Saylar 16:1—50

  • Qarun, Datan və Abiramın qiyamı (1—19)

  • Qiyamçılar cəzalandırılır (20—50)

16  Lavinin oğlu+ Kəhatın+ İshardan+ olan nəvəsi Qarun+ və Rubən+ qəbiləsindən Əlyabın+ oğulları Datan və Abiram, eləcə də Fələsin oğlu On birləşib əlbir oldular.  Onlar icmanın başçıları, xalqın başbilənləri, nüfuzlu adamlar olan iki yüz əlli israilli ilə birlikdə Musaya qarşı qalxdılar.  Bu adamlar Musaya və Haruna qarşı birləşib+ onlara dedilər: «Bəsdir daha. Sizin əlinizdən boğaza yığılmışıq. Hamı müqəddəsdir, bütün icma.+ Yehova onların da arasındadır.+ Nəyə görə özünüzü Yehovanın xalqından üstün tutursunuz?»  Musa bu sözləri eşidən kimi üzüqoylu yerə döşəndi.  Sonra Qaruna və onun tərəfində olanlara dedi: «Səhər Yehova bəlli edəcək Ona kim məxsusdur,+ kim müqəddəsdir, Ona yaxınlaşmağa kimin izni var.+ Kimi seçsə,+ o da Ona yaxınlaşacaq.  Sizə isə, ey Qarun və onun tərəfdaşları,+ sözüm budur: sabah əlinizə buxurdan alın,+  Yehovanın hüzurunda içinə köz qoyun, üstündən də buxur tökün. Yehova kimi seçsə,+ həmin adam müqəddəsdir. Yoxsa, siz, Lavi oğulları,+ lap ağını çıxartdınız!»  Musa Qaruna dedi: «Siz, ey Lavi oğulları, bir mənə qulaq asın, görün nə deyirəm.  Bu, az şeydir bəyəm, İsrailin Allahı bütün İsrail icmasından sizi seçib,+ sizə Özünə yaxınlaşmağa izin verib ki, Yehovanın Müqəddəs çadırında iş görəsiniz, bütün icmanın qarşısında durub ona xidmət edəsiniz?+ 10  Allah səni də, sənin bütün qardaşlarını, Lavi oğullarını da Özünə yaxınlaşdırıb. Bütün bunlar sizə azlıq edir? Gərək kahinliyə də göz dikəydiniz?+ 11  Belə eləməklə sən də, sənin yanındakılar da Yehovaya qarşı çıxırsınız. O ki qaldı Haruna, o, kimdir ki, onun arxasınca deyinirsiniz?»+ 12  Sonra Musa Əlyabın oğulları Datanla Abiramın+ dalınca adam göndərdi, onlar isə dedi: «Gəlmirik! 13  Səhrada axırımıza çıxmaq üçün bizi süd-bal axan diyardan çıxarmağın azmış kimi, indi də üstümüzdə ağalıq eləmək istəyirsən?+ 14  Hanı bizə vəd etdiyin süd-bal axan diyar?+ Hanı bizə verəcəyin bağlar-bağatlar, üzümlüklər? Qəsdin nədir? Bu adamların boynuna xalta salıb* dalınca aparmaq? Gəlmirik!» 15  Musanı od götürdü. O, Yehovaya dedi: «Onların taxıl təqdiməsini qəbul etmə. Mən onlardan nə bir ulaq götürmüşəm, nə də onlara bir pisliyim dəyib».+ 16  Musa Qaruna dedi: «Sabah tərəfdaşlarınla bir yerdə Yehovanın hüzuruna gəl. Sən də, onlar da. Harun da gələcək. 17  Hər kəs, iki yüz əlli nəfərin hamısı səninlə və Harunla birlikdə öz buxurdanını götürsün, içinə buxur töküb Yehovanın önünə gətirsin». 18  Beləliklə, onların hər biri buxurdanlarını götürdülər, içinə köz qoyub üstünə buxur tökdülər. Sonra Musa və Harunla birlikdə Hüzur çadırının girişində durdular. 19  Qarun onların əleyhinə çıxan tərəfdaşlarını+ Hüzur çadırının girişində toplayandan sonra Yehovanın calalı bütün camaata göründü.+ 20  Yehova Musa ilə Haruna dedi: 21  «Bu dəstədən ayrılın, onları bir göz qırpımında məhv edəcəyəm».+ 22  Bunu eşitcək onlar üzüqoylu yerə düşüb dedilər: «Xudaya, ey bütün bəşərə həyat verən Allah*,+ bir nəfərin günahına görə bütün xalqa qəzəbin tutacaq?»+ 23  Onda Yehova Musaya dedi: 24  «Camaata de, Qarunun, Datanın və Abiramın+ çadırlarının yanından uzaqlaşsınlar!» 25  Musa qalxıb İsrailin ağsaqqalları ilə birlikdə Datanla Abiramın yanına getdi.+ 26  Sonra camaata dedi: «Amandır, bu mənfur adamların çadırından uzaqlaşın. Heç nələrinə toxunmayın, yoxsa siz də onların badına gedərsiniz». 27  Camaat dərhal Qarunun, Datanın və Abiramın çadırlarından uzaqlaşdı. Datanla Abiram oğul-uşaqları ilə birlikdə çıxıb çadırlarının ağzında durdular. 28  Musa dedi: «Özbaşına hərəkət eləmədiyimi, bütün bunları Yehovanın buyruğu ilə etdiyimi bundan biləcəksiniz: 29  bu adamlar öz əcəlləri ilə ölərsə, onların cəzası bütün bəşərə kəsilən cəzadan olarsa, deməli, məni Yehova göndərməyib.+ 30  Yox əgər Yehova qeyri-adi bir şey eləsə, yer aralanıb onları mal-mülkləri qarışıq udsa, onlar diri-diri Məzara* ensələr, onda biləcəksiniz ki, bu adamlar Yehovaya qarşı hörmətsizlik ediblər». 31  Musanın sözü ağzından çıxar-çıxmaz onların ayaqlarının altında yer yarıldı,+ 32  onları, onların ev əhlini, Qarunun adamlarını+ və mal-mülkünü uddu. 33  Beləliklə, onlar və onların bütün adamları diri-diri Məzara* endilər. Torpaq onların üstünü örtdü və xalqın arasında onların heç izi-tozu da qalmadı.+ 34  Baǧırtılarından həndəvərdə olan israillilər qaçmağa üz tutdular. Qorxdular ki, birdən torpaq onları da udar. 35  Sonra Yehova alov göndərdi+ və alov buxur təqdim edən iki yüz əlli nəfəri yandırıb külə döndərdi.+ 36  Yehova Musaya dedi: 37  «Kahin Harunun oğlu Əlyazara de, buxurdanları+ alovun içindən götürsün, çünki onlar müqəddəsdir. Həm də ona de, közləri bir az aralıda səpələsin. 38  Öz başlarına bəla açan o adamların buxurdanlarından isə qurbangahın+ üstünə vurmaq üçün nazik lövhələr düzəldin. Yehovanın önünə gətirildiyi üçün onlar müqəddəsdir. Qoy onlar israillilər üçün əlamət olsun».+ 39  Kahin Əlyazar yanan adamların gətirdiyi mis buxurdanları götürüb qurbangahın üstünə vurmaq üçün döydü. 40  Yehova Musa vasitəsilə ona belə demişdi. Bu, israillilərə xatırlatmalı idi ki, Harunun nəslindən olmayan kənar adamlardan heç kim Qarun və onun tərəfdaşları+ kimi hərəkət etməməli, buxur yandırmaq+ üçün Yehovanın hüzuruna gəlməməlidir. 41  Üstündən çox keçməmiş, elə növbəti gün bütün İsrail icması Musa ilə Haruna qarşı deyinib+ belə deməyə başladı: «Siz ikiniz Yehovanın xalqını qırğına verdiniz». 42  Camaat Musa ilə Haruna qarşı çıxmaq üçün bir yerə toplaşdı. Onlar Hüzur çadırına tərəf baxanda bir də gördülər ki, bulud çadırın üstünü örtüb, Yehovanın calalı görünür.+ 43  Musa ilə Harun Hüzur çadırının qarşısına getdilər.+ 44  Yehova onlara dedi: 45  «Bu kütlədən ayrılın, onları bir göz qırpımında məhv edəcəyəm».+ Bunu eşitcək onlar üzüstə yerə döşəndilər.+ 46  Musa Haruna dedi: «Buxurdanını götür, içinə qurbangahdan köz qoy,+ üstünə də buxur tök. Tez camaatın yanına get və onlar üçün kəffarə ver,+ çünki Yehovanın qəzəbi kükrəyib, qırğın başlayıb!» 47  Harun Musanın dediyi kimi, cəld buxurdanı götürüb camaatın içinə qaçdı. Qırğın artıq başlamışdı. O, buxurdana buxur töküb xalq üçün kəffarə verməyə başladı. 48  O, ölənlərlə sağ qalanların arasında durub yerindən tərpənmədi və nəhayət qırğın dayandı. 49  Qarun əhvalatında ölənlərdən savayı, qırğın vaxtı ölənlərin sayı 14 700 nəfər idi. 50  Qırğın dayanandan sonra Harun Hüzur çadırının girişinə, Musanın yanına qayıtdı.

Haşiyələr

Hərfən: gözünü oyub çıxarıb.
Hərfən: ey bütün bəşərin ruhunun Allahı.
İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.