Hizqiyal 39:1—29

  • Yəcucla ordusunun məhvi (1—10)

  • Həmun-Yəcuc dərəsində dəfn (11—20)

  • İsrailin bərpası (21—29)

    • Allah İsrail üzərinə ruhunu tökəcək (29)

39  “Ey bəni-adəm, peyğəmbərlik edib Yəcuca+ söylə ki, Külli-İxtiyar Yehova deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri!+  Səni yolundan qaytaracağam, uzaq şimaldan çıxarıb+ İsrail dağlarına aparacağam.  Sol əlindən kamanı, sağ əlindən oxları vurub salacağam.  Sən də, qoşunların da, səninlə olan xalqlar da İsrail dağlarında məhv olacaqsınız.+ Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm”.+  “Sən çöldə məhv olacaqsan,+ çünki bunu Mən dedim”, — bəyan edir Külli-İxtiyar Yehova.  “Məcucun və adalarda əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm.+ O zaman biləcəklər ki, Mən Yehovayam.  Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, daha qoymayacağam, adıma ləkə vursunlar. Xalqlar biləcəklər ki, Mən Yehovayam,+ İsraildə Müqəddəs Allaham”.+  “Bəli, peyğəmbərlik yerinə yetməlidir, yetəcək də, — deyir Külli-İxtiyar Yehova. — Mən bu gün haqqında xəbər vermişəm.  İsrail şəhərlərinin sakinləri çıxıb silahlarla od qalayacaqlar, böyük və kiçik qalxanları, ox-kamanları, toppuzları* və nizələri oda atacaqlar. Onlarla yeddi il od qalayacaqlar.+ 10  Çöldən çırpı yığmaq, meşədən odun gətirmək lazım gəlməyəcək, çünki silahlarla od qalayacaqlar”. “Onları qarət edənləri qarət, talan edənləri talan edəcəklər”, — bəyan edir Külli-İxtiyar Yehova. 11  “O gün Yəcuca+ İsraildə, dənizin şərq tərəfindən keçənlərin dərəsində dəfn yeri verəcəyəm, o yer yolçuların yolunu kəsəcək. Orada Yəcuc və onunla olan izdiham basdırılacaq. O yer Həmun-Yəcuc dərəsi*+ adlanacaq. 12  İsrail evi yeddi ay ərzində onları basdırıb ölkəni təmizləyəcək.+ 13  Bütün ölkə əhli onları dəfn etməklə məşğul olacaq və bununla ad-san qazanacaq. O gün Mən Özümü şərəfləndirəcəyəm”,+ — Külli-İxtiyar Yehova bəyan edir. 14  “Camaata ölkəni sərasər dolaşmaq, ölkəni təmizləmək üçün ortalıqda qalan cəsədləri dəfn etmək tapşırılacaq. Axtarışlar yeddi ay davam edəcək. 15  Ölkəni dolaşanlar insan sümüyü gördükləri yerdə nişan qoyacaqlar. Sonra qəbirqazanlar onları Həmun-Yəcuc dərəsində+ basdıracaqlar. 16  Orada həmçinin Həmunah* adlı şəhər olacaq. Beləcə, camaat ölkəni təmizləyəcək”.+ 17  Sənə isə, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: “Hər cür quşa, vəhşi heyvana söylə: “Toplaşıb gəlin. Sizin üçün hazırladığım qurbanın, İsrail dağlarındakı böyük qurbanın ətrafına toplaşın.+ Siz ət yeyib qan içəcəksiniz.+ 18  İgidlərin ətini yeyib, dünya rəhbərlərinin qanından içəcəksiniz. Onların hamısı Başanın bəslənmiş heyvanları — qoç, qoyun, keçi, öküzdürlər. 19  Sizin üçün hazırladığım qurbanın piyindən doyunca yeyib, qanından sərxoş olanadək içəcəksiniz”. 20  Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız”.+ 21  “Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər.+ 22  O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. 23  Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar.+ Buna görə də Mən onlardan üz döndərdim,+ onları düşmənlərinə təslim etdim,+ hamısı qılıncdan keçirildi. 24  Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”. 25  Külli-İxtiyar Yehova deyir: “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam,+ bütün İsrail evinə rəhm edəcəyəm,+ adımın müqəddəsliyini qoruyacağam.+ 26  Vəfasızlıqlarına görə alçaldıqdan sonra+ öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq.+ 27  Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda+ Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”.+ 28  “Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam.+ 29  Bir də onlardan üz döndərməyəcəyəm,+ çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”,+ — Külli-İxtiyar Yehova bəyan edir».

Haşiyələr

Digər variant: mizraqları.
Mənası: Yəcuc izdihamının dərəsi.
Mənası: izdiham.