Kontentə keç

Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun

Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun

Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun

«İNSAN hansı sahilə yan alacağını bilmirsə, külək hansı səmtə əsirsə əssin, ona faydası olmayacaq». Birinci əsrdə yaşamış Roma filosofuna aid edilən bu sözlər həyatın bir gerçəkliyinə işarə edir: həyata istiqamət vermək üçün insan gərək qarşısına məqsədlər qoysun.

Müqəddəs Kitabda məqsədyönlü insanların çox gözəl nümunəsi var. Məsələn, Nuh təxminən 50 il əmək sərf edəndən sonra «ailəsinin xilası üçün gəmi tikdi». Musa peyğəmbər «gözünü alacağı mükafatdan çəkmirdi» (İbranilərə 11:7, 26). Musanın xələfi Yuşənin isə qarşısına məqsədi Allah qoydu: Kənan diyarını istila etmək (Qanunun təkrarı 3:21, 22, 28; Yuşə 12:7—24).

Eramızın birinci əsrində yaşayan həvari Bulusun da məqsədləri var idi. Şübhə yoxdur ki, onun məqsədlərinə İsa Məsihin növbəti sözləri çox təsir etmişdi: «Padşahlıq haqqındakı bu müjdə... bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14). İsa Məsihin ona dediyi sözlər, göstərdiyi görüntülər, eləcə də adını xalqlara bildirmək tapşırığı Bulusu həvəsləndirdi. O, Kiçik Asiya bölgəsində, ta Avropaya qədər hər yanda məsihi yığıncaqlarının yaranmasında mühüm rol oynadı (Həvarilərin işləri 9:15; Koloslulara 1:23).

Bəli, Yehovanın bütün dövrlərdə yaşayan xidmətçiləri qarşılarına nəcib məqsədlər qoymuş və onlara nail olmuşlar. Bununla da Yehovanı şərəfləndirmişlər. Bəs biz nədən irəli gələrək qarşımıza ruhani məqsədlər qoymalıyıq? Hansı məqsədlərə can ata bilərik? Onlara çatmaq üçün hansı addımları atmaq olar?

Düzgün niyyət vacibdir

Məqsədlər həyatın hər sahəsinə aid ola bilər. Bu dünyada da məqsədyönlü insanlar az deyil. Ancaq ruhani məqsədlər dünyəvi məqsədlərdən fərqlənir. Bu dünyada bir çox məqsədlərin arxasında duran niyyət var-dövlət sevdası, vəzifəyə, nüfuza sahib olmaq arzusudur. Ancaq bu, çox yanlış məqsədlərdir. Yehova Allahı şərəfləndirən məqsədlər bilavasitə ibadətlə və Padşahlıq işi ilə bağlı məqsədlərdir (Mətta 6:33). Bu cür məqsədlərin arxasında Allaha və insanlara məhəbbət durur və bu cür məqsədlər insanı möminliyə yetişdirir (Mətta 22:37—39; 1 Timutiyə 4:7).

Gəlin qarşımıza ruhani məqsədlər qoyaq, məsələn, xidmətdə yeni məsuliyyətlərə, yaxud ruhani cəhətdən tərəqqi etməyə can ataq. Eyni zamanda, unutmayaq ki, bu məqsədləri qoyarkən, onlara çatmağa çalışarkən niyyətimiz də təmiz olmalıdır. Ancaq bir şey də var ki, hətta niyyət təmiz olanda da bəzən məqsədlər gerçəkləşmir. Belə isə, necə edə bilərik ki, məqsədlərimizi həyata keçirək?

Ürəkdən arzulamaq vacibdir

Gəlin Yehova Allahın dünyanı yaratmasından danışaq. «Axşam oldu, səhər oldu» sözləri ilə Yehova hər növbəti yaradılış dövrünün sərhədlərini müəyyənləşdirirdi (Yaradılış 1:5, 8, 13, 19, 23, 31). Hər yaradılış dövrünün əvvəlində O aydın bilirdi ki, həmin dövr üçün qarşısına hansı məqsədi qoyub. Sonra isə həmin məqsədinə çatırdı, yəni niyyət etdiyi şeyləri yaradırdı (Vəhy 4:11). Əyyub Yehova Allah barədə demişdi: «Könlü nə istəsə, onu da edər» (Əyyub 23:13). Yəqin Yehova yaratdıqlarına baxıb, hər şeyin çox yaxşı olduğunu deyəndə böyük məmnunluq duymuşdu! (Yaradılış 1:31).

Məqsədlərimizin gerçəkləşməsi üçün bizdə də güclü istək olmalıdır. Bəs bu istəyi ürəyimizdə necə oyada bilərik? Yenə də Yehova Allahın nümunəsinə baxaq. Hətta yer kürəsi quruluşsuz, boş olanda da Yehova onun gələcəkdəki halını görürdü. Onun fəzada gözəl bir inci kimi parlayacağını, Ona şərəf gətirəcəyini düşünürdü. Biz də məqsədlərimizə çatmaq arzusunu alovlandırmaq üçün onların gətirəcəyi bəhrələr barədə düşünməliyik. 19 yaşlı Toni məhz belə davranmışdı. Bir dəfə o, Yehovanın Şahidlərinin qərbi Avropadakı filialını ziyarət etmişdi. Gördükləri onu çox gözəl təsir bağışlamışdı. O vaxtdan orada yaşamaq, xidmət etmək arzusu Tonini rahat buraxmırdı. Tonu bu arzudan əl çəkmədi və ona çatmaq üçün əlindən gələni etdi. Bir neçə ildən sonra onu filialda xidmət etməyə dəvət etdilər. Toninin sevinci yerə-göyə sığmırdı!

Həmçinin müəyyən məqsədlərə çatan insanlarla oturub-dursaq, bu da məqsədlərimizə çatmaq arzusunu alovlandıra bilər. 30 yaşlı Ceyson yeniyetmə vaxtı təbliğ etməyi sevmirdi. Ancaq məktəbi bitirdikdən sonra böyük həvəslə öncüllüyə başladı və Padşahlığın tamvaxtlı təbliğçisi oldu. Ceysonda öncüllük etmək həvəsi haradan peyda oldu? O deyir: «Başqa öncüllərlə söhbət etməyin, onlarla xidmət etməyin mənə çox böyük təsiri oldu».

Məqsədlərinizi yazın

Qeyri-müəyyən, dumanlı fikri sözlərlə ifadə etməyə çalışanda o aydınlaşır, konkretləşir. Süleyman padşah da qeyd etmişdi ki, düzgün sözlər böyük gücə malikdir, çomaq kimi həyata istiqamət verir (Vaiz 12:11). Həmin sözləri yazıya alanda isə insanın ürəyinə, zehninə həkk olur. Yehova məhz elə buna görə İsrail padşahlarına əmr etmişdi ki, Qanunun surətini köçürsünlər (Qanunun təkrarı 17:18). Buna görə də məqsədlərimizi, onlara çatmaq üçün hansı addımları atacağımızı, o cümlədən qarşılaşacağımız əngəlləri və onları aşmaq üçün nə edəcəyimizi vərəqə yaza bilərik. Həmçinin yaxşı olardı ki, müəyyənləşdirək görək nələri öyrənməliyik, hansı bacarıqlara yiyələnməliyik və kimlərin bizə köməyi dəyə bilər.

Cefri Asiya ölkələrindən birində, ucqar ərazidə uzun illər idi ki, xüsusi öncül kimi xidmət edirdi. Qarşısına ruhani məqsədlər qoymaq həyatının çətin dövründə ona çox kömək etdi. Belə ki, onun həyat yoldaşı qəfildən vəfat etmişdi. Faciədən sonra özünə gələndə Cefri qərara gəldi ki, diqqətini tamamilə öncül xidmətinə cəmləsin. Bunun üçün o, qarşısına məqsədlər qoydu. Dua edəndən sonra ayın sonuna kimi üç nəfərlə Müqəddəs Kitab dərsinə başlamağı qərarlaşdırdı. Planlarını vərəqə yazıb işə başladı. Hər gün gündəlik fəaliyyətini nəzərdən keçirirdi, hər on gündən bir isə məqsədinə doğru nə qədər irəlilədiyinə diqqət yetirirdi. O, düz dörd nəfərlə dərsə başladı. Məqsədinə çatmaq ona böyük sevinc bəxş etdi.

Pillə-pillə məqsədlərinizə doğru irəliləyin

Bəzi məqsədlər ilk baxışdan əlçatmaz görünə bilər. Məsələn, əvvəldə adı çəkilən Toniyə Yehovanın Şahidlərinin filialında xidmət etmək xəyal kimi gəlirdi. Çünki öz bildiyi kimi yaşayırdı, heç həyatını da Allaha həsr etməmişdi. Ancaq o qərara gəldi ki, Yehovanın qanunlarına uyğun yaşayacaq və vəftiz olunacaq. Bu məqsədinə çatandan sonra qarşısına məqsəd qoydu ki, köməkçi öncül, sonra isə öncül olacaq. Hətta təqvimdə bu xidmətə başlamağı planlaşdırdığı tarixi də qeyd etdi. Bir müddət öncüllük edəndən sonra artıq filialda xidmət etmək arzusu ona əlçatmaz görünmür.

Biz də böyük məqsədlərə çatmaq üçün qarşımıza kiçik məqsədlər qoya bilərik. Bu məqsədlər bizim üçün pillə rolunu oynayacaq. Vaxtaşırı neçə pillə qalxdığımıza nəzər salsaq, diqqətimiz əsas məqsədimizdən yayınmayacaq. Tez-tez Yehovaya planlarınız barədə dua edin. Bu da sizə yolu əzmlə davam etdirməyə kömək edəcək. Həvari Bulus həmişə dua etməyi məsləhət görürdü (1 Salonikililərə 5:17).

Əzmli olun

Hər şeyi ətraflı düşünüb-daşınsaq da, güclü istəyimiz olsa da, bəzi məqsədlərə çatmaq mümkün olmur. Bu, Markın da başına gəlmişdi. Həvari Bulus ikinci təbliğ səyahətinə gedəndə Markı özü ilə aparmaq istəməmişdi. Yəqin o çox məyus olmuşdu (Həvarilərin işləri 15:37—40). Ancaq Mark bundan özünə dərs götürdü və qarşısına xidmətlə bağlı başqa məqsəd qoydu. Sonralar həvari Bulus Mark haqqında xoş sözlər demişdi. O, həvari Butrusla Babildə xidmət etmişdi (2 Timutiyə 4:11; 1 Butrus 5:13). Ona daha böyük bir şərəf də nəsib olmuşdu: Allahın ilhamı ilə İsa Məsihin həyatı və xidmətindən bəhs edən Müjdəni yazmışdı.

Ruhani məqsədlərə çatmağa çalışarkən biz də əngəllərlə üzləşə bilərik. Amma bu zaman ruhdan düşməməliyik, əksinə, tərəqqimizə bir də nəzər salmalıyıq, məqsədimizin nə dərəcədə əlçatan olduğunu götür-qoy etməliyik, lazım gələrsə, məqsədimizi dəyişməliyik. Maneələrlə üzləşəndə əzmlə, israrla irəliyə doğru hərəkət etməliyik. Süleyman padşahın sözləri bizə əminlik verir. O yazmışdı: «Hər işini Yehovaya tapşır, onda niyyətin baş tutar» (Məsəllər 16:3).

Lakin bəzi hallarda şərait elə gətirir ki, müəyyən məqsədlərə çatmaq artıq qeyri-real olur. Məsələn, xəstəlik, ailə məsuliyyətləri məqsədə çatmağa imkan vermir. Bu zaman unutmamalıyıq ki, can atdığımız ən əsas mükafat ya göydə, ya da yerdə əbədi həyat mükafatıdır (Luka 23:43; Filippililərə 3:13, 14). Bəs bu mükafata necə nail ola bilərik? Həvari Yəhya yazmışdı: «Allahın istəyini yerinə yetirən... əbədi yaşayır» (1 Yəhya 2:17). Vəziyyətdən irəli gələrək, müəyyən məqsədlərə çatmaq mümkün olmasa da, yenə də Allahdan qorxub, Onun əmrlərini yerinə yetirə bilərik (Vaiz 12:13). Ruhani məqsədlər bizə kömək edəcək ki, diqqətimizi Allahın iradəsini yerinə yetirməyə cəmləyək. Buna görə də gəlin həmişə qarşımıza Yaradanımızı şərəfləndirən məqsədlər qoyaq.

[Çərçivə]

Ruhani məqsədlər

○ Müqəddəs Kitabı hər gün oxumaq

○ «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının hər sayını oxumaq

○ Duanı yaxşılaşdırmaq

○ Ruhun bəhrəsinə daxil olan xüsusiyyətlərə yiyələnmək

○ Xidməti genişləndirmək

○ Təbliğ və təlim işində səriştəli olmaq

○ Telefonla, qeyri-formal və işgüzar ərazilərdə xidmət etmək