Kontentə keç

Solda: Vellinqton bələdiyyə binasında yüzlərlə bacı-qardaşın iştirak etdiyi xüsusi toplantı (Yeni Zelandiya, Vellinqton, 8 mart 1947-ci il); sağda: Kent Terras 69 ünvanında yerləşən filial (Yeni Zelandiya, Vellinqton)

7 MART 2022
YENİ ZELANDİYA

Müjdəni təbliğ etmək hüququmuzun Yeni Zelandiyada «qanuni tanınmasından» 75 il ötüb

Müjdəni təbliğ etmək hüququmuzun Yeni Zelandiyada «qanuni tanınmasından» 75 il ötüb

Yetmiş beş il bundan əvvəl, 7 mart 1947-ci il tarixində Yeni Zelandiyada Yehovanın Şahidlərinin fəaliyyəti rəsmi şəkildə tanındı. Həmin gün Neytan Norr, Milton Henşel və Çarlz Kleyton (Gilad məktəbinin məzunu və Yeni Zelandiyaya təyin edilmiş ilk xüsusi təyinatlı müjdəçi) Yeni Zelandiya parlamentinə gəldilər. Dövlət məmurları onlara ölkədə Yehovanın Şahidlərinin rəsmi tanınmasını təsdiq edən sənəd təqdim etdilər. Yeni Zelandiyada təbliğ işi bu gün də davam edir və orada hal-hazırda 14 500-ə yaxın təbliğçi var.

Padşahlıq haqqında müjdə Yeni Zelandiyada 1898-ci ildə təbliğ olunmağa başlayıb. Təbliğçilərin sayı durmadan artırdı. İnsanların ədəbiyyatlarımız vasitəsilə Müqəddəs Kitabdakı həqiqəti öyrənməsi katolik kilsəsini qəzəbləndirirdi. Din xadimləri cəmiyyəti Yehovanın Şahidlərinə qarşı qaldırırdı. 1940-cı il oktyabrın 24-ü hökumət fəaliyyətimizi qadağan etdi. Ancaq 1941-ci il mayın 8-i parlament bu qərara düzəliş etdi: bacı-qardaşlara birgə toplaşmağa və təbliğ etməyə icazə verildi. Amma təbliğdə yalnız Müqəddəs Kitabdan istifadə edə bilərdilər, nəşrlərimizdən istifadə etməyə icazə yox idi. 1945-ci il martın 29-u qadağa rəsmi olaraq götürüldü və təbliğçilərin sayı yenidən artmağa başladı. Cəmi iki il ərzində təbliğçilərin sayı 40 faiz artaraq 659 nəfərə çatdı! Bu isə həmin dövr üçün ən yüksək göstərici idi.

Soldan sağa: Çarlz Kleyton, Milton Henşel və Neytan Norr parlament binasının qarşısında. Yehovanın Şahidlərinin rəsmi tanınması haqqında sənədi alandan sonra (1947-ci il)

1947-ci ildə Neytan qardaş xidmətlə bağlı müxtəlif ölkələrə etdiyi səfər çərçivəsində Yeni Zelandiyanı da ziyarət etdi. Parlamentə gəlməyi məhz o zamana təsadüf etmişdi.

Fəaliyyətimizin tanınması haqda rəsmi sənədi aldıqdan sonra ölkədə təbliğ işini daha yaxşı təşkil etmək üçün Vellinqtonda filial təsis olundu. İlk filial xidmətçisi Robert Lazenbi oldu.

Bir müddət sonra Neytan qardaş Yeni Zelandiya haqda hesabatında yeni filialla və təbliğçilərin artması ilə əlaqədar belə yazmışdı: «Hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və filialın göstərişlərinə əməl etməyə hazırdır».

1947-ci il 8 və 9 mart tarixlərində Neytan Norr və Milton Henşel Vellinqtonda keçirilən xüsusi toplantıda çıxış etdi. Proqramın səhər hissəsi bələdiyyə binasında, günorta hissəsi isə yaxınlıqdakı texniki kollecdə keçirildi. Toplantıda 500-ə yaxın bacı-qardaş iştirak etdi.

O vaxt 17 yaşı olan Beril Tod bacı xatırlayır: «Bu, iştirak etdiyim ən böyük toplantı idi! Neytan qardaşı gördüyüm üçün çox sevinirdim!» Sonralar Yeni Zelandiya filialının koordinatoru kimi xidmət edən Klayd Kanti həmin gün vəftiz olundu.

1947-ci il martın 10-u isə Oklenddə Neytan Norr, Milton Henşel və Robert Lazenbinin çıxışlarını dinləməyə 300 nəfər gəldi. Neytan qardaş dedi: «Mən əminəm ki, bu ərazidə hələ çox iş görəcəyik, burada gözəl inkişaf olacaq».

Neytan qardaşın dediyi kimi oldu. Növbəti səkkiz il ərzində Yeni Zelandiyada təbliğçilərin sayı hər il orta hesabla 18 faiz artırdı. 1955-ci ildə orada 2519, 1989-cu ildə isə artıq 10 000 təbliğçi var idi.

Yeni Zelandiyada «müjdənin... qanuni tanınmasında» qardaşlara kömək etdiyinə görə Allahımız Yehovaya şükür edirik (Filippililərə 1:7).