm ki, bu, məndə yenidən alınsın?» Bu cür suallar sizə kömək edəcək ki, fikrinizi mənfi yox, müsbət nəticələrə cəmləyəsiniz.

Bilmək istəyərdiniz, Müqəddəs Kitabdakı ayələr həyatınızın digər sahələrində, məsələn, narahatlığın öhdəsindən gəlməkdə, ailə səadətini tapmaqda, əsl xoşbəxtliyə yetişməkdə necə kömək edə bilər? Bunun üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya jw.org saytını ziyarət edin.