Kontentə keç

Mündəricatı göstər

Əbədiyyət Padşahı Yehovaya ibadət edin

Əbədiyyət Padşahı Yehovaya ibadət edin

«Qoy əbədiyyət Padşahı... sonsuzadək ehtiram və şöhrət sahibi olsun!» (1 TİM. 1:17).

1, 2. a) «Əbədiyyət padşahı» kimdir və bu titul nə üçün münasibdir? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Yehovanın idarəetmə tərzi nə üçün bizi Ona cəlb edir?

KRAL II SOBHUZA Svazilend diyarını təxminən 61 il idarə etmişdir. Müasir dövlət üçün bu, sanballı müddətdir. Kral Sobhuzanın hakimiyyətinin müddəti bizi heyran etsə də, elə bir padşah var ki, onun hakimiyyət müddəti qısa insan ömrü ilə ölçüyə gəlməz. Müqəddəs Kitab Onu «əbədiyyət Padşahı» adlandırır (1 Tim. 1:17). Məzmurçu bu Hökmdarın adını bəyan edərək deyir: «[Yehova] əbədi padşahdır!» (Məz. 10:16).

2 Allahın padşahlığının müddəti Onun hakimiyyətini insan hakimiyyətindən olduqca fərqləndirir. Lakin bizi Yehovaya cəlb edən Onun idarəetmə tərzidir. Qədim İsraili 40 il idarə etmiş bir padşah Yehovaya bu cür sözlərlə həmd etmişdi: «Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb taxtını göylərdə qurub, hər yerdə hökmranlıq edir» (Məz. 103:8, 19). Yehova yalnız Padşahımız yox, həm də sevən səmavi Atamızdır. Buradan iki sual meydana çıxır: Yehova bir Ata kimi necə davranır? Edendə üsyan qalxana kimi Yehova necə hökmranlıq edib? Bu sualların cavabları bizi Yehovaya yaxınlaşmağa və Ona ürəkdən ibadət etməyə təşviq edəcək.

ƏBƏDİYYƏT PADŞAHI VAHİD AİLƏ YARADIR

3. Yehovanın vahid ailəsinin ilk üzvü kim oldu və Allah daha kimləri yaratdı?

3 Çox ehtimal ki, Yehova yeganə Oğlunu yaradanda sevincinin həddi-hüdudu yox idi! Allah ilkin oğlu ilə aşağı təbəqəli təbəəsi kimi rəftar etmirdi. Əksinə, Yehova Öz Oğlunu sevirdi və onu digər kamil təbəələrini birgə yaratmağa dəvət etmişdi (Kolos. 1:15—17). Onların yaratdıqlarına sonsuz sayda mələklər daxildir. Müqəddəs Kitabda Yehovanın «iradəsini yerinə yetirən [xidmətçilər]» kimi təsvir olunan bu mələklər Allaha sevinclə xidmət edirlər və onlar Allah oğulları adlanmaq şərəfinə layiq görülüblər. Onlar Onun vahid ailəsinin üzvləridirlər (Məz. 103:20—22; Əyyub 38:7).

4. İnsanlar Allahın ailəsinin bir hissəsi necə oldu?

4 Sonra Yehova göyləri və yeri yaradaraq Öz ailəsini genişləndirdi. Yer üzünü gözəl və şəraitli evə çevirdikdən sonra Öz surətində ilk insan olan Adəmi — yer üzündə gördüyü işlərin şah əsərini yaratdı (Yar. 1:26—28). Yaradan kimi Yehovanın Adəmdən itaətkarlıq gözləməyə haqqı çatırdı. Bir Ata kimi Yehova bütün öyüd-nəsihətlərini məhəbbətlə və xeyirxahlıqla verirdi. Bütün bunlar insanın azadlığını əlindən almırdı. (Yaradılış 2:15—17 ayələrini oxu.)

5. Yehova yer üzünü Öz insan övladları ilə doldurmaq üçün hansı tədbiri gördü?

5 Bir çox insan rəhbərlərindən fərqli olaraq, Yehova Öz təbəələrinə ailəsinin üzvləri kimi etibar edir və məmnuniyyətlə məsuliyyətlər həvalə edir. Misal üçün, O, Adəmə digər canlı varlıqlar üzərində səlahiyyət vermiş, hətta heyvanlara ad qoymaq kimi sevinc gətirən və çətin bir iş tapşırmışdı (Yar. 1:26; 2:19, 20). Allah yer üzünü doldurmaq üçün milyonlarla kamil insan yaratmadı. Əksinə, O qərara gəldi ki, Adəmi tamamlayan kamil qadını, Həvvanı yaratsın (Yar. 2:21, 22). Sonra O, bu cütlüyə yer üzünü öz nəsilləri ilə doldurmaq imkanı verdi. Mükəmməl şəraitdə insanlar yavaş-yavaş bütün yer üzünü Cənnətə çevirə bilərdilər. Onlar göydəki mələklərlə vəhdət şəklində Yehovanın vahid ailəsinin üzvü kimi Ona əbədiyyən ibadət edə bilərdilər. Bu necə də böyük şərəfdir! Və bu, Yehovanın bir Ata kimi məhəbbətinin necə də parlaq təzahürüdür!

ÜSYANKAR OĞULLAR ALLAHIN HAKİMİYYƏTİNİ RƏDD EDİRLƏR

6. a) Allahın ailəsində üsyan necə baş qaldırdı? b) Nəyə görə üsyanın qaldırılması Yehovanın nəzarəti əldən verdiyini göstərmirdi?

6 Təəssüflər olsun ki, Adəm və Həvva Yehovanı Hökmdar kimi rədd etdilər. Bunun əvəzində onlar Allahın üsyankar oğlu Şeytanın ardınca getdilər (Yar. 3:1—6). Allahın hakimiyyəti olmadan yaşamaq onlara və nəsillərinə kədər, əzab-əziyyət və ölüm gətirdi (Yar. 3:16—19; Rom. 5:12). Allahın yer üzündə bir nəfər də olsun itaətkar bəndəsi qalmamışdı. Bu, hər şeyin Allahın nəzarətindən çıxdığını, Onun yeri və sakinlərini idarə etməkdən imtina etdiyinimi göstərirdi? Qətiyyən yox! O, Öz hakimiyyətini ilk kişi və qadını Eden bağından qovmaqla göstərdi və onlar geri qayıtmasınlar deyə bağın girişinə keruvlar qoydu (Yar. 3:23, 24). Eyni zamanda, O, ruhani və cismani oğullarından ibarət vahid ailəsi ilə bağlı niyyətini həyata keçirəcəyini vəd etməklə ata məhəbbəti göstərdi. O, Şeytanı məhv edəcək və Adəmin günahının nəticələrini aradan qaldıracaq «övlad» haqqında vəd verdi. (Yaradılış 3:15 ayəsini oxu.)

7, 8. a) Nuhun günlərində vəziyyət nə yerdə idi? b) Yehova yeri təmizləmək və bəşər ailəsini qorumaq üçün hansı tədbiri gördü?

7 Növbəti əsrlər ərzində bəzi insanlar Yehovaya sadiq qalmağı seçmişdilər. Onların arasında Habil və Xanok da vardı. Ancaq insanların əksəriyyəti Yehovanı bir Ata və Padşah kimi inkar etdilər. Nuhun günlərindən bəri «dünya zorakılıqla [doludur]» (Yar. 6:11). Bu, Yehovanın artıq yerdə baş verənlərə nəzarət etmədiyinimi göstərirdi? Müqəddəs Kitabda bu haqda nə deyilir?

8 Götürək Nuhun dövrünü. Yehova Nuha həm özünü, həm də ailə üzvlərini xilas edəcək böyük bir gəmi tikməsi üçün təfsilatlı göstərişlər verdi. Allah bəşər ailəsinə böyük məhəbbətini Nuha «salehlik təbliğçisi» olmağı tapşırmaqla da göstərdi (2 Pet. 2:5). Şübhəsiz, Nuhun çatdırdığı xəbərə tövbə etmək çağırışı və yaxınlaşan məhv haqqında xəbərdarlıq daxil idi, lakin insanlar bu xəbəri bir qulaqlarından alıb, o biri qulaqlarından verdilər. Onilliklər ərzində Nuh və ailəsi zorakı və pozğun insanların əhatəsində yaşamalı olmuşdu. Yehova qayğıkeş Ata kimi bu səkkiz sadiq bəndəsini qorudu və xeyir-dualandırdı. Yehova bütün dünyanı Daşqına qərq etməklə üsyankar insanların və pis mələklərin üzərində ixtiyar sahibi olduğunu təsdiq etdi. Bəli, hər şey tamamilə Yehovanın nəzarəti altında idi (Yar. 7:17—24).

Yehova həmişə hökmranlıq edib (6, 8, 10, 12, 17-ci abzaslara bax)

YEHOVANIN DAŞQINDAN SONRAKI HAKİMİYYƏTİ

9. Daşqından sonra Yehova bəşəriyyətə hansı imkanı açdı?

9 Nuhla ailəsi təmizlənmiş yerə qədəm qoyub təmiz hava udanda, çox ehtimal ki, ürəkləri göstərdiyi qayğıya və müdafiəyə görə Yehovaya minnətdarlıq hissi ilə dolub-daşdı. Nuh vaxt itirmədən qurbangah düzəltdi və Yehovaya ibadət etmək üçün qurbanlar təqdim etdi. Allah Nuhu və ailəsini xeyir-dualandırdı və onlara «törəyib çoxalın və yer üzünü bürüyün» tapşırığını verdi (Yar. 8:20—9:1). Yenə də bəşəriyyətin ibadətdə birləşmək və bütün yer üzünü bürümək imkanı yarandı.

10. a) Daşqından sonra Yehovaya qarşı harada və necə üsyan qaldırıldı? b) Yehova Öz iradəsinin yerinə yetməsi üçün hansı tədbiri gördü?

10 Lakin Daşqın qeyri-kamilliyi yumadı və bəşəriyyət hələ də Şeytanın və onun üsyankar mələklərinin gözəgörünməz təsiri altında idi. Çox keçmədi ki, Yehovanın xeyirxah rəhbərliyinə qarşı yenidən üsyan qalxdı. Məsələn, Nuhun nəticəsi Nəmrud Yehovanın rəhbərliyinə tamam fərqli şəkildə qarşı çıxdı. Müqəddəs Yazılarda Nəmrud Yehovaya qarşı çıxan «mahir bir ovçu» kimi təsvir olunur. O, Babil kimi böyük şəhərlər salmış və özünü «Şinar ölkəsində» padşah elan etmişdi (Yar. 10:8—12). Əbədiyyət Padşahı bu üsyankar padşaha, eləcə də onun Allahın «yer üzünü bürüyün» əmrinə qarşı çıxmaq cəhdlərinə necə münasibət göstərəcəkdi? Allah insanların dilini qarışdırdı və nəticədə, Nəmrudun yer üzünə yayılmamaq planı alt-üst oldu. Onlar yalan ibadətlərini və öz idarəetmə formalarını getdikləri hər yerə yaydılar (Yar. 11:1—9).

11. Yehova dostu İbrahimə necə sədaqət göstərdi?

11 Daşqından sonra əksər insanlar yalançı allahlara ibadət etsələr də, bəziləri sadiqliklərini qoruyaraq Allahı izzətləndirməyə davam edirdi. Onlardan biri itaətkarlıq göstərərək Ur şəhərindəki rahat həyatını atıb illər ərzində çadırlarda yaşamış İbrahim peyğəmbər idi (Yar. 11:31; İbr. 11:8, 9). Köçəri həyat sürən İbrahim çox vaxt əksəriyyəti istehkamlı şəhərlərdə yaşayan insan padşahları ilə əhatə olunmuşdu. Ancaq Yehova İbrahimi və onun ailəsini həmişə qoruyurdu. Yehovanın ata himayəsi barədə məzmurçu yazır: «Rəbb heç kimi onlara əzab verməyə qoymadı, onlara görə padşahları tənbeh etdi» (Məz. 105:13, 14). Yehova dostu İbrahimə sədaqətdən irəli gələrək ona vəd etdi: «Nəslindən padşahlar çıxacaq» (Yar. 17:6; Yaq. 2:23).

12. Yehova Misir üzərində ali hökmranlığını necə sübut etdi və bu, Onun seçilmiş xalqına necə təsir göstərdi?

12 Allah İbrahimin oğlu İshaqa və nəvəsi Yaquba onları xeyir-dualandıracağına, yəni onların nəslindən padşahlar çıxacağına dair vədini təkrarladı (Yar. 26:3—5; 35:11). Ancaq padşahlar peyda olmazdan əvvəl Yaqubun nəsli Misirdə köləyə çevrildi. Bu o demək idimi ki, Yehova Öz vədini yerinə yetirmədi, yaxud yer üzərindəki hökmranlığını əldən verdi? Bu heç də belə deyil! Yehova təyin etdiyi vaxtda möhtəşəm gücünü nümayiş etdirdi və təkəbbürlü fironun üzərində Öz ali hakimiyyətini sübuta yetirdi. Köləlikdə olan israillilər onları möcüzəli şəkildə Qırmızı dənizdən keçirən Yehovaya iman gətirdilər. Aydındır ki, Yehova hələ də Kainatın Hökmdarı olaraq qalırdı və qayğıkeş Ata kimi qüdrətli gücündən xalqının müdafiəsi üçün istifadə edirdi. (Çıxış 14:13, 14 ayələrini oxu.)

YEHOVA İSRAİLİN PADŞAHI OLUR

13, 14. a) İsraillilər oxuduqları nəğmədə Yehovanın hakimiyyəti ilə bağlı nəyi bəyan etdilər? b) Padşahlıqla bağlı Allah Davuda nə vəd etdi?

13 Misirdən möcüzəli şəkildə qurtulandan dərhal sonra israillilər Yehovaya həmd etmək üçün qələbə nəğməsi oxudular. Bu nəğmə «Çıxış» kitabının 15-ci fəslində qələmə alınıb və bu fəslin 18-ci ayəsində bəyan edilir: «Rəbb əbədi, daima padşahlıq edəcəkdir». Həqiqətən də, Yehova yeni xalqın üzərində Padşah oldu (Qanun. t. 33:5). Ancaq xalq Yehovanın onların gözəgörünməz Hökmdarı olması ilə qane olmadı. Misiri tərk etdikdən təxminən 400 il sonra onlar Allahdan xahiş etdilər ki, qonşu bütpərəst xalqlar kimi, onların da üzərinə insan padşahı təyin edilsin (1 Şam. 8:5). Buna rəğmən, Yehova hələ də Padşah olaraq qalırdı və bu, İsrailin ikinci padşahı Davudun padşahlıq etdiyi dövrdə özünü aydın göstərdi.

14 Davud müqəddəs əhd sandığını Yerusəlimə gətirdi. Bu sevindirici hadisə zamanı levililər 1 Salnamələr 16:31 ayəsində qeydə alınmış vacib məna daşıyan sözlərdən ibarət həmd nəğməsi oxudular. Orada yazılıb: «Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”». Bəli, Yehova hakimiyyətini həyata keçirəndə və ya müəyyən vaxt, yaxud xüsusi vəziyyətlər üçün Öz təmsilçisini təyin edəndə, demək olar ki, O, hökmranlıq edir. Yehovanın bu cür hökmranlığı hələ uzun illər davam edəcək. Davudun ölümündən əvvəl Yehova vəd etdi ki, onun padşahlığı əbədi sürəcək: «Yerinə sənin toxumundan — belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm» (2 Şam. 7:12, 13). Bu vəd Davudun övladı 1000 ildən bir qədər sonra peyda olanda tam yerinə yetəcəkdi. Bu övlad kim oldu və o, nə vaxt Padşah təyin edildi?

YEHOVA YENİ PADŞAH TƏYİN EDİR

15, 16. İsa gələcək Padşah kimi nə zaman məsh olundu və yer üzündə olanda öz hakimiyyəti ilə əlaqədar hansı tədbirləri gördü?

15 Eramızın 29-cu ilində Vəftizçi Yəhya: «Səmavi padşahlıq [yaxınlaşıb]», — deyə təbliğ etməyə başladı (Mat. 3:2). İsa Yəhya tərəfindən vəftiz olunanda Yehova İsanı vəd edilmiş Məsih və Allahın Padşahlığının gələcək Padşahı kimi məsh etdi. Yehova İsaya ata məhəbbətini belə sözlərlə ifadə etdi: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam» (Mat. 3:17).

16 İsa xidmət etdiyi illər ərzində öz Atasını şöhrətləndirirdi (Yəh. 17:4). O, bunu Allahın Padşahlığını təbliğ etməklə edirdi (Luka 4:43). O hətta davamçılarına Padşahlığın gəlməsi barədə dua etməyi öyrədirdi (Mat. 6:10). Təyin olunmuş Padşah kimi, İsa öz düşmənlərinə deyə bilmişdi: «Allahın padşahlığı aranızdadır» (Luka 17:21). Sonra, ölümündən əvvəlki axşam, İsa şagirdləri ilə «padşahlığa aid əhd» bağladı. Bununla o, sadiq şagirdlərindən bəzilərinə Allahın Padşahlığında onunla birlikdə padşahlıq etmək imkanı açdı. (Luka 22:28—30 ayələrini oxu.)

17. İsa birinci əsrdə necə idarə etməyə başladı, bəs nəyi gözləməli oldu?

17 İsa Allahın Padşahlığının Padşahı kimi nə zaman idarə etməyə başlayacaqdı? O, bunu dərhal edə bilməzdi. Çünki növbəti gün günortadan sonra İsa edam edildi və onun davamçılarının hərəsi bir tərəfə dağılışdı (Yəh. 16:32). Lakin həmişə olduğu kimi, hər şey Yehovanın nəzarəti altında idi. Ölümünün üçüncü günü Yehova Öz Oğlunu diriltdi və eramızın 33-cü ilinin Əllinci gün bayramında İsa məsh olunmuş qardaşlarından ibarət məsihçi yığıncağı üzərində ruhani padşahlıq təsis etdi (Kolos. 1:13). Bununla belə, İsa vəd olunmuş övlad kimi yer üzərində tam padşahlıq səlahiyyəti alacağını gözləməli idi. Yehova Oğluna demişdi: «Düşmənlərini ayağının altına qoyanadək sağımda otur» (Məz. 110:1).

ƏBƏDİYYƏT PADŞAHINA İBADƏT

18, 19. Biz nə etməyə təşviq olunuruq və növbəti məqalədə nələri araşdıracağıq?

18 Artıq min illərdir ki, Yehovanın hökmranlığı göydə və yerdə sual altına alınıb. Ancaq Yehova heç vaxt ali hökmranlığını dayandırmayıb, hər şey Onun nəzarəti altında olub. Sevən Ata olan Yehova Nuh, İbrahim və Davud kimi sadiq bəndələrini qoruyub və qayğısına qalıb. Bu, bizi Padşahımıza tabe olmağa və Ona yaxınlaşmağa təşviq etməli deyilmi?

19 Ancaq indi özümüzdən soruşa bilərik: «Yehova bizim günlərdə necə Padşahlıq edir? Biz Yehovanın Padşahlığının sadiq təbəələri və Onun vahid ailəsinin kamil oğulları necə ola bilərik? Allahın Padşahlığının gəlməsi barədə dua etməyimizin məğzi nədən ibarətdir?» Bu suallara növbəti məqalədə cavab veriləcək.