Lavililər 27:1—34

  • Verilən əhdin ləğv edilmə şərtləri (1—27)

    • İnsan üçün verilən əhd (1—8)

    • Əhd edilən heyvan (9—13)

    • Əhd edilən ev (14, 15)

    • Əhd edilən tarla (16—25)

    • Heyvanın əhd edilən ilk balası (26, 27)

  • Yehova üçün qeyd-şərtsiz ayrılan şeylər (28, 29)

  • Ondabiri satın alma şərti (30—34)

27  Yehova yenə Musa ilə danışıb dedi:  «İsrail oğullarına belə söylə: “Ola bilsin, kimsə kiminsə canının dəyərini Yehovaya vermək kimi xüsusi bir əhd etmək istəsin.+  Onda iyirmi yaşından altmış yaşınadək kişi üçün müqəddəs məkan şekeli ilə 50 şekel*,  qadın üçün isə 30 şekel gümüş ödəməlidir.  Beş-iyirmi yaş arasında olan oğlan üçün dəyər 20 şekel, qız üçün isə 10 şekeldir.  Bir aydan beş yaşacan olan oğlan uşağı üçün dəyər 5 şekel, qız uşağı üçün isə 3 şekel gümüşdür.  Altmış yaşdan yuxarı kişi üçün dəyər 15  şekel, qadın üçün 10 şekel gümüşdür.  Əhd edən kasıb olduğundan təyin edilmiş dəyəri ödəyə bilmirsə,+ onda həmin adamı kahinin yanına gətirsin, kahin də onun üçün dəyər təyin etsin. Dəyər əhd edənin imkanına görə təyin edilməlidir.+  Əgər kimsə Yehovaya qurban gətirmək üçün yararlı heyvan əhd edərsə, Yehovaya verilən hər şey müqəddəs olacaq. 10  Onu dəyişdirmək, yaxşını pislə, pisi yaxşı ilə əvəz etmək olmaz. Əgər dəyişsə, heyvanların ikisi də Allahın olacaq*. 11  Heyvan Yehovaya qurban kəsmək üçün yararlı olmayan napak heyvandırsa,+ onda heyvanı kahinin yanına gətirsin. 12  Kahin onun dəyərini pis-yaxşı olmasına görə təyin etsin. Kahin nə qiymət desə, heyvanın dəyəri o olacaq. 13  Amma o, heyvanı geri satın almaq istəsə, onda təyin edilmiş dəyərin üstünə beşdə birini də əlavə edib verməlidir.+ 14  Əgər kimsə evini müqəddəs bir şey kimi Yehova üçün ayırarsa, kahin onun yaxşı-pis olmasına görə ona dəyər təyin edəcək. Kahin nə qiymət desə, evin dəyəri o olacaq.+ 15  Amma həmin adam evini geri satın almaq istəsə, onda təyin edilmiş dəyərin üstünə beşdə birini də əlavə edib verməlidir. Beləcə, ev onun olacaq. 16  Əgər kimsə tarlasının bir hissəsini Yehova üçün ayırmaq istəsə, tarlanın dəyəri ora səpilən toxuma görə müəyyən olunmalıdır: bir homer* arpa toxumu əlli şekel gümüş olacaq. 17  Əgər tarlasını Azadlıq ilindən+ başlayaraq Allah üçün ayırırsa, dəyər olduğu kimi qalacaq. 18  Ancaq tarlanı Azadlıq ilindən sonra ayırarsa, kahin dəyəri növbəti Azadlıq ilinə qədər qalan illərə müvafiq hesablayacaq. Tarlanın dəyəri təyin olunmuş dəyərdən aşağı olacaq.+ 19  Tarlasını Allah üçün ayıran adam onu geri satın almaq istəsə, təyin edilmiş dəyərin üstünə beşdə birini də əlavə edib tarlanı geri ala bilər. 20  Lakin onu geri satın almazsa və tarla başqasına satılarsa, onu artıq geri satın almaq olmaz. 21  Azadlıq ilində tarla Yehovaya məxsus olacaq. O müqəddəs olub kahinlərin mülkiyyətinə keçəcək.+ 22  Əgər kimsə özünün irsi mülkiyyəti olmayan, satın aldığı tarlanı Yehova üçün ayırmaq istəyərsə,+ 23  kahin onun dəyərini Azadlıq ilinə qədər qalan illərə müvafiq hesablayacaq. Dəyər elə həmin gün ödənilməlidir.+ Bu, Yehova üçün ayrılmış müqəddəs bir şey olacaq. 24  Azadlıq ilində tarla satın alındığı adama, əsl sahibinə qaytarılacaq.+ 25  Hər şeyin dəyəri müqəddəs məkan şekeli ilə təyin olunmalıdır. Şekel iyirmi geraya* bərabər olmalıdır. 26  Heç kim heyvanın ilk balasını Allah üçün ayırmamalıdır, çünki ilk doğulan bala onsuz da Yehovaya məxsusdur.+ İstər qaramalın olsun, istərsə də qoyun-keçinin, ilk doğulan bala Yehovanındır.+ 27  Napak heyvanınsa ilk balasını təyin olunmuş dəyərin üstünə beşdə birini də əlavə edib satın almaq olar.+ Əgər heyvan satın alınmasa, onda kahin onu təyin olunmuş qiymətə satmalıdır. 28  Kimsə sahib olduğu bir şeyi, istər insan, istər heyvan, istərsə də tarla olsun, Yehova üçün qeydsiz-şərtsiz ayırarsa*, onu daha satmaq və ya geri satın almaq olmaz. Bu, Yehovaya məxsusdur və son dərəcə müqəddəs bir şeydir.+ 29  Bundan başqa, ölümə məhkum olunmuş adamı fidyə verib qurtarmaq olmaz.+ O, hökmən öldürülməlidir.+ 30  Torpaqda yetişən hər şeyin — tarlanın məhsulunun, ağacların meyvəsinin onda biri+ Yehovanındır. Bu, Yehova üçün ayrılan müqəddəs şeydir. 31  Əgər kimsə ondabiri satın almaq istəyirsə, onun dəyərinin üstünə beşdə birini də əlavə edib verməlidir. 32  Mal-qaradan və qoyun-keçidən çoban çomağının altından keçən hər onuncu heyvan Yehova üçün ayrılmalıdır. 33  Heyvanın yaxşı və ya pis olduğunu yoxlamaq, onu başqası ilə dəyişmək olmaz. Əgər dəyişdirilsə, hər iki heyvan Allah üçün ayrılmış müqəddəs bir şey olacaq.+ Onları satın almaq olmaz”». 34  Yehovanın Sina dağında İsrail xalqı üçün Musaya verdiyi əmrlər bunlardır.+

Haşiyələr

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Hərfən: müqəddəs olacaq.
Homer 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Gera 0,57 q-a bərabərdir. B14 əlavəsinə bax.
Yaxud məhv edilmək üçün ayırarsa.