İsa Məsih Allahdır?
BİR çoxları Üç üqnum təlimini «Xristian dininin başlıca ehkamı» hesab edir. Bu təlimə əsasən, Ata da, Oğul da, müqəddəs ruh da Allahdır, amma bunlar üç yox, bir Allahdır, yəni Allah üç şəxsiyyətdən ibarətdir. Kardinal Con O’Konor Üç üqnum təlimi barədə demişdi: «Biz bilirik ki, bu, olduqca böyük bir sirdir və bu sirrin açıqlanmasına bir az da olsun yaxınlaşmamışıq». Nə üçün bu təlimi başa düşmək bu qədər çətindir?
Bir kitabda bunun səbəbi belə izah edilir: «Bu təlim Müqəddəs Kitab təlimi deyil, yəni Müqəddəs Kitabda bu təlimin adı belə çəkilmir» («The Illustrated Bible Dictionary»). Üç üqnum təlimi «Müqəddəs Kitab təlimi olmadığından» bu təlimin tərəfdarları dönə-dönə çalışırlar ki, Müqəddəs Kitabdan fikirlərini təsdiqləyən ayələr tapsınlar və bu təlimi əsaslandırmaq üçün tapdıqları ayələrin mənasını belə, təhrif edirlər.
Doğrudanmı Üç üqnum təlimini təsdiq edir?
Düzgün başa düşülməyib səhv izah edilən ayələrdən biri Yəhya 1:1 ayəsidir. Bu ayə «Kral Yakov tərcüməsi»ndə belə səslənir: «Başlanğıcda Kəlam var idi. Kəlam Allahla [yun. “ton teon”] birlikdə idi. Kəlam Allah [“teos”] idi». Bu ayədə yunanca «teos», yəni «allah» mənasını verən isim iki formada işlənib. Bu söz ayədə birinci dəfə çəkiləndə qarşısında «ton», yəni yunan dilində müəyyənlik bildirən artikl durur və burada «teon» sözü Yaradan Allaha aid işlənir. İkinci dəfə işlənəndə isə yunan sözü «teos»un qarşısında müəyyənlik artikli yoxdur. Bəlkə artikli qoymaq yaddan çıxıb?
Nəyə görə Üç üqnum ehkamını başa düşmək çətindir?
Yəhya öz kitabını yunan dilinin o vaxt üçün ümumişlək olan koyne formasında yazmışdır. Bu dildə müəyyənlik bildirən artiklla bağlı konkret qaydalar vardı. Müqəddəs Kitab alimi A. T. Robertsona əsasən, əgər cümlədə mübtədadan da, xəbərdən də əvvəl artikl varsa, onda cümlənin hər iki üzvü «müəyyəndir, tamhüquqludur, bir-birinin eynidir, bir-birini əvəz edə bilər». Robertson nümunə üçün Mətta 13:38 ayəsini gətirir: «Tarla [yunanca, “ho agros”] dünyadır [yunanca, “ho kosmos”]». «Tarla» və «dünya» sözlərinin qarşısında «ho» artikli durur. Dilin qrammatik qaydalarına görə aydın olur ki, dünya da, tarla da mənaca eynidir.
Bəs əgər Yəhya 1:1 ayəsində olduğu kimi, mübtədanın qarşısında müəyyənlik bildirən artikl varsa, amma xəbərdən əvvəl yoxdursa, onda necə? Alim Ceyms Alen Hyuet bu ayə haqda deyir: «Bu cür cümlə quruluşunda mübtəda ilə xəbər eyni şeyə aid deyillər, onları ümumiyyətlə heç cür bərabərləşdirmək olmaz».
Nümunə kimi Hyuet 1 Yəhya 1:5 ayəsini gətirir: «Allah nurdur». Yunanca burada «Allah» sözü «ho teos» kimi yazılıb. Burada «ho» müəyyənlik artiklidir. Ancaq «nur», yəni yunanca «fos» sözünün qarşısında artikl işlənməyib. Hyuet fikrinə davam edir: «Allah haqda demək olar ki, O, nura bənzəyir; ancaq nur Allah ola bilməz». Buna bənzər nümunələri növbəti ayələrdən tapmaq olar: Yəhya 4:24: «Allah ruhdur»; 1 Yəhya 4:16: «Allah məhəbbətdir». Hər iki nümunədə mübtədanın, yəni «Allah» sözünün qarşısında müəyyənlik bildirən artikl durur, xəbərin qarşısında isə, yəni «ruh» və «məhəbbət» sözlərinin qarşısında artikl yoxdur. Deməli, bu cümlədə mübtəda ilə xəbərin yerini heç cür dəyişmək olmaz. Bu ayələr «ruh Allahdır» və ya «məhəbbət Allahdır» mənasını vermir.
«Söz» kimdir?
Bir çox yunan dili alimləri və Müqəddəs Kitab tərcüməçiləri o fikirdədirlər ki, Yəhya 1:1 ayəsi bizə «Sözün» kimliyini yox, necəliyini açıqlayır. Müqəddəs Kitab tərcüməçisi Vilyam Barkli belə deyir: «Həvari Yəhya “teos” sözünün qarşısında müəyyənlik artikl işlətmədiyi üçün bu söz burada təsviridir... Yəhya burada Kəlamı Allaha bərabərləşdirmir. Sadə dillə desək, o, İsanın Allah olduğunu demir». Alim Jeyson Deyvid Bedun da oxşar fikir söyləyir: «Yunanca Yəhya 1:1c ayəsinə bənzər cümlədə “teos” sözünün qarşısına artikl qoymayanda oxucular başa düşəcəklər ki, söhbət hansısa ilahi varlıqdan gedir... Qarşısında müəyyənlik artikli olmayan “teos” sözü qarşısında “ho” müəyyənlik artikli olan “teos” sözündən fərqlənir, necə ki, “ilahi varlıq” sözü “Allah” sözündən mənaca fərqlənir». Bedun əlavə edir: «Yəhya 1:1 ayəsində “Söz” yeganə, tək olan Allahı bildirmir, bu ayədə onun ilahi varlıq olduğu açıqlanır». Yaxud da «Amerikan standart tərcümə»sinin hazırlanmasında iştirak edən alim Cozef Henri Teyerin sözlərilə desək, «Loqos [yəni Söz] İlahinin Özü deyil, ilahi təbiətə malik bir varlıqdır».
İsanın sözlərindən görünür ki, Atası və o, ayrı-ayrı varlıqlardır
Allahın kimliyi «böyük bir sirr» olmalıdırmı? İsa bu cür düşünmürdü. Allaha duasında İsa özünün və Allahın fərqli şəxslər olduğunu aydın şəkildə göstərmişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). İsaya inanırıqsa və Müqəddəs Kitabdakı bu sadə, aydın təlimi başa düşürüksə, onda İsaya Allahın Oğlu kimi ehtiram bəsləyəcək, Yehova Allaha da «tək gerçək Allah» kimi ibadət edəcəyik.