Kontentə keç

Mündəricatı göstər

Yehova Allahın qulları olun

Yehova Allahın qulları olun

«Siz... Allahın [qullarısınız]» (ROM. 6:22).

1. Bir çoxlarının köləliyə olan baxışları ilə «Allahın qulları» olmaq arasında hansı fərq var?

MƏSİHÇİNİN qul olması ilə bir çoxlarının köləliyə olan baxışları arasında böyük fərq var. Kölə və ya qul dedikdə onların ağlına kiminsə öz üzərlərində qəddarcasına ağalıq etməsi, onları sıxışdırması və ədalətsiz rəftar etməsi gəlir. Allahdan ilham almış Kəlamda isə sevən Ağasına könüllü olaraq xidmət edən quldan bəhs edilir. Həmçinin həvari Pavel məsihçilərin «Allahın qulları» olduqlarını deməklə onların Allaha məhəbbətdən irəli gələrək müqəddəs xidməti icra etdiklərini qeyd etmişdi (Rom. 6:22). «Allahın qulları» olmaq nə deməkdir? Biz Şeytanın və onun dünyasının qulu olmamaq üçün nə edə bilərik? Və Yehovaya qul kimi sədaqətlə xidmət etməklə hansı xeyir-duaları almaq olar?

«AĞAMI... SEVİRƏM»

2. a) İsrailli qulu azadlığa qovuşmaq imkanından imtina etməyə nə təşviq edə bilərdi? b) Qulun qulağının deşilməsinə razı olması nəyi göstərirdi?

2 Allahın israillilərə verdiyi Qanundan Yehovanın bizim necə qullar olmağımızı istədiyini öyrənirik. İbrani qul köləliyinin yeddinci ilində azadlığa qovuşmalı idi (Çıxış 21:2). Ancaq ağasını, həqiqətən də, sevən və onun qulluğunda durmaq istəyən qullar üçün Yehova gözəl imkan yaratmışdı. Ağası həmin qulu qapıya, yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşirdi (Çıx. 21:5, 6). Qulağın deşilməsi nə üçün vacib idi? İbrani dilində itaətkarlıq fikri, əsas etibarilə, eşitmək və qulaq asmaq sözləri ilə ifadə olunur. Bu o demək idi ki, qulağının deşilməsinə könüllü olaraq razı olan qul ağasına ömürlük qulluq etmək istəyirdi. Bu, bizə Yehovaya həsr olunmağımızın məhəbbətdən irəli gələrək könüllü itaətkarlıq göstərmək mənasını daşıdığını anlamağa kömək edir.

3. Allaha nə üçün həsr olunuruq?

3 Məsihçi kimi vəftiz olmaqla Yehovaya bir qul kimi xidmət etməyə hazır olduğumuzu göstərmiş oluruq. Yehovaya itaət etmək və Onun iradəsini yerinə yetirmək istəyindən irəli gələrək biz özümüzü Ona həsr edirik. Heç kim bizi buna məcbur etmir. Əslində, uşaqlar belə sadəcə valideynlərini razı salmaq istədikləri üçün yox, özlərini Yehovaya həsr etmək qərarına gəldikləri üçün vəftiz olunurlar. Məsihçinin həsr olunmasının əsasında onun səmavi Ağası Yehovaya məhəbbət durur. Belə ki, həvari Yəhya demişdi: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəh. 5:3).

HƏM AZADIQ, HƏM QUL

4. «Salehliyin qulu» olmaq üçün nə etmək gərəkdir?

4 Yehovaya necə də minnətdarıq ki, bizi Onun qulu olmaq şərəfinə layiq görüb! Məsihin fidyə qurbanlığına iman gətirmək bizə günahın köləliyindən azad olmaq imkanı yaradır. Hələ də qeyri-kamil olmağımıza baxmayaraq, biz Yehovanın və Məsihin hakimiyyətinə sevə-sevə tabe oluruq. Həvari Pavel bu fikri Allahdan ilham almış məktublarından birində aydın izah etmişdi: «Özünüzü günah üçün ölmüş sayın və Məsih İsa vasitəsilə Allah üçün yaşayın». Sonra isə xəbərdarlıq etmişdi: «Məgər bilmirsiniz ki, özünüzü kimə tabe edirsinizsə, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, deməli, onun qulusunuz: ya ölümə aparan günahın, ya da salehlik gətirən itaətkarlığın qulu olursunuz. Allaha şükürlər olsun ki, vaxtilə günahın qulu olan sizlər, aldığınız təlimə ürəkdən itaət etdiniz. Bəli, siz günahın əsarətindən qurtulub salehliyin qulu oldunuz» (Rom. 6:11, 16—18). Diqqət yetirin ki, həvari burada «ürəkdən itaət [etmək]» fikrinə toxunur. Həqiqətən də, biz özümüzü Yehovaya həsr etməklə «salehliyin qulu» oluruq.

5. Biz hamımız nə ilə mübarizə aparmalı oluruq və nəyə görə?

5 Allahın həsr olunmuş qulları kimi, biz iki cəbhədə döyüşməli oluruq. Birincisi, miras aldığımız və Pavelin də mübarizə apardığı qeyri-kamillikdir. O yazırdı: «Daxili varlığımla Allahın Qanunundan həzz alıram. Amma üzvlərimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni üzvlərimdə yaşayan günah qanununun əsiri edir» (Rom. 7:22, 23). Nəticədə, biz cismani meyillərimizlə daim mübarizə aparmalı oluruq. Həvari Peter bizi təşviq edir: «Azad adamlar kimi yaşayın, Allahın qulları olduğunuz üçün azadlığınızdan pis əməllər üçün pərdə kimi istifadə etməyin» (1 Pet. 2:16).

6, 7. Şeytan bu dünyanı necə cəlbedici edir?

6 Mübarizə aparmalı olduğumuz ikinci cəbhə cinlərin təsiri altında olan bu dünyadır. Dünyanın hökmdarı olan Şeytan bütün silahlarını bizim Yehovaya və İsaya olan sədaqətimizi sındırmağa yönəldib. O, bizi bu dünyaya cəlb etməklə özünə kölə etməyə çalışır. (Efeslilərə 6:11, 12 ayələrini oxu.) Şeytanın üsullarından biri əlində olan dünyanı cəlbedici göstərməkdir. «Dünyanı sevən adamın qəlbində Atamıza məhəbbət yoxdur, çünki dünyadakı hər şey — bədənin istəyi, gözlərin istəyi və insanın öz varı ilə lovğalanması Atadan deyil, dünyadandır», — deyə həvari Yəhya xəbərdarlıq edir (1 Yəh. 2:15, 16).

7 Maddi cəhətdən firavan yaşamaq istəyi bütün dünyanı bürüyüb. Şeytan insanları inandırmağa çalışır ki, xoşbəxtlik puldadır. Hər yan ticarət mərkəzləri ilə doludur. Reklamlar adamın diqqətini daim nəsə almağa və istirahətə cəlb edir. Turizm agentlikləri çox vaxt dünyəvi insanların əhatəsində ekzotik yerlərə səyahətlər təklif edirlər. Bəli, ətrafımızda olan hər şey bizi «ən yaxşını» əldə etməyə səsləyir, ancaq bütün bunlar dünyanın standartlarına uyğun olmalıdır.

8, 9. İnsan üçün hansı real təhlükə var və nəyə görə?

8 Birinci əsrdəki məsihçi yığıncağında dünyanın düşüncə tərzini mənimsəyən kəslərə müraciət edərək Peter xəbərdarlıq etmişdi: «Onlar gündüz vaxtı öz nəfslərini doyuzdurmaqdan həzz alırlar. Onlar sizi üzüqara edən ləkələrdir, çünki sizin ziyafətlərdə oturarkən sonsuz həzzlə öz yalan təlimlərini yayırlar. Onlar boş və lovğa sözlər danışırlar, yanlış həyat sürənlərin əlindən təzəlikcə qurtulanları bədən istəkləri və pozğun əməllərlə tələlərinə salırlar. Özləri çürüklüyün qulu ola-ola onlara azadlıq vəd edirlər. Axı məğlub olan qalibin qulu olur» (2 Pet. 2:13, 18, 19).

9 «Gözlərin istəyi»ni təmin etmək insana heç də sərbəstlik vermir. Əksinə, insan bu dünyanın gözəgörünməz ağası Şeytan İblisin quluna çevrilir (1 Yəh. 5:19). İnsan hər an maddi şeylərin quluna çevrilə bilər, ancaq ondan yaxa qurtarmaq müşkül məsələdir.

SEVİNC GƏTİRƏN İŞ

10, 11. Şeytan bu gün xüsusilə kimləri hədəfə alır və dünyəvi təhsil onlara hansı çətinliklər yaradır?

10 Eden bağında olduğu kimi, bu gün də Şeytanın hədəfi təcrübəsiz insanlardır. O, əsasən gənclərə hücum çəkir. Gənclərin, ümumiyyətlə, hər kəsin Yehovaya könüllü olaraq qulluq etməsini Şeytan həzm edə bilmir. Allahın düşməni istəyir ki, həyatlarını Yehovaya həsr edənlər öz sadiqliyini itirsin.

11 Qulağının deşilməsinə razılıq verən qulun nümunəsinə qayıdaq. O, müvəqqəti ağrı hiss etsə də, bu, tez keçib gedir, ancaq köləliyin əlaməti olan iz silinmir. Həmyaşıdlarından fərqlənmək də gənc üçün belə çətin ola, hətta ağrı verə bilər. Şeytan insanda elə hisslər yarada bilər ki, bu dünyada karyera qurmaq insanı xoşbəxt edir, lakin məsihçi yadda saxlamalıdır ki, ən vacibi öz ruhani tələbatlarını ödəməkdir. İsa Məsih də «ruhani nemətlərə susayanlar»ın xoşbəxt olduğunu öyrədirdi (Mat. 5:3). Məsihçilər Şeytanın yox, Allahın iradəsini yerinə yetirmək üçün yaşayırlar. Onlar Yehovanın qanunundan zövq alır və onun üzərində gecə-gündüz düşünürlər. (Məzmur 1:1—3 ayələrini oxu.) Ancaq bu gün çoxları ali təhsil ucbatından Yehovaya xidmətə və ruhani tələbatlarını ödəməyə yetərincə vaxt ayıra bilmirlər.

12. Bu gün bir çox gənclər hansı seçimi etməli olurlar?

12 Dünyəvi ağa məsihçi qulun gününü qara edə bilər. Korinflilərə yazdığı birinci məktubunda Pavel soruşur: «Çağrılanda qul idin?» Sonra məsləhət görür: «Fikir çəkmə. Əgər azad ola bilərsənsə, belə fürsəti əldən buraxma» (1 Kor. 7:21). Qul üçün köləlikdən azad olmaq daha yaxşı idi. Bu gün bir çox ölkələrdə müəyyən yaşa qədər məktəb oxumaq mütləqdir. Sonra şagirdlər təhsillərini davam etdirib-etdirməməklə bağlı seçim etməli olurlar. Bu dünyada karyera qurmaq üçün təhsilini davam etdirən məsihçinin Yehovaya tammüddətli xidmət etmək imkanı olmur. (1 Korinflilərə 7:23 ayəsini oxu.)

Siz hansı ağanın qulu olacaqsınız?

ALİ, YOXSA ƏN ALİ TƏHSİL?

13. Yehovanın xidmətçilərinə ən çox hansı təhsilin faydası var?

13 Pavel koloslu məsihçilərə xəbərdarlıq edərək demişdi: «Diqqətli olun ki, heç kəs sizi bu dünyanın prinsiplərinə, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə ovlamasın. Bunlar Məsihdən deyil» (Kolos. 2:8). İntellektual insanlar tərəfindən yayılan «insan ehkamlarına əsaslanan fəlsəfə,.. puç və yanlış fikirlər» bu gün dünyanın düşüncə tərzində özünü aydın büruzə verir. Ali təhsil almış məzunlara ancaq nəzəriyyə öyrədilir və onlar praktiki bacarıqlara yiyələnmədən hazırlıqsız real həyata atılırlar. Bundan fərqli olaraq, Yehovanın xidmətçiləri sadə həyat tərzi sürüb Allaha xidmət etmək üçün onlara lazımi qabiliyyətlərə yiyələnməyə kömək edəcək təhsili seçirlər. Onlar Pavelin Timoteyə verdiyi məsləhəti ürəkdən tətbiq edirlər: «Sözsüz, nəyi varsa, onunla qane olmağı bacaran insan üçün Allaha sədaqət, doğrudan da, böyük qazanc mənbəyidir. Buna görə də yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq» (1 Tim. 6:6, 8). Vəzifə və ad-san dalınca qaçmaq əvəzinə, məsihçilər xidmətdə əllərindən gələni etməklə «zəmanət məktubları»na layiq olmağa çalışırlar. (2 Korinflilərə 3:1—3 ayələrini oxu.)

14. Filipililərə 3:8 ayəsinə əsasən, Pavel Allaha və Məsihə xidmət etmək şərəfinə necə yanaşırdı?

14 Gəlin həvari Pavelin nümunəsinə nəzər salaq. O, yəhudi Qanununun müəllimi Qamalielin yanında təhsil almışdı. Pavelin aldığı təhsili bugünkü universitet təhsili ilə müqayisə etmək olar. Bəs Pavelin Allaha və Məsihə xidmət etmək şərəfi ilə müqayisədə bu təhsilə münasibəti necə idi? O yazır: «Mən... hər şeyi Ağam Məsih İsa haqqındakı misilsiz biliklə müqayisədə heç sayıram». Sonra əlavə edir: «Ağama görə bunların hamısından keçdim və hər şeyi zibil hesab edirəm» (Filip. 3:8). Pavelin bu cür münasibəti gənc məsihçilərə və Allah qorxusu olan valideynlərə təhsillə bağlı müdrik qərarlar verməyə kömək edir. (Şəkillərə bax.)

ƏN ALİ TƏHSİLDƏN YARARLAN

15, 16. Yehovanın təşkilatı hansı təhsili verir və nə üçün?

15 Bu gün ali təhsil ocaqlarının əksəriyyətində hansı atmosfer hökm sürür? Bu kimi yerlərin hərdən siyasi və ictimai iğtişaşların mərkəzinə çevrildiyinə heç fikir vermisiniz? (Efes. 2:2). Bundan fərqli olaraq, Yehovanın təşkilatı sülhün hökm sürdüyü məsihçi yığıncaqlarında ən ali təhsili verir. Hər birimizin hər həftə keçirilən Teokratik Xidmət Məktəbindən yararlanmaq imkanımız olur. Bundan əlavə, subay pioner qardaşlar (Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi) və pioner kimi xidmət edən ər-arvadlar üçün (Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi) xüsusi təlim kursları keçirilir. Bu cür teokratik təhsil bizə səmavi Yaradanımız Yehovaya tabe olmağa kömək edir.

16 Biz zəngin ruhani xəzinələri «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndən və ya CD-ROM-da olan «Gözətçi Qülləsinin kitabxanası»ndan tapa bilərik. Müqəddəs Kitabdan aldığımız bu biliklərin məqsədi Yehovaya ibadətdir. Onlar bizə başqalarının Allahla barışmasına necə kömək edə biləcəyimizi öyrədir (2 Kor. 5:20). Bunun sayəsində həmin insanlar da digərlərinin bilik almasına kömək edə biləcəklər (2 Tim. 2:2).

QULUN MÜKAFATI

17. Ən ali təhsil hansı xeyir-duaları gətirir?

17 İsanın talant haqqında məsəlindəki iki sadiq qul gördükləri işə görə tərif sözləri eşidir. Bu, həm onları, həm də ağalarını sevindirir. Qullarından razı qaldığını bildirmək üçün ağaları onlara daha çox iş həvalə edir. (Matta 25:21, 23 ayələrini oxu.) Bu gün də ən ali təhsili seçənlər sevinc və xeyir-dua alırlar. Gəlin Mayklın nümunəsinə baxaq. O, məktəbdə yaxşı oxuduğundan müəllimləri universitetə daxil olmaqla bağlı fikirləri müzakirə etmək üçün onunla görüş təyin etdilər. Onlar Mayklın pioner kimi özünü təmin etmək üçün qısamüddətli peşə məktəbinə girmək istədiyini eşidəndə təəccübləndilər. Bəs Maykl özü nəyisə əldən verdiyini düşünürdümü? O deyir: «Həm pioner kimi, həm də hal-hazırda yığıncaqda ağsaqqal kimi aldığım teokratik təlim mənim üçün çox qiymətlidir. Aldığım xeyir-dualar və məsuliyyətlər qazana biləcəyim pullardan qat-qat dəyərlidir. Nə yaxşı ki, mən ali təhsili seçməmişəm».

18. Ən ali təhsili seçməyə sizi nə təşviq edir?

18 Ən ali təhsil bizə Allahın iradəsini öyrədir və Yehovaya qulluq etməyə kömək edir. Bu, bizə «çürüklük əsarətindən qurtulub» «Allahın övladlarının şanlı azadlığına» qovuşmaq imkanı verir (Rom. 8:21). Hər şeydən əlavə, səmavi Ağamız Yehovaya sevgimizi ən yaxşı tərzdə necə göstərə biləcəyimizi öyrəndik (Çıx. 21:5).