Kontentə keç

Oxucuların sualları

Oxucuların sualları

Oxucuların sualları

Müqəddəs Kitabda sağlıq demək barədə heç nə yazılmadığı halda nəyə görə Yehovanın Şahidləri sağlıq demir?

Əldə şərabla (yaxud başqa içki ilə) dolu qədəh tutub sağlıq demək qədim adətdir. Bu adət demək olar ki, bütün ölkələrdə var, sadəcə, hər yerdə bir cür edirlər. Bəzən sağlıq deyənlər qədəhləri bir-birinə vurur. Sağlıq deyən adam adətən kiməsə xoşbəxtlik, sağlamlıq, uzun ömür və sairə diləyir. Digərləri də razılıqlarını bildirir, yaxud da qədəhlərini qaldırıb şərabdan içirlər. Çoxları üçün bu adətdə pis heç nə yoxdur, əksinə, nəzakət əlamətidir. Amma Yehovanın Şahidləri bir sıra tutarlı səbəblərə görə sağlıq demirlər.

Buna səbəb o deyil ki, Yehovanın Şahidləri kiminsə xoşbəxt, sağlam olmasını istəmir. Birinci əsrdə rəhbərlik şurası yığıncaqlara yazdığı məktubu «sağlıqla qalın» sözləri ilə bitirmişdi. Bu söz «salamat qalın», «xoşbəxt olun» mənasını da verir (Həvarilərin işləri 15:29). Allaha ibadət edən mömin insanlardan bəziləri də padşahlara belə sözlər demişdilər «Padşah var olsun!», «Şah sağ olsun!» (1 Padşahlar 1:31; Nəhəmya 2:3).

Bəs sağlıq demək adətinin kökü hara gedib çıxır? «Gözətçi qülləsi» jurnalının 1968-ci il 1 yanvar sayında «Britaniya ensiklopediyası»ndan növbəti sitat gətirilmişdi: «Sağ adamların sağlığına içmək adəti, çox ehtimal ki, qədimdə icra olunan dini ayindən gəlir. Belə ki, insanlar allahlara və ölülərə qurban təqdiməsi olaraq içki içirdilər. Yunanlar və romalılar allahlarına təqdimə olaraq içki gətirirdilər. Ziyafətlərdə isə onların və ölülərin şərəfinə içirdilər» (1910, cild 13, səhifə 121). Ensiklopediyada bu sözlər də yazılıb: «Çox ehtimal ki, bu qurbanları gətirəndə sağ adamların da sağlığına içirdilər».

Bəs bu adətin müasir dövrlə əlaqəsi var? Bir kitabda belə deyilir: «Sağlıq söyləmək adəti... çox güman, qədim qurbanlıq ayinlərindən qalıb. İnsanlar allahlara müqəddəs içki, qan, yaxud şərab təqdim edirdilər, əvəzində arzularına çatacaqlarına ümid edir, “uzun ömür!” və ya “sənin sağlığına!” sözləri ilə dua edirdilər» («The 1995 International Handbook on Alcohol and Culture»).

Düzdür, hansısa əşyanın, naxışın, yaxud adətin kökünün yalan dinə gedib çıxması, yaxud ona bənzər bir şeyin yalan dində də olması o demək deyil ki, Allaha ibadət edənlər mütləq ondan uzaq durmalıdır. Götürək narı. Müqəddəs Kitabla bağlı bir ensiklopediyada deyilir: «Görünür, bütpərəstlərdə də nar müqəddəs idi». Buna baxmayaraq, Allah buyurmuşdu ki, baş kahinin köynəyinin ətəyinə iplikdən düzəldilmiş narlar tiksinlər. Həmçinin Süleymanın məbədindəki mis sütunlara da narla bəzək vurmuşdular (Çıxış 28:33; 2 Padşahlar 25:17). Bundan başqa, nişan üzüyü bir zamanlar dini məna daşıyırdı. Ancaq bu gün əksər insanların bundan heç xəbəri də yoxdur. Nişan üzüyünə sadəcə insanın ailəli olduğunu göstərən bir nişanə kimi baxırlar.

Bəs şərabdan yalan dini ayinlərdə istifadə edilməsi barədə Müqəddəs Kitabda yazılıb? Məsələn, bir dəfə Baala ibadət edən Siham kişiləri «allahlarının evinə gedib yeyib-içdilər və [Cədunun oğlu] Əbuməlikə lənət oxudular» (Hakimlər 9:22—28). Sizcə, Yehovanın sadiq xidmətçisi həmin içki məclisində oturardı, yalan allahdan Əbuməlikə lənət etməsini diləyərdi? İsraildə çoxlarının Yehovaya asi çıxdığı dövrü təsvir edərkən Amus peyğəmbər demişdi: «Hər qurbangahın yanında, girov götürdükləri paltarın üstündə uzanıb yayxanırlar. Cərimə etdikləri adamlardan şərab götürüb allahlarının evində içirlər» (Amus 2:8). Bəs mömin insan belə edərdi? İstər yalan allahlara qurban gətirilsin, istərsə də onların şərəfinə içilsin, mömin adam o şərabı içərdi? (Ərəmya 7:18). Yaxud da qədəhini qaldırıb, yalan allahdan kimin üçünsə xoşbəxtlik diləyərdi?

Maraqlıdır ki, Yehovanın xidmətçiləri də bəzən əllərini qaldırıb arzularını bildirmişdilər. Ancaq onlar əllərini tək olan Allaha doğru uzatmışdılar. Müqəddəs Kitabda yazılıb: «Süleyman... Yehovanın qurbangahı qarşısında durub əllərini göyə açdı. O dedi: “Ey İsrailin Allahı Yehova! Nə yuxarıda göylərdə, nə aşağıda yerdə Sənin kimi Allah yoxdur... Bu qulunun lütf diləyini və bura üz tutub dua edən xalqın İsrailin diləyini dinlə, göylərdəki məskənindən eşit. Eşit və bağışla”» (1 Padşahlar 8:22, 23, 30). Eynilə, «Üzeyir Ulu Allah Yehovanı mədh etdi və bütün xalq: “Amin! Amin!” — deyib əllərini göyə qaldırdı. Sonra üzüstə düşüb Yehovaya səcdə etdilər» (Nəhəmya 8:6; 1 Timutiyə 2:8). Aydındır ki, bu mömin insanlar əllərini göyə açıb bəxt allahından nemət istəmirdilər (Əşiya 65:11).

Bu gün sağlıq deyən adamlar bəlkə də heç fikirləşmirlər ki, hansısa allahdan arzu, nemət diləyirlər. Amma onlar şərab qədəhini nəyə görə yuxarı qaldırdıqlarını da izah edə bilmirlər. Bununla belə, bu adət barədə insanlarda məlumatın olmaması əsl məsihilərə əsas vermir ki, onlar kimi davransınlar.

Yehovanın Şahidləri bir sıra başqa adətləri də icra etmirlər. Məsələn, çoxları dövlət rəmzlərini, bayrağı salamlayır. Onlar vətənpərvərliyi nümayiş etdirən bu kimi hərəkətləri edəndə düşünmürlər ki, bu, əslində, sitayişdir. Əsl məsihilər heç kimin işinə qarışmırlar, ancaq özləri bu hərəkətləri etmirlər. Bir çox Şahidlər biləndə ki, belə bir mərasim olacaq, heç kimin hisslərinə toxunmamaq üçün həmin mərasimə getmirlər. Hətta belə bir mərasimdə olmaq məcburiyyətində qalanda belə, onlar vətənpərvərliyi əks etdirən hərəkətlər etmirlər. Çünki bu, Müqəddəs Kitaba ziddir (Çıxış 20:4, 5; 1 Yəhya 5:21). Sağlıq deməyi də çoxları dinlə əlaqələndirmir. Amma məsihilər tutarlı səbəblərdən irəli gələrək, sağlıq demir. Çünki bu adətin kökü yalan dinə gedib çıxır və hətta indinin özündə də «göydən», hansısa fövqəlbəşər qüvvədən kömək, nemət diləmək anlamını verir (Çıxış 23:2).