Kontentə keç

Mündəricatı göstər

Yehova onları dağların kölgəsində hifz etdi

Yehova onları dağların kölgəsində hifz etdi

SÜBH TEZDƏN bir qadın qapısının ağzında bağlama görür. O, bağlamanı götürür və ətrafa boylanır. Küçədə heç kəs yoxdur. Görünür, onu gecə gələn naməlum müsafir qoyub. Qadın bağlamanın qırağından açıb gözucu baxır və dərhal evə girib qapını bağlayır. O, belə də etməlidir, çünki bağlamanın içindəki Müqəddəs Kitaba əsaslanan qadağan olunmuş ədəbiyyatdır! O, bağlamanı bağrına basır və ürəyində dua edərək Yehovaya bu dəyərli ruhani qidaya görə şükür edir.

Bu kimi səhnələri 1930-cu illərdə Almaniyada tez-tez görmək olardı. 1933-cü ildə nasistlər Almaniyada hakimiyyətə gəldikdən sonra Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyuldu. Yaşı 100-ü haqlayan Rixard Rudolf * deyir: «Biz əmin idik ki, insanların bu kimi qadağaları Yehovanın adının bəyan edilməsinə əngəl ola bilməz. Xidmətimizdə və ruhən inkişaf etməyimizdə Müqəddəs Kitaba əsaslanan nəşrlər müstəsna rol oynayırdı. Amma qadağa ucbatından onları tapmaq elə də asan deyildi. Fikirləşirdik: “Görəsən, bu iş necə həyata keçiriləcək?”» Çox keçmədi, Rixard bu suala cavab tapdı. Tezliklə o gördü ki, bacı-qardaşların ruhani qida ilə təmin edilməsində onun da köməyi dəyə bilər. Bu iş qeyri-adi tərzdə — dağların kölgəsində görüləcəkdi (Hak. 9:36).

QAÇAQMALÇI CIĞIRI İLƏ

Elba (Laba) çayının əks istiqamətində üzüyuxarı getsəniz, Krkonoşe dağlarına gəlib çıxacaqsınız. Bu dağlar Polşa ilə Çexiya Respublikasının indiki sərhədində yerləşir. Hündürlüyü təxminən 1600 metr olsa da, bu dağları Avropanın ortasındakı «arktik ada» adlandırırlar. İlin yarısı bu dağların başında üç metr hündürlüyündə qar olur. Havanın dəyişkənliyinə məhəl qoymayıb yola çıxanlar qəfil dağların zirvəsinə çökən qatı dumana düşə bilərlər.

 Əsrlər boyu bu sıra dağlar əyalətlər, krallıqlar, ölkələr arasında təbiətin çəkdiyi sərhəd olub. Bu təhlükəli ərazidə patrul keşiyi çəkmək çətin olduğundan keçmişdə bu dağlar qaçaqmalçıların tranzit yolu olub. 1930-cu illərdə, Krkonoşe dağları keçmiş Çexoslovakiya ilə Almaniya arasında sərhəd olanda yenilməz Şahidlər qaçaqmalçıların köhnə cığırlarından istifadə etməyə başladılar. Hansı iş üçün? Müqəddəs Kitaba əsaslanan dəyərli nəşrləri fəaliyyətimizin qadağan olunduğu əraziyə daşımaq üçün. Onlardan biri də gənc Rixard idi.

Bacı-qardaşlar səyyah kimi geyinərək Krkonoşe dağlarını aşıb Almaniyaya ədəbiyyat daşıyırdılar

TƏHLÜKƏLİ «GƏZİNTİLƏR»

Rixard nəql edir: «Həftəsonları biz, gənc qardaşlar, səyyah kimi geyinib təxminən 7 nəfərdən ibarət qruplara bölünərək dağlara yollanırdıq. Almaniya tərəfindən dağları aşıb Şpindleruv-Mlinə — Çexiya tərəfindən 17 kilometr məsafədə yerləşən kurort şəhərinə çatmaq üçün üç saat yol gedirdik. Həmin dövrdə bu ərazidə çoxlu almanlar yaşayırdı. Onlardan biri qardaşlara kömək etməyə razılıq verən fermer idi. Ədəbiyyat Praqadan dəmiryolu vasitəsilə yaxınlıqdakı şəhərə göndərilirdi. Fermer də turistləri gəzdirmək üçün nəzərdə tutulan at arabası ilə həmin şəhərə gedib ədəbiyyat qutularını götürürdü. Sonra fermasına qayıdıb qutuları samanlıqda gizlədirdi və onları Almaniyaya keçirəcək kuryerlərin gəlişini gözləyirdi».

Rixard sözünə davam edir: «Biz həmin fermaya gəlib çatanda ağır yük üçün nəzərdə tutulan bel çantalarımızı boşaldırdıq. Hərəmiz belimizdə 50 kiloqram yük aparırdıq». Ələ keçməmək üçün qardaşlar «gəzintiyə» günbatandan başlayır, gün çıxana qədər isə evdə olurdular. O vaxtlar Almaniyada rayon nəzarətçisi kimi xidmət edən Ernst Visner görülən bəzi təhlükəsizlik tədbirləri haqda danışmışdı: «Qabaqla iki qardaş gedirdi. Qarşılarına kimsə çıxanda fənərlə dərhal işarə verirdilər. Bu, onlardan 100 metr arxada gedən və ağır yükləri olan digər qardaşlara kolluqda gizlənmələri üçün bir işarə idi. Onlar orada iki qardaşın gəlib hər həftə dəyişən parolu deməsini gözləməli idilər». Lakin yeganə təhlükə mavi uniformalı alman polisi deyildi.

 Rixard xatırlayır: «Bir axşam işim gec qurtardı, buna görə də Çexiya tərəfinə qardaşlardan sonra yola çıxdım. Hava qaranlıq və dumanlı idi, tir-tir əsə-əsə buz kimi yağışın altında gedirdim. Birdən ayıldım ki, şam ağacları arasında yolumu azmışam və bir neçə saat ərzində yolu tapmağa çalışırdım. Belə vəziyyətdə ölən səyyahlar az olmayıb. Qardaşlara bir də onlar səhər geri qayıdanda rast gəldim».

Üç ilə yaxın bu cəsarətli qardaşlar hər həftə bu yolları gedib-gəlməkdən dağı yağır etmişdilər. Qışda onlar dəyərli yüklərini xizək və ya kirşə ilə daşıyırdılar. Vaxtaşırı olaraq 20-yə yaxın qardaş sərhədi günün günortaçağı keçirdi. Qardaşlar səyyahlar üçün nəzərdə tutulan marşrutdan istifadə edirdilər. Şübhə oyatmamaq üçün bir neçə bacı onlarla gedirdi. Bəziləri qabaqda gedir və təhlükə hiss edən kimi şlyapalarını havaya atırdılar.

Krkonoşe dağının başını alan qar örtüyü səyahət üçün təhlükə yaradırd

Bəs kuryerlər gecə səfərindən qayıdandan sonra nə edirdilər? Onlar vaxt itirmədən ədəbiyyatın bölünüb-paylanması ilə məşğul olurdular. Ədəbiyyatlar sabun formasında qablaşdırılıb Hirşberq dəmiryol vağzalına aparılırdı. Bağlamalar Almaniyanın müxtəlif yerlərinə göndərilirdi. Oradakı bacı-qardaşlar isə, məqalənin əvvəlindəki hadisədə olduğu kimi, ehtiyatla onları həmimanlılarına çatdırırdılar. Gizli çatdırılma işində sıx əməkdaşlıq olduğu üçün kiminsə ələ keçməsi pis qurtara bilərdi. Bir gün təhlükə gözlənilməyən yerdən gəldi.

1936-cı ildə Berlin yaxınlığındakı ədəbiyyat anbarı ələ keçdi. Əşyalar arasında Hirşberqdən naməlum şəxs tərəfindən göndərilən üç bağlama vardı. Polis bağlamanı göndərəni xəttindən taparaq bu dəstəsinin əsas üzvlərindən birini tutdu. Çox keçmədi ki, polis şübhəli bildiyi daha iki nəfəri — Rixard Rudolfu və başqa bir qardaşı həbs etdi. Qardaşlar bütün məsuliyyəti üzərlərinə götürdükləri üçün bir müddət digər qardaşlar təhlükəsi artan səyahətlərini davam edə bildilər.

BİZİM ÜÇÜN DƏRS

Krkonoşe dağlarından keçən marşrut Almaniyadakı Şahidlərin Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarla təmin edilməsində mühüm rol oynayırdı. Amma bu, yeganə marşrut deyildi. 1939-cu ildə Almaniya Çexoslovakiyanı işğal edənədək belə marşrutlar bu iki ölkə arasındakı sərhədin digər yerlərindən də keçirdi. Fransa, Niderland, İsveçrə kimi Almaniya ilə həmsərhəd olan ölkələrdəki Şahidlər də təqiblərə məruz qalan həmimanlılarını ruhani qida ilə təmin etmək üçün böyük riskə girirdilər.

Bu gün əksəriyyətimiz Müqəddəs Kitaba əsaslanmış nəşrləri istədiyimiz miqdarda və müxtəlif formatda əldə edirik. Ola bilsin, yeni nəşrlər sizə Padşahlıq zalında verilir, ya da onları İnternet saytımız olan jw.org-dan yükləyirsiniz. Heç bu nəşrlərin nəyin sayəsində belə asanlıqla sizə gəlib çatdığını fikirləşmisiniz? Bəlkə də, bu, gecəyarısı başıqarlı dağları aşmaq kimi macəralı deyil, amma bu, sizin üçün təmənnasız çalışan həmimanlılarınızın ağır zəhmət tələb edən əməyinin bəhrəsidir.

^ abz. 3 Rixard qardaş Sileziyadakı Hirşberq yığıncağında xidmət edirdi. Hirşberq şəhəri Polşanın cənub-qərbində yerləşən indiki Yelenya-Qura şəhəridir.