Kontentə keç

Mündəricatı göstər

Yehovanın çobanlarına itaət edin

Yehovanın çobanlarına itaət edin

«Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun, axı onlar... gecə-gündüz sizin rifahınızı düşünürlər» (İBR. 13:17).

1, 2. Yehovanın Özünü çobanla müqayisə etməsi nə üçün əhəmiyyət kəsb edir?

YEHOVA Özünü çobanla müqayisə edir (Yez. 34:11—14). Bu, böyük əhəmiyyət kəsb edir, çünki bizə Yehovanın necə Allah olduğunu anlamağa kömək edir. Adətən, qayğıkeş çoban tam məsuliyyətlə çalışır ki, sürüsünün təhlükəsizliyini təmin etsin. O, öz sürüsünü otarır və sular kənarında gəzdirir (Məz. 23:1, 2); gecə-gündüz onların keşiyini çəkir (Luka 2:8); onları yırtıcı heyvanlardan qoruyur (1 Şam. 17:34, 35); quzularının qeydinə qalır (Yeşaya 40:11); itəni axtarır və yaralı olanın qayğısına qalır (Yez. 34:16).

2 Qədimdə Yehovanın xalqı, əsas etibarilə, çobanlıqla və əkin-biçinlə məşğul olduqlarından onlar Yehova Allahın Özünü nəyə görə qayğıkeş çobana bənzətdiyini dərhal başa düşürdülər. Onlar bilirdilər ki, qoyun-quzunun artıb çoxalması üçün sürüyə qayğı və diqqət göstərmək lazımdır. Ruhani mənada insanlarla da vəziyyət belədir (Mark 6:34). Yaxşı ruhani qayğı və rəhbərlik olmayanda xalq əziyyət çəkir. «Çobanı olmayan sürü» səpələndiyi kimi, onlar zərər çəkir və yolunu azır (1 Pad. 22:17). Lakin Yehova sevə-sevə Öz xalqının ehtiyaclarını ödəyir.

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Müasir dövrdə də Yehova, bir çoban kimi, Öz sürüsünün, yəni xalqının qayğısına qalır. Gəlin görək O, bu gün Öz sürüsünə necə rəhbərlik edir və qayğı göstərir. Biz həmçinin Yehovanın göstərdiyi məhəbbətə sürünün necə hay verməli olduğunu araşdıracağıq.

XEYİRXAH ÇOBAN ÇOBANLAR TƏYİN EDİR

4. İsa Yehovanın sürüsünün qeydinə necə qalır?

4 Yehova İsanı məsihçi yığıncağının Başı təyin edib (Efes. 1:22, 23). «Xeyirxah çoban» olan İsa Atasının maraqlarını, niyyətlərini və keyfiyyətlərini əks etdirir. İsa öz «qoyunları uğrunda canını belə [əsirgəmədi]» (Yəh. 10:11, 15). Məsihin fidyə qurbanlığı bütün bəşəriyyət üçün əsil xeyir-duadır (Mat. 20:28). Bu səbəbdən, Yehova istəyir ki, «ona [İsaya] iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın» (Yəh. 3:16).

5, 6. a) Sürüsünün qeydinə qalmaq üçün İsa kimləri təyin edib və bundan fayda əldə etmək üçün bizdən nə tələb olunur? b) Yığıncaq ağsaqqallarına itaət etmək üçün ən başlıca səbəb hansıdır?

5 Sürü Xeyirxah Çoban olan İsa Məsihə necə hay verir? İsa demişdi: «Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər» (Yəh. 10:27). Xeyirxah Çobanın səsinə qulaq asmaq hər şeydə onun göstərişlərinə əməl etmək deməkdir. Bu, özünə onun təyin etdiyi ruhani çobanlarla əməkdaşlıq etməyi daxil edir. İsa demişdi ki, həvariləri və şagirdləri onun başladığı işi davam etdirəcəklər. Onlar İsanın quzularını öyrətməli və bəsləməli idilər (Mat. 28:20; Yəhya 21:15—17 ayələrini oxu). İsa bilirdi ki, xoş xəbər yayıldıqca və şagirdlərin sayı artdıqca məsihçi yığıncaqlarında yetkin çobanlara ehtiyac yaranacaq (Efes. 4:11, 12).

6 Birinci əsrdə Efesdəki yığıncağın nəzarətçilərinə müraciət edərkən həvari Pavel vurğulamışdı ki, müqəddəs ruh onları «Allahın... yığıncağını [otarmaq]» üçün təyin edib (Həv. iş. 20:28). Bu, indiki məsihçi nəzarətçilərə də aiddir, çünki onlar da müqəddəs ruhun təsiri altında yazılmış Müqəddəs Yazıların tələblərinə əsasən təyin olunurlar. Deməli, məsihçi nəzarətçilərə itaət etməklə biz iki ən böyük Çobana, Yehovaya və İsaya hörmət etdiyimizi göstərmiş oluruq (Luka 10:16). Şübhəsiz, bu, bizi ağsaqqallara tabe olmağa təşviq edən ən başlıca səbəb olmalıdır. Amma belə davranmağa əsas verən digər səbəblərimiz də var.

7. Ağsaqqallar sizə Yehova ilə sıx münasibətləri qorumaqda necə kömək edirlər?

7 Ağsaqqallar həmimanlılarını ruhlandırarkən və məsləhət verərkən ya birbaşa Müqəddəs Kitaba, ya da oradakı prinsiplərə əsaslanırlar. Onların rəhbərlik verərkən məqsədləri bacı-qardaşlara necə yaşamalı olduqlarını diktə etmək deyil (2 Kor. 1:24). Əksinə, onların Müqəddəs Yazılara əsasən verdiyi rəhbərlik həmimanlılarına düzgün qərarlar verməyə, yığıncaqda sülhü və birliyi qorumağa kömək edir (1 Kor. 14:33, 40). Ağsaqqalların yığıncaq üzvlərinin hər birinin rifahını düşünməsi sürünün Yehova ilə sıx münasibətlərini qorumasına kömək etmək istədiklərini göstərir. Buna görə də onlar bacının və ya qardaşın «səhv bir iş» görmək üzrə olduğunu və ya artıq gördüyünü biləndə dərhal köməyə çatırlar (Qalat. 6:1, 2; Yəhuda 22). Məgər «rəhbərlik edənlərə itaət [etmək]» üçün bunlar əsaslı səbəblər deyilmi? (İbranilərə 13:17 ayəsini oxu.)

8. Ağsaqqallar Allahın sürüsünü necə müdafiə edirlər?

8 Ruhani çoban olan həvari Pavel Kolosdakı qardaşlara yazmışdı: «Diqqətli olun ki, heç kəs sizi bu dünyanın prinsiplərinə, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə ovlamasın. Bunlar Məsihdən deyil» (Kolos. 2:8). Bu xəbərdarlıq bizə ağsaqqalların Müqəddəs Yazılara əsaslanaraq verdiyi məsləhətlərə diqqət yetirməyin digər vacib səbəbini göstərir. Onlar bacı-qardaşları imanlarını sarsıdacaq kəslərdən qorumaqla sürünü müdafiə edirlər. Həvari Peter «zəifləri yoldan [çıxarmağa]» çalışan «saxta peyğəmbərlər»dən və «saxta müəllimlər»dən çəkinməyə çağırırdı (2 Pet. 2:1, 14). Bu gün də ağsaqqallar zərurət yaranan kimi bu cür xəbərdarlıqlar etməlidirlər. Bu yetkin məsihçi kişilərin həyat təcrübələri var. Bundan əlavə, onlar təyin olunmamışdan qabaq Müqəddəs Yazıları yaxşı başa düşdüklərini və sağlam təlim verməkdə səriştəli olduqlarını göstərirlər (1 Tim. 3:2; Tit. 1:9). Onlar yetkin, tarazlı olmaları və Müqəddəs Kitabın verdiyi hikmətə yiyələnmələri sayəsində sürünü məharətlə idarə edə bilirlər.

Çoban öz sürüsünü qoruduğu kimi, ağsaqqallar da onlara etibar olunan sürünü qoruyurlar (8-ci abzasa bax))

XEYİRXAH ÇOBAN SÜRÜSÜNÜ BƏSLƏYİR VƏ QORUYUR

9. Bu gün İsa məsihçi yığıncaqlarını hansı üsulla idarə edir və bəsləyir?

9 Yehova Öz təşkilatı vasitəsilə bütün dünyadakı bacı-qardaşlar üçün bol-bol ruhani qida təqdim edir. Ədəbiyyatlarımız vasitəsilə Müqəddəs Yazılara əsaslanan çoxlu məsləhətlər alırıq. Bundan əlavə, hərdən təşkilat birbaşa yığıncaq ağsaqqallarına ya məktublar, ya da səyyar nəzarətçilərin göstərişləri vasitəsilə rəhbərlik təqdim edir. Bu üsullarla sürüyə aydın rəhbərlik verilir.

10. Sürüdən uzaqlaşanlarla bağlı ruhani çobanların üzərinə hansı məsuliyyət düşür?

10 Nəzarətçilər yığıncaq üzvlərini, xüsusilə də özlərinə zərər vurmuş, yaxud ruhani cəhətdən xəstələnmiş kəsləri qorumaq, sağaltmaq və qayğılarına qalmaq məsuliyyəti daşıyırlar. (Yaqub 5:14, 15 ayələrini oxu.) Bu insanlardan bəziləri sürüdən uzaqlaşa və məsihçi fəaliyyətini dayandıra bilər. Bu zaman qayğıkeş ağsaqqal əlindən gələni edərək sürünün itmiş hər bir üzvünü tapıb onu yenidən ağıla, yəni yığıncağa qayıtmağa təşviq etməyəcək? Əlbəttə, edəcək! İsa izah edir: «Mənim səmavi Atam bu kiçiklərdən bircəsinin belə məhv olmasını istəmir» (Mat. 18:12—14).

AĞSAQQALLARIN SƏHVLƏRİNƏ NECƏ YANAŞMALIYIQ?

11. Nə üçün bəzilərinə ağsaqqalların rəhbərliyinə tabe olmaq çətin gələ bilər?

11 Yehova da, İsa da kamil Çobandır. Onların yığıncaqların qayğısına qalmaq üçün etibar etdikləri çobanlar isə belə deyil. Bu fakt kiminsə ağsaqqalın rəhbərliyinə tabe olmasını çətinləşdirə bilər. Bu cür insanlar düşünə bilərlər: «Onlar da, bizim kimi, qeyri-kamil insanlardır. Biz nə üçün onların məsləhətinə qulaq asmalıyıq?» Düzdür, ağsaqqallar qeyri-kamildirlər. Lakin onların səhvlərinə və zəifliklərinə düzgün yanaşmalıyıq.

12, 13. a) Yehovanın səlahiyyət verdiyi kəslər barədə nə deyə bilərik? b) Nə üçün səlahiyyətli şəxslərin səhvləri Müqəddəs Kitabda yazılıb?

12 Yehovanın keçmişdə Öz xalqını idarə etmək üçün istifadə etdiyi şəxslərin səhvləri Müqəddəs Yazılarda açıqca göstərilib. Məsələn, Davud İsrailin padşahı və rəhbəri kimi məsh edilmişdi. Amma o, hisslərini cilovlaya bilməyib zinakar və qatil oldu (2 Şam. 12:7—9). Həmçinin götürək həvari Peteri. Birinci əsrdə məsihçi yığıncağında ona böyük məsuliyyətlər etibar edilsə də, o, ciddi səhvlərə yol vermişdi (Mat. 16:18, 19; Yəh. 13:38; 18:27; Qalat. 2:11—14). İsanı çıxmaq şərti ilə, Adəm və Həvvadan sonra heç bir insan kamil olmayıb.

13 Bəs Yehova səlahiyyət verdiyi insanların səhvlərini Müqəddəs Kitabda nə üçün yazdırıb? Səbəblərdən biri odur ki, bununla Allah Öz xalqını idarə etmək üçün qeyri-kamil insanlardan istifadə edə biləcəyini göstərir. Əslində, Allah həmişə belə edib. Beləliklə, biz bu gün rəhbərlik etmək üçün təyin olunan kəslərin qeyri-kamilliyini onlara qarşı deyinmək və ya onların rəhbərliyini rədd etmək üçün əlimizdə bayraq kimi tutmamalıyıq. Yehova bizdən bu qardaşlara hörmət və itaət etməyi gözləyir. (Çıxış 16:2, 8 ayələrini oxu.)

14, 15. Yehova keçmişdə Öz xalqı ilə necə əlaqə yaradırdı və biz bundan nə öyrənirik?

14 Bu gün üzərimizdə rəhbərlik edən kəslərə itaət etmək vacibdir. Keçmişdə xalqı çətin vəziyyətlərlə üzləşərkən Yehovanın onlarla necə əlaqə yaratdığı üzərində düşünün. İsrail xalqı qədim Misirdən çıxanda Allah göstərişlərini Musa və Harun vasitəsilə vermişdi. Onuncu bəladan sağ çıxmaq üçün israillilər xüsusi yemək hazırlamaqla və kəsilmiş quzunun qanından götürüb evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtməklə bağlı göstərişlərə itaət etməli idilər. Bu göstərişi Allah onlara göylərdən səslənərək deməmişdi. Onlar bunu Musadan dəqiq göstərişlər almış İsrail ağsaqqallarından eşitmişdilər (Çıx. 12:1—7, 21—23, 29). Həmin şəraitdə Musa və ağsaqqallar Yehovanın Öz xalqı üçün verdiyi göstərişləri çatdıran elçilər kimi hərəkət edirdilər. Bu gün məsihçi ağsaqqallar da eyni işi görürlər.

15 Ola bilsin, siz Yehovanın xilasedici göstərişləri insan və mələk vasitəsilə verdiyinə dair çoxlu Müqəddəs Kitab hadisələrini xatırlayırsınız. Bu hadisələrin hər birində Allah kiməsə səlahiyyət verməyi münasib bilib. Belə ki, elçilər Onun adından danışaraq xalqa təhlükədən qaçmaq üçün nə etməli olduqlarını demişlər. Sizcə, Yehova Har-Magedonda buna bənzər bir şey edə bilməz? Təbii ki, bu gün Yehovanı və Onun təşkilatını təmsil etmək səlahiyyəti verilmiş hər bir ağsaqqal öz səlahiyyətindən sui-istifadə etməmək üçün olduqca ehtiyatlı olmalıdır.

BİR SÜRÜ, BİR ÇOBAN

16. Biz hansı səsə qulaq asmalıyıq?

16 Yehovanın xalqı bir çobanın, İsa Məsihin rəhbərliyi altında bir sürünü təşkil edir (Yəh. 10:16). İsa bildirdi ki, «dövrün yekununa kimi həmişə» şagirdləri ilə olacaq (Mat. 28:20). İndi o, səmavi Padşah kimi, Şeytan dünyası üzərinə gələcək hökmlə bağlı bütün işləri tam idarə edir. Allahın sürüsünün daxilində birliyi və təhlükəsizliyi qorumaq üçün gedəcəyimiz yolu bizə deyən səsə qulaq asmalıyıq. Bu səsə Allahın müqəddəs ruhunun Müqəddəs Kitab vasitəsilə çatdırdıqları, eləcə də Yehovanın və İsanın çobanlar vasitəsilə dedikləri aiddir. (Yeşaya 30:21; Vəhy 3:22 ayələrini oxu.)

Ağsaqqallar natamam ailələri pis dostluqdan qorumağa çalışırlar (17, 18-ci abzaslara bax)

17, 18. a) Sürü hansı təhlükə ilə üz-üzədir, amma biz nəyə əmin ola bilərik? b) Növbəti məqalədə nə müzakirə olunacaq?

17 Şeytan haqqında deyilir ki, o, «nərildəyən şir kimi gəzib udmağa adam» axtarır (1 Pet. 5:8). O, ac yırtıcı kimi, sürünü pusur, ehtiyatsız və yolunu azmış kəslərin üstünə şığımaq üçün fürsət axtarır. Buna görə də biz sürü ilə vəhdətdə olmalı və «[canımızı] qoruyan çobanın və nəzarətçinin» yanından ayrılmamalıyıq (1 Pet. 2:25). Böyük müsibətdən sağ çıxacaq insanlar haqda Vəhy 7:17 ayəsində deyilir: «Quzu [İsa] onları otaracaq və həyat suyu bulaqlarına aparacaq. Allah onların gözlərindən bütün yaşları siləcək». Heç bundan da gözəl vəd ola bilər?!

18 Ruhani çobanlar olan məsihçi ağsaqqalların vacib rolunu araşdırdıqdan sonra gəlin özümüzdən soruşaq: «Təyin olunmuş bu kişilər necə əmin ola bilərlər ki, onlar İsanın sürüsü ilə düzgün rəftar edirlər?» Cavab növbəti məqalədə araşdırılacaq.