Kontentə keç

Mündəricatı göstər

Xilqət Xaliqdən xəbər verir

Xilqət Xaliqdən xəbər verir

«Allahımız Yehova, Sən şöhrətə... layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (VƏHY 4:11).

1. İmanımızın möhkəm olduğuna necə əmin ola bilərik?

ÇOXLARI deyir ki, yalnız gözlərilə gördükləri şeylərə inanırlar. Biz bu cür insanların Yehovaya iman gətirməsinə necə kömək edə bilərik? Axı Müqəddəs Kitabda deyilir ki, «bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir» (Yəh. 1:18). Bunu nəzərə alaraq, Yehovaya, «gözəgörünməz [Allaha]» imanımızın möhkəm olduğuna necə əmin ola bilərik? (Kolos. 1:15). İlk növbədə, Yehova Allah haqda həqiqətlərə kölgə salan təlimləri müəyyən etməliyik. Sonra isə «Allah haqqındakı biliyə qarşı çıxan» fikirləri aradan qaldırmaq üçün Müqəddəs Kitabdan məharətlə istifadə etməyi bacarmalıyıq (2 Kor. 10:4, 5).

2, 3. Hansı iki təlim Allah haqqında həqiqətə qarşı insanları kor edir?

2 Allah haqqında həqiqətləri dərk etmələrinə mane olan və insanların zehnini kor edən geniş yayılmış yalan təlimlərdən biri təkamül nəzəriyyəsidir. Bu insan fikri Müqəddəs Kitaba zidd gedir və insanların ümidlərini puç edir. Bu nəzəriyyə, əsas etibarilə, bütün canlıların öz-özünə meydana gəldiyini öyrədir; bundan elə çıxır ki, insan həyatının heç bir mənası yoxdur.

3 Digər tərəfdən, Xristian dünyasının fundamentalistləri öyrədirlər ki, Yer və orada olan bütün canlılar da daxil olmaqla, Kainatın cəmi bir neçə min il yaşı var. Bu təlimi öyrədənlər, yəni kreasionistlər, bəlkə də, Müqəddəs Kitaba hörmət edirlər, amma bununla belə iddia edirlər ki, Allah hər şeyi bir neçə min il bundan əvvəl hər biri 24 saatdan ibarət olan altı gün ərzində yaradıb. Onlar öz baxışlarına zidd gedən mötəbər elmi dəlilləri inkar edirlər. Nəticə etibarilə, kreasionizm təlimi Müqəddəs Kitabı cəfəngiyat və səhvlərlə dolu kitab kimi qələmə verərək, əslində, onu etibardan salır. Bu nöqteyi-nəzərə sahib olan insanlar bizə birinci əsrdə Allahın qeyrətini çəkən, «ancaq bunu dəqiq biliyə əsaslanaraq [etməyən]» kəsləri xatırladır (Rom. 10:2). Bəs biz təkamül nəzəriyyəsinin və kreasionizm təliminin «güclü istehkamları»nı darmadağın etmək üçün Allahın Kəlamından necə istifadə edə bilərik? * Biz Müqəddəs Kitab təlimlərini dəqiq başa düşmək üçün əlimizdən gələni etməklə buna nail ola bilərik.

İMAN FAKTLAR VƏ SAĞLAM DÜŞÜNCƏ ÜZƏRİNDƏ QURULUR

4. İmanımız nəyin üzərində qurulmalıdır?

4 Müqəddəs Kitab bizə biliyi qiymətləndirməyi öyrədir (Sül. məs. 10:14). Yehova istəyir ki, biz Ona imanımızı dini adət-ənənələrə və ya insan fəlsəfəsinə əsasən yox, dəlillərə və ya sağlam düşüncəyə əsasən quraq. (İbranilərə 11:1 ayəsini oxu.) Allaha imanımızı möhkəmləndirmək üçün biz, ilk növbədə, Onun varlığına əmin olmalıyıq. (İbranilərə 11:6 ayəsini oxu.) Biz bu qənaətə xülyalara qapılaraq deyil, faktları təhlil edərək və zehnimizi işlədərək gəlirik (Rom. 12:1).

5. Hansı səbəbə görə Allahın mövcudluğuna əmin ola bilərik?

5 Allahı görə bilmədiyimizə baxmayaraq, həvari Pavel Onun mövcudluğuna əmin ola biləcəyimizin bir səbəbini vurğulayır. O, Yehova haqqında yazır: «Onun gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir» (Rom. 1:20). Allahın mövcudluğuna şübhə edən insanlara Pavelin ilhamlanmış sözlərinin doğruluğunu görməyə necə kömək edə bilərik? Biz Yaradanımızın qüdrətindən və müdrikliyindən xəbər verən yaradılışla bağlı aşağıdakı faktlardan bəzilərini gətirə bilərik.

ALLAHIN GÜCÜ YARATDIĞI ŞEYLƏRDƏN BƏLLİDİR

6, 7. Bizi müdafiə edən iki zireh Yehovanın gücünü necə aşkar edir?

6 Bizi qoruyan iki zireh — yerin atmosfer qatı və maqnit sahəsi Yehovanın gücünü aşkar göstərir. Məsələn, atmosfer bizi yalnız nəfəs aldığımız hava ilə təmin etmir. O, bizi həmçinin kosmosdan gələn külli miqdarda irili-xırdalı cisimlərin toqquşmasından qoruyur. Böyük təhlükə yarada biləcək bu daş parçaları Yerin atmosferinə daxil olanda yanaraq yox olur, bu isə gecə səmada gözəl parlaq zolaq əmələ gətirir.

7 Yerin maqnit sahəsi də bizi təhlükələrdən qoruyur. Bu zireh yerin daxilindən qaynaqlanır. Ərimiş dəmirdən ibarət olan Yerin nüvəsinin səthi bizi əhatə edən və kosmosa kimi uzanan böyük maqnit sahəsinə malikdir. Bu sahə Günəşdən püskürən radioaktiv şüalardan və Günəşin səthində baş verən partlayışlardan bizi qoruyur. Yerin maqnit sahəsi bu enerji partlamalarının Yerdə olan bütün canlı aləmi külə çevirməsinə imkan vermir. Əksinə, bu maqnit sahəsi radiasiyanı ya udur, ya da onu geri kosmosa ötürür. Məsələn, Şimal və Cənub qütbü yaxınlığında səmada rəqs edən rəngarəng parlaq işıqlar bu maqnit sahəsinin planetimizi qoruduğuna bizi əmin edir. Bəli, Yehovanın «böyük qüdrətinə» heç bir şübhə yoxdur. (Yeşaya 40:26 ayəsini oxu.)

TƏBİƏT ALLAHIN MÜDRİKLİYİNDƏN XƏBƏR VERİR

8, 9. Yer üzündə həyatı təmin edən dövranlar Yehovanın müdrikliyini necə əks etdirir?

8 Yer üzündə həyatı təmin edən dövranlar Yehovanın müdrikliyini əks etdirir. Təsəvvür edək ki, siz əhalinin sıx məskunlaşdığı qala şəhərində yaşayırsınız və şəhərə heç yandan içməli su daxil olmur və tullantılar kənar edilmir. Əlbəttə, belə şəhər tezliklə zibilliyə çevriləcək və orada yaşamaq mümkün olmayacaq. Yer kürəsini, müəyyən mənada, belə sıx məskunlaşmış şəhərə bənzətmək olar. Onda içməli su ehtiyatı məhduddur və tullantılar da kosmosa atılmır. Ancaq bu «qala şəhəri» nəsildən-nəslə milyardlarla canlının yaşamasını təmin edir. Bu, onun möcüzəvi imkanı olan həyat üçün zəruri maddələrin daimi dövranı və ya mübadiləsi nəticəsində mümkündür.

9 Məsələn, götürək oksigen dövranını. Milyardlarla canlı oksigeni udur, karbon qazını buraxır. Bununla belə, oksigen ehtiyatı heç vaxt tükənmir və atmosferdə «tullantı» qazın, karbon-dioksidin həcmi həddini aşmır. Nə üçün? Bunun səbəbini fotosintez adlanan heyrətamiz proses izah edir. Bu proses vasitəsilə yaşıl bitkilər karbon qazını, suyu, günəş işığını və qidalı maddələri udur, bunun hesabına karbohidratlar və oksigen xaric edir. Biz oksigeni udanda bu dövran tamamlanır. Sözün əsil mənasında, Yehova bitkiləri «hamıya həyat, nəfəs» vermək üçün yaradıb (Həv. iş. 17:25). Bu, ali hikmətin necə də ecazkar təzahürüdür!

10, 11. Yehovanın ecazkar müdrikliyi monarx kəpənəyində və iynəcədə özünü necə büruzə verir?

10 Yehovanın ecazkar müdrikliyi möhtəşəm planetimizdə yaşayan saysız-hesabsız canlılarda da özünü büruzə verir. Hesablamalara əsasən, yer üzündə 2 milyondan 100 milyona qədər canlı növü mövcuddur. (Məzmur 104:24 ayəsini oxu.) Yaradılışda müdrik niyyətin olduğunu görmək üçün gəlin bir neçə nümunəyə diqqət yetirək.

İynəcənin gözlərinin quruluşu Allahın müdrikliyini əks etdirir; şəkildə böyüdülmüş planda göstərilib (11-ci abzasa bax)

11 Məsələn, monarx kəpənəyinin beyni diyircəkli qələmin ucu boyda olsa da, bu kəpənək günəşdən naviqator kimi istifadə edərək Kanadadan Meksikanın meşələrinə kimi təxminən 3000 kilometrlik yolu qət etmək qabiliyyətinə malikdir. Günəş səmada hərəkət etdikcə kəpənək necə istiqamət alır? Yehova onun balaca beynini elə yaradıb ki, o, günəşin istiqamətini tuta bilir. Yaxud iynəcənin gözünə nəzər salaq. Bu canlı iki faset (mürəkkəb) göz vasitəsilə görür. Hər göz təxminən 30 000 optik linzadan ibarətdir. İynəcənin zərrə boyda olan beyni bütün bu linzalardan ötürülən siqnalları müəyyənləşdirməyə və ətrafında baş verən ən cüzi tərpənişləri tutmağa qadirdir.

12, 13. Yehovanın bədənimizdəki hüceyrələri necə yaratması nə üçün heyrətamizdir?

12 Yehovanın bütün canlıları təşkil edən hüceyrələri necə yaratması daha çox heyrətamizdir. Məsələn, insan bədəni təxminən 100 trilyon hüceyrədən ibarətdir. Bu hüceyrələrin hər birində spiralvarı nərdivana bənzəyən quruluşa malik DNT (dezoksiribonuklein turşusu) var. İnsanın bütün bədəninin inkişafı üçün zəruri olan məlumatın əksəriyyəti orada toplanır.

13 DNT-də nə qədər məlumat yerləşir? Bir qram DNT-nin məlumat tutumunu kompakt disk (CD) ilə müqayisə edək. Maraqlıdır ki, adi nazik plastik materialdan olan CD-də bir lüğətin məlumatı yerləşir. Ancaq bir qram DNT-yə bir trilyon CD-yə yerləşən qədər məlumat yerləşdirmək olar! Başqa sözlə desək, bir çay qaşığı qurudulmuş DNT-yə hal-hazırda yer üzündə yaşayan bütün insanların sayından 350 dəfə artıq insan haqqında məlumat yerləşdirmək mümkündür.

14. Alimlərin kəşfləri sizin Yehovaya qarşı hisslərinizi necə artırır?

14 Davud padşah insan bədəninin inkişafı üçün lazım olan informasiyanı məcazi kitaba yazılmış məlumat kimi təsvir edir. Yehova Allaha duasında o demişdi: «Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl mənə təyin etdiyin hər bir günü kitabına yazmısan» (Məz. 139:16). Haqlı olaraq, Davud öz bədəninin necə yaradıldığına nəzər salanda ürəyindən Yehovaya həmd etmək keçirdi. Son illər ərzində alimlərin etdiyi kəşflər Yehovanın bizi necə yaratdığı üzərində düşünərkən duyduğumuz ehtiram hissini yalnız və yalnız artırır. Bu kəşflər bizə məzmurçunun Yehova haqqında yazdıqları ilə razılaşmağa daha çox əsas verir: «Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm» (Məz. 139:14). Axı insanlar xilqətin Xaliqdən xəbər verdiyini necə görməyə bilərlər?!

BAŞQALARINA YARADANA İZZƏT GƏTİRMƏYƏ KÖMƏK ET

15, 16. a) Nəşrlərimiz Yehovanın ecazkar Yaradan olmasına minnətdarlığımızı necə artırır? b) «Təkamül, yoxsa yaradılış möcüzəsi?» adlı rubrikadan hansı mövzu xüsusilə xoşunuza gəlir?

15 Onilliklərdir ki, «Oyanın!» jurnalı milyonlarla insana xilqəti xəlq edən Allahın olduğunu görməyə kömək edir. Məsələn, 2006-cı ilin sentyabr sayı (rus.) belə adlanırdı: «Yaradan varmı?». Bu jurnalda olan bütün məqalələr təkamül və kreasionizm təlimləri ilə zehinləri kor olmuş insanların gözlərini açmaq məqsədi daşıyırdı. Bir bacı bu xüsusi say haqqında Birləşmiş Ştatlardakı filiala yazmışdır: «Bu xüsusi sayın paylanması üzrə keçirilən kampaniya olduqca müvəffəqiyyətli keçdi. Bir qadın bu jurnaldan 20 nüsxə istəmişdi. Biologiya müəlliməsi olan bu qadın istəyirdi ki, bu jurnaldan şagirdlərinin hamısında olsun». Bir qardaş yazır: «Mən 1940-cı ildən təbliğçiyəm və 75-ə yaxın yaşım var. Amma xidmət mənə hələ heç vaxt bu qədər sevinc gətirməmişdi».

16 Son illər ərzində «Oyanın!» jurnalında «Təkamül, yoxsa yaradılış möcüzəsi?» adlı rubrika dərc edilir. Bu qısa məqalələr yaradılışda olan hər şeyin dahiyanə şəkildə layihələşdirildiyini vurğulayır və insanların Dahi Yaradanın işlərini təqlid etməyə çalışdıqlarını aşkar edir. Biz 2010-cu ildə Allahın izzətini bəyan etməyə kömək edən «Həyat necə yaranıb?» adlı yeni nəşr almışıq. Bu nəşrdə olan gözəl şəkillər və sxemlər Yehovanın ecazkar Yaradan olmasına minnətdarlığımızı artırır. Hər bölmənin sonundakı suallar oxucuya araşdırdığı məlumatın üzərində düşünməyə kömək edir. Bəs siz evdən-evə, ictimai yerlərdə və ya qeyri-rəsmi şahidlik edərkən bu broşüradan istifadə edirsiniz?

17, 18. a) Valideynlər, uşaqlarınıza imanlarını əminliklə müdafiə etmələrinə necə kömək edə bilərsiniz? b) Ailəvi ibadətdə yaradılışla bağlı olan broşüralardan necə istifadə etmisiniz?

17 Valideynlər, siz ailəvi ibadətdə öz uşaqlarınızla bu rəngarəng broşüranı heç araşdırmısınız? Əgər araşdırsanız, siz uşaqlarınızın var olan Allaha minnətdarlığını artıracaqsınız. Ola bilsin, məktəbdə oxuyan yeniyetmə övladlarınız var və onlara təkamül nəzəriyyəsi öyrədilir. Alimlər, məktəb müəllimləri, sənədli filmlər, hətta əyləncə verilişləri və kinolar təkamülün fakt olduğunu aşılayır. Siz 2010-cu ildə çıxan «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» adlı digər broşüranın (rus.) köməyilə uşağınıza bu təbliğatla mübarizə aparmağa kömək edə bilərsiniz. «Həyat necə yaranıb?» broşürası kimi, bu nəşr də gəncləri dərrakə ilə davranmağa səsləyir (Sül. məs. 2:10, 11). Bu, onlara məktəbdə keçdiklərinin nə dərəcədə məntiqli olduğunu görməyə kömək edir.

Valideynlər, övladlarınızı imanlarını müdafiə etməyə hazırlayın (17-ci abzasa bax)

18 «Həyatın əmələ gəlməsi» broşürası şagirdlərə alimlərin «tapılmayan halqaları» aşkar etdikləri ilə bağlı sensasiyalı xəbərlərə qiymət verməyə kömək etmək üçün nəzərdə tutulub. Bu broşüra onlara belə məlumatların əslində insanın ibtidai varlıqlardan yarandığını sübut edib-etmədiyini anlamağa kömək edəcək. Həmçinin oradakı məlumatlar şagirdlərə alimlərin laboratoriyalarda həyatın öz-özünə yarandığını sübut etdiklərini iddia edən kəslərə cavab verməyi öyrədir. Valideynlər, bu broşüralar vasitəsilə siz uşaqlarınıza Yaradana nə üçün inandıqlarının səbəbini soruşan hər kəsə əminliklə cavab verməyə kömək edəcəksiniz. (1 Peter 3:15 ayəsini oxu.)

19. Hər birimiz hansı şərəfə layiq görülmüşük?

19 Yehovanın təşkilatının dərin araşdırılaraq tərtib edilmiş nəşrləri bizə Allahın gözəl xüsusiyyətlərinin ətrafımızda olan hər şeydə aşkar olduğunu görməyə kömək edir. Bu sanballı dəlillər bizi Allahımıza həmd söyləməyə təşviq edir (Məz. 19:1, 2). Hər şeyi Yaradan Yehova Allaha layiq olduğu hörmət və ehtiramı göstərmək imkanına malik olmağımız əsil şərəfdir! (1 Tim. 1:17).

^ abz. 3 İnsanların nəyə görə kreasionizm təliminə inandıqlarının bəzi səbəblərini «Həyat necə yaranıb?» broşürasının 24—28-ci səhifələrindən oxuya bilərsiniz.