Kontentə keç

HİSSƏ 5

Sehrbazlıq, ovsun və cadu haqda həqiqət

Sehrbazlıq, ovsun və cadu haqda həqiqət

1. Sehrbazlıq, ovsun və caduya inam nə qədər geniş yayılıb?

«AFRİKADA cadugərlərin olub-olmadığını soruşmaq yersiz sualdır. Belə ki, hər təbəqədən olan insanlar cadunun olduğuna inanır, üstəlik, buna çox böyük önəm verir», — deyə bir kitabda yazılıb («African Traditional Religion»). Sehrbazlığa, ovsuna və caduya həm savadsız insanlar inanır, həm də ali təhsilli insanlar. İslam dininin və Xristian dininin də rəhbərləri onların sırasındadır.

2. İnanca görə, kimlər sirli qüvvələrdən istifadə edə bilir?

2 Afrikada belə hesab edirlər ki, sirli bir qüvvə mövcuddur. Onu Allah idarə edir. Ölmüş əcdadların ruhları da ondan istifadə edir. Hətta insanların də bəziləri üçün bu qüvvə əlçatandır. Ondan ya yaxşı məqsədlə (ağ magiya), ya da pis məqsədlə (qara magiya) istifadə edirlər.

3. Qara magiya nədir və inanca görə onun vasitəsilə nə etmək olar?

3 Qara magiya düşmənlərə ünvanlanır. İnanca görə, bu magiyadan istifadə edənlər yarasaları, quşları, milçəkləri və digər canlıları insanların üstünə göndərmək qüvvəsinə sahibdir. Üstəlik, guya bu magiya ilə insanları sonsuz etmək, xəstələndirmək, hətta öldürmək belə olar.

4. Cadugərlərlə bağlı hansı inanclar var və keçmiş cadugərlər nə deyirlər?

4 Cadugərlik də buna bənzər şeydir. Deyilənə görə, guya cadugərlər gecələr öz bədənlərini tərk edir, uçub ya başqa cadugərlərlə görüşür, ya da insanların həyatını məhv edir. Ancaq buna cadugərlikdən əl çəkmiş adamların sözlərindən başqa heç bir sübut yoxdur. Məsələn, Afrika jurnallarının birində keçmiş cadugərlərin (əksəriyyəti yeniyetmə qızlar idi) sözləri gətirilir: «Mən motosiklet qəzaları törədərək 150 nəfəri öldürmüşəm», «Mən beş uşağı qanını içib öldürmüşəm», «Məni atdığına görə üç sevgilimi öldürmüşəm».

5. Ağ magiya nədir və onunla məşğul olanlar nə edirlər?

5 Ağ magiya isə guya insanı pisliklərdən qoruyur. Ağ magiya ilə məşğul olanlar sehrli üzüklər və ya həmaillər taxırlar. Qoruyucu həblər qəbul edirlər, yaxud da bədənlərinə qoruyucu məlhəmlər sürtürlər. Evlərində, yaxud da yerdə guya qoruyucu qüvvəyə malik olan əşyalar gizlədirlər. İçində Qurandan, yaxud da Müqəddəs Kitabdan ayələr yazılmış həmaillərdən istifadə edirlər.

Yalanlar

6. Şeytan və cinlər keçmişdə nələr etmişlər, ancaq nəyi unutmamalıyıq?

6 Düzdür, Şeytan və cinlər insanların təhlükəli düşmənidir. Onlar insanların ağlına, həyatına təsir edə bilirlər. Əvvəllər hətta insanların və heyvanların daxilinə girib onlara əzab verirdilər (Mətta 12:43—45). Ancaq onlar müəyyən qüvvəyə sahib olsalar da, bu o demək deyil ki, istədiklərini edə bilərlər.

7. Şeytan bizi nəyə inandırmaq istəyir və buna hansı nümunəni çəkmək olar?

7 Şeytan yalançılıqda mahirdir. O, insanları aldadır, gücünün sonsuz olduğuna onları inandırır. Belə bir nümunəyə baxaq: Afrika ölkələrinin birində əsgərlər düşmənlərini qorxutmaq üçün döyüş vaxt səsgücləndiricilərdən istifadə etmişdilər. Onlar düşmənlərində elə təsəvvür yaratmaq istəyirdilər ki, guya üstlərinə ağır artilleriya, böyük ordu gəlir. Şeytan da istəyir ki, insanlar onun sonsuz qüvvəyə sahib olduğunu düşünsün. Onun məqsədi insanları qorxutmaq, onlara Yehovanın yox, öz istəyini elətdirməkdir. Gəlin görək Şeytan insanları hansı üç yalana inandırır.

8. Şeytanın yaydığı yalanlardan biri hansıdır?

8 Şeytanın yaydığı yalanlardan biri budur: heç bir bədbəxtlik təsadüfən baş vermir. Əgər bu kiminsə tərəfindən törədilməyibsə, deməli sehrli qüvvə ilə olub. Məsələn, tutaq ki, uşaq malyariyadan ölüb. Onun anası bilir ki, bu xəstəlik uşağa ağcaqanaddan keçib. Amma o həm də fikirləşir ki, kimsə cadu edib ağcaqanadı uşağı sancmağa göndərib.

Bəzən təsadüfən bədbəxt hadisə baş verir

9. Müqəddəs Kitaba əsasən, nəyə görə hər şeyin səbəbkarı Şeytan deyil?

9 Düzdür, Şeytan bəla törədə bilər. Amma bu o demək deyil ki, bütün bəlaların səbəbkarı odur. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Elə ola bilər ki, hamıdan bərk qaçan qaçışçı yarışda qalib gəlməsin. Təsadüfən baş verən hadisə ucbatından o, məğlub ola bilər. Məsələn, büdrəyib yıxıla bilər, xəstələnər, əzələsi dartılar. Bu şeylər hər adamın başına gələ bilər. Bu o demək deyil ki, bunu Şeytan edib, yaxud insana cadu olunub. Bu, sadəcə təsadüfdür.

10. Cadugərlər haqda nə deyirlər, bəs bunun yalan olduğunu haradan bilirik?

10 Şeytanın yaydığı ikinci yalan budur: cadugərlər gecələr bədənlərindən çıxıb ya başqa cadugərlərlə görüşür, ya da insanları öldürür. Düşünün: Cadugərin bədənindən çıxıb uçan nədir? Artıq əvvəlki dərslərdə öyrəndik ki, insanın cismindən heç nə ayrıla bilməz. Ruh həyat qüvvəsidir. Bu qüvvə insanın cismini canlandırır, amma bədəndən, insanın cismindən ayrı heç nə etməyə qadir deyil.

Cadugərlər bədənlərini tərk edə bilməzlər

11. Haradan bilirik ki, cadugərlər bədənlərini tərk edə bilməzlər və siz buna inanırsınız?

11 İnsanın cismini tərk edib, yaxşı, yaxud şər iş görən ruh yoxdur. Buna görə də cadugərlər bədənlərindən çıxa bilməzlər. Onlar danışdıqları şeyləri əslində etmirlər.

12. Şeytan insanları nələrisə etdiklərinə necə inandırır?

12 Bəs əvvəllər cadugərliklə məşğul olmuş adamların sözlərini necə başa düşək? Şeytan insanları inandırır ki, hansısa hadisələr onların başına gəlir, əslində isə belə şey baş vermir. Şeytan görüntülər vasitəsilə insanlarda elə təsəvvür yaradır ki, guya onlar nəyisə görürlər, eşidirlər, yaxud da edirlər. Bütün bunlarla Şeytan insanları Yehovadan uzaqlaşdırmaq, Müqəddəs Kitabın səhv olduğuna inandırmaq istəyir.

13. a) Ağ magiya yaxşı magiyadır? b) Müqəddəs Kitabda cindarlıqla bağlı nə deyilir?

13 Üçüncü yalan budur: ağ magiya yaxşı magiyadır, qara magiyanın qarşını alır. Müqəddəs Kitabda deyilmir ki, yaxşı və pis magiya var. Orada cindarlığın bütün növləri mühakimə olunur. Görün Yehova israillilərə cindarlıqla bağlı hansı qanunları vermişdi:

  • «Fala baxmayın, sehrbazlıq etməyin» (Lavililər 19:26).

  • «Cindarlıq, yaxud baxıcılıq edən kişi və ya qadın hökmən öldürülməlidir. Onları daşqalaq etmək lazımdır. Qanları da öz boyunlarına olacaq» (Lavililər 20:27).

  • «Aranızda... sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır» (Qanunun təkrarı 18:10—14).

14. Nəyə görə Yehova cindarlığı qadağan etmişdi?

14 Bu qanunlardan görünür ki, Allah xalqının cindarlıqla məşğul olmasını istəmir. Yehova xalqını sevdiyi üçün onlara bu qanunları vermişdi. O istəmirdi ki, onlar qorxunun, mövhumatın əsarətində yaşasınlar, cinlərin zülmünə məruz qalsınlar.

15. Müqəddəs Kitab Yehovanın Şeytandan güclü olduğunu necə göstərir?

15 Müqəddəs Kitabda cinlərlə bağlı çox şey yazılmayıb, onlar nəyi edə bilərlər, nəyi edə bilməzlər. Orada yazılıb ki, Yehova Allah Şeytandan və cinlərdən qüdrətlidir. Yehova Şeytanı göydən qovub (Vəhy 12:9). Diqqət yetirin ki, Şeytan Əyyubu sınağa çəkmək üçün Allahdan icazə istəmişdi. Üstəlik, Allah ona Əyyubu öldürməməyi tapşıranda bu əmrə tabe olmuşdu (Əyyub 2:4—6).

16. Biz kimə sığınmalıyıq?

16 Məsəllər 18:10 ayəsində deyilir: «Yehovanın adı möhkəm qaladır. Saleh ora qaçıb qorunar». Deməli, biz Yehovaya sığınmalıyıq. Allahın xidmətçiləri Şeytanın və cinlərin şər əməllərindən qorunmaq üçün ovsunlar, həblər qəbul etmirlər, cadudan da qorxmurlar. Onlar Müqəddəs Kitabdakı bu vədə ürəkdən inanırlar: «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Salnamələr 16:9).

17. Yaqub 4:7 ayəsi bizi nəyə əmin edir, ancaq bizdən nə tələb olunur?

17 Əgər Yehovaya ibadət edirsinizsə, siz də buna əmin ola bilərsiniz. Yaqub 4:7 ayəsində yazılıb: «Allaha tabe olun, İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7). Əgər siz Allaha-Taalaya xidmət edirsinizsə, Ona tabe olursunuzsa, əmin olun ki, O sizi qoruyacaq.