Kontentə keç

Nəyə görə İsa Məsihin adı ilə dua etməliyik?

Nəyə görə İsa Məsihin adı ilə dua etməliyik?

İSA tez-tez şagirdlərinə dua etməyi öyrədirdi. Onun dövründə yəhudi din rəhbərləri «baş küçələrin tinində durub» dua edirdilər. Nə üçün? «Özlərini insanlara göstərmək üçün». Onlar öz möminliyi ilə insanları valeh etmək istəyirdilər. Bu dini rəhbərlər uzun-uzadı dualar edir, eyni sözləri təkrar deyirdilər və düşünürdülər ki, «çox söz deməklə duaları eşidiləcək» (Mətta 6:5—8). İsa bu cür duaların boş olduğunu göstərdi və belə dua etməyin düzgün olmadığını başa saldı. Ancaq İsa təkcə bununla kifayətlənmədi.

İsa öyrədirdi ki, biz dualarımızda Allahın adının müqəddəs tutulmasını, Padşahlığının gəlməsini və iradəsinin yerinə yetməsini diləməliyik. O həm də öyrədirdi ki, şəxsi məsələlərimizdə də Allahdan kömək istəmək olar (Mətta 6:9—13; Luka 11:2—4). Müxtəlif məsəllər çəkərək vurğulamışdı ki, duanın eşidilməsi üçün insan imanla, təvazökarlıqla və təkidlə dua etməlidir (Luka 11:5—13; 18:1—14). O özü də bizə gözəl nümunə qoymuşdu (Mətta 14:23; Mark 1:35).

Şübhəsiz, İsanın təlimləri sayəsində davamçılarının duaları daha da mənalı oldu. Amma İsa yerdəki həyatının son gecəsi dua ilə bağlı ən mühüm məqamı şagirdlərinə öyrətdi.

«Dua tarixində dönüş nöqtəsi»

İsa həyatının son gecəsi də vəfalı həvarilərilə söhbət edir, onları ürəkləndirirdi. Məhz bu gecə İsa özünü onlara yeni tərəfdən tanıtmaq qərarına gəldi. O dedi: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz». Bir qədər sonra onları arxayın edib dedi: «Mənim adımla nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm ki, Ata Oğul vasitəsilə şərəflənsin. Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm». Söhbətinin sonunda isə dedi: «Bu vaxtadək mənim adımla heç bir şey istəməmisiniz. Diləyin, alacaqsınız və ürəyiniz sevinclə dolacaq» (Yəhya 14:6, 13, 14; 16:24).

Bunlar çox təsirli sözlərdir. Bir kitab bu sözləri «dua tarixində dönüş nöqtəsi» adlandırır. İsa deməmişdi ki, indən belə Allaha yox, ona dua etmək lazımdır. Əksinə, o, Yehova Allaha yaxınlaşmaq üçün yeni bir yol açacaqdı.

Düzdür, Allah həmişə saleh bəndələrinin dualarını dinləyib (1 İşmuil 1:9—19; Zəbur 65:2). Ancaq Allah İsrail xalqı ilə əhd bağlayandan sonra dualarının eşidilməsini istəyən kəs gərək İsrailin Allahın seçilmiş xalqı olduğunu qəbul edəydi. Süleyman padşahın dövründən isə, Yerusəlimdəki məbədi Allahın qurban kəsmək üçün seçdiyi yeganə yer olduğunu qəbul etmək lazım idi (Qanunun təkrarı 9:29; 2 Salnamələr 6:32, 33). Bununla belə, o ibadət quruluşu müvəqqəti idi. Həvari Bulus yazırdı ki, İsrail xalqına verilmiş Qanun və məbəddə kəsilən qurbanlar «gələcək nemətlərin əsli yox, kölgəsi» idi (İbranilərə 10:1, 2). Kölgəni gerçəklik əvəz edəcəkdi (Koloslulara 2:17). Eramızın 33-cü ilindən etibarən, Yehova Allahla yaxın münasibətlər insanın Musanın qanununa əməl edib-etməməyindən asılı deyil. Əksinə, Qanunun işarə etdiyi kəsə — İsa Məsihə itaət etməkdən asılıdır (Yəhya 15:14—16; Qalatiyalılara 3:24, 25).

«Bütün adlardan üstün bir ad»

İsa Yehovaya yaxınlaşmaq üçün daha mükəmməl bir imkan açdı; o, hər bir duaçı üçün qüdrətli bir dost, duaların Allah tərəfindən eşidilməsi və qəbul edilməsi üçün yol açan qüdrətli bir vasitəçi oldu. Bu nəyin sayəsində mümkün oldu?

Biz hamımız dünyaya günahlı gəlirik. Gördüyümüz savab işlər, yaxud kəsdiyimiz qurbanlar bizi bu günahdan təmizləyə bilməz və ya bizə pak, müqəddəs Allah olan Yehova ilə dostluq etmək ixtiyarı verə bilməz (Romalılara 3:20, 24; İbranilərə 1:3, 4). İsa Məsih kamil insan həyatını bizim uğrumuzda qurban verdi və beləcə, itaətkar insanların günahlarının əvəzini ödədi (Romalılara 5:12, 18, 19). Bunun sayəsində insanların Yehovanın qarşısında təmiz olmaq və Ona cəsarətlə dua etmək imkanı var. Amma bunun üçün İsanın qurbanına iman gətirmək və onun adı ilə dua etmək lazımdır (Efeslilərə 3:11, 12).

Biz İsanın adı ilə dua edəndə onun Allahın niyyətində mühüm rol oynadığına inandığımızı göstəririk. Gəlin onun rolunun üç cəhətinə fikir verək: 1) İsa «Allahın quzusu»dur. Yəni onun qurbanlığı günahların bağışlanması üçün əsas verir. 2) Yehova onu diriltdi və indi o, «baş kahin» kimi xidmət edir. Bu xidmət sayəsində insanlar fidyə qurbanlığının bəxş etdiyi nemətləri ala bilərlər. 3) İsa Yehovaya duada yaxınlaşmaq üçün yeganə «yol»dur (Yəhya 1:29; 14:6; İbranilərə 4:14, 15).

İsanın adıyla dua edəndə onu şərəfləndiririk. Burada səhv heç bir şey yoxdur, çünki Yehova da istəyir ki, hamı «İsanın adı qarşısında diz çöksün, hər dil İsa Məsihin Ağa olduğunu açıq-aşkar etiraf etsin və Atamız Allah şərəflənsin» (Filippililərə 2:10, 11). Daha önəmlisi isə, İsanın adı ilə edilən dualar Öz Oğlunu bizim uğrumuzda qurban vermiş Yehova Allahı ucaldır (Yəhya 3:16).

Biz dualarımızı mexaniki surətdə, düşünmədən deyil, bütün qəlbimizlə etməliyik

İsanın nə qədər böyük bir mövqe sahibi olduğunu başa düşmək üçün, Müqəddəs Kitabda onunla bağlı çoxsaylı titullar və adlar işlənilir. Bu adların sayəsində İsanın bizim üçün keçmişdə, indi nələr etdiyini və gələcəkdə nələr edəcəyini, həmçinin bunların faydasını yaxşı anlayırıq ( «İsanın mühüm rolu» çərçivəsinə bax.) Həqiqətən də, Allah İsaya «bütün adlardan üstün bir ad bəxş etdi» *. Göydə və yerdə bütün hakimiyyət ona verilib (Filippililərə 2:9; Mətta 28:18).

Sadəcə vərdiş olmamalıdır

Əgər istəyiriksə ki, dualarımız Yehova tərəfindən eşidilsin, onda İsanın adıyla dua etməliyik (Yəhya 14:13, 14). Ancaq ehtiyatlı olmalıyıq ki, dua vaxtı «İsanın adıyla» ifadəsini düşünmədən təkrarlamayaq. Niyə?

Bir nümunəyə nəzər salaq. Hər hansı bir idarədən məktub alanda məktubun sonunda formal bir söz yazılır: «Hörmətlə...». Əlbəttə biz başa düşürük ki, məktubu yazan idarə işçisi yazdığı insanlara dərin hisslər bəsləməyə bilər, o, sadəcə formal məktub yazmaq qaydasına riayət edir. Buna görə də, dualarımızın sonunda işlətdiyimiz «İsanın adıyla» ifadəsi bizim üçün böyük məna kəsb etməlidir, işgüzar məktuba yekun vuran sözlər kimi formal xarakter daşımamalıdır. Müqəddəs Kitab bizi həmişə dua etməyə səsləyir. Biz dualarımızı mexaniki surətdə, düşünmədən deyil, bütün qəlbimizlə etməliyik (1 Salonikililərə 5:17; Zəbur 119:145).

«İsanın adıyla» ifadəsini formal şəkildə demək bizdə vərdişə çevrilməsin deyə, nə etmək olar? Bunun üçün İsanın gözəl keyfiyyətləri haqda düşünə bilərik. Onun məhz sizin üçün artıq nə etdiyi və nələr etmək istədiyi üzərində düşünün. İsanın etdiyi yaxşılıqlara görə duada Yehovaya şükür edin, Onu mədh edin. Bütün bunların sayəsində «Atadan mənim adımla nəsə istəsəniz, sizə verəcək» deyən İsanın vədinə imanınız daha da möhkəm olacaq (Yəhya 16:23).

^ abz. 14 Vaynın lüğətinə əsasən, «ad» kimi tərcümə olunan yunan sözü «adın daşıdığı bütün mənaları, səlahiyyəti, mövqeni, xüsusiyyətləri, qüdrəti, əzəməti və nəcib keyfiyyətləri» özünə daxil edir («Expository Dictionary of New Testament Words»).