Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Daha özümdən utanmıram»

«Daha özümdən utanmıram»
  • Doğulduğu il: 1963

  • Ölkə: Meksika

  • Keçmişdə: Küçələrdə yaşayırdı, özünü dəyərsiz hiss edirdi

KEÇMİŞİM

 Şimali Meksikada, Syudad-Obreqon şəhərində anadan olmuşam. Ailədə doqquz uşaqdan beşincisi idim. Şəhərdən aralıda kiçik fermada yaşayırdıq. Ora gözəl yer idi, ailəmiz möhkəm və xoşbəxt idi. Əfsus ki, beş yaşım olanda qasırğa fermamızı darmadağın etdi və biz başqa şəhərə köçməli olduq.

 Atam yaxşı pul qazanmağa başladı. Lakin eyni zamanda içkiyə qurşandı. Bu, ailəmizə təsirsiz ötüşmədi. Qardaşlarımla birgə siqaret çəkməyə başladıq, onları atamdan oğurlayırdıq. İlk dəfə içki içməyə başlayanda cəmi altı yaşım var idi. Çox keçməmiş valideynlərim boşandı və mənim pis vərdişlərim daha da artdı.

 Anam başqa bir kişi ilə yaşamağa başladı. Biz də onun yanında qalırdıq. O kişi anama pul vermirdi, anamın qazancı ilə dolana bilmirdik. Ona görə də bacı-qardaşlarımla hansı işdə olsa işləyirdik, amma yenə də güclə qəpiyi qəpiyə calayırdıq. Ayaqqabı təmizləyirdim, çörək, qəzet, saqqız və digər şeylər satırdım. Şəhəri dolaşıb varlıların zibil yeşiklərində yemək axtarırdım.

 On yaşım olanda bir kişi məni şəhərdəki zibilxanada işləməyə çağırdı. Onun təklifini qəbul etdim, məktəbi atdım, evi tərk etdim. Gündə bir dollardan da az pul və zibilxanadan yığdığı yeməklərdən verirdi. Tullantılardan düzəltdiyim komada yaşayırdım. Yan-yörəmdəki insanlar söyüşkən və əxlaqsız idi. Bəziləri narkotik və spirtli-içki aludəçisi idi. O günlər həyatımın ən ağır günləri idi, hər axşamı qorxu içində, ağlayaraq keçirirdim. Yoxsul, təhsilsiz olduğuma görə özümdən utanırdım. Təxminən üç il zibillikdə yaşadım. Sonra Meksikanın başqa bir əyalətinə köçdüm. Orda tarlalarda işləyirdim, gül, pambıq, şəkər qamışı və kartof yığırdım.

Üç il ərzində belə bir zibillikdə yaşamışam

 Dörd ildən sonra Syudad-Obreqona geri qayıtdım. Xalalarımdan biri cadugər həkim idi, o, mənə evində bir otaq ayırdı. Gecələr qarabasmalar görməyə başlamışdım, o qədər kədərə qərq olmuşdum ki, hətta özümü öldürmək istəyirdim. Bir gecə Allaha dua edib dedim: «Ya Rəbb, əgər sən varsansa, səni tanımağıma kömək et, sonsuza qədər sənə xidmət edərəm. Əgər haqq din deyə bir şey varsa, onu tapmaq istəyirəm».

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Həmişə Allah haqqında öyrənmək istəmişəm. Hələ uşaq yaşlarımdan çoxlu məzhəblərin kilsələrinə getmişəm, amma hamısı ümidlərimi puça çıxardı. Bu kilsələrin heç birində, demək olar ki, Müqəddəs Kitabdan danışmırdılar, nə də Allahı yaxından tanımağıma kömək etmirdilər. Bəziləri ancaq pul dərdində idi, digərlərinin üzvləri əxlaqsız həyat tərzi sürürdü.

 19 yaşım olanda yeznələrimdən biri mənə Yehovanın Şahidləri haqda danışdı. Şahidlər ona Müqəddəs Kitabda surət və rəmzlərə ibadət haqda nə deyildiyini göstərmişdilər. O, mənə Çıxış 20:4, 5 ayələrini oxudu. Orada deyilir ki, surət düzəltməməliyik. 5-ci ayədə yazılıb: «Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham». Sonra yeznəm soruşdu: «Əgər Allah möcüzə göstərmək üçün təsvirlərdən istifadə edirsə, yaxud Ona ibadətdə təsvirlərdən istifadə etməyimizi istəyirsə, onları niyə qadağan edir?» Bu sual məni düşündürdü. Bundan sonra bir necə dəfə Müqəddəs Kitab əsasında söhbətlərimiz oldu. Bu mövzular mənə o qədər maraqlı idi ki, vaxtın necə keçdiyini hiss etmirdim.

 Bir gün o, məni Yehovanın Şahidlərinin ibadət görüşünə apardı. Orada gördüklərimə və eşitdiklərimə məəttəl qaldım. Hətta azyaşlılar da görüşdə iştirak edir, kürsüdən səlis çıxış edirdilər! Öz-özümə düşündüm: «Gör insanlar burada necə möhtəşəm təlim alır!» Uzun saçlarıma, səliqəsiz görünüşümə baxmayaraq, Şahidlər məni xoş qarşıladı. Hətta bir ailə görüşdən sonra məni evlərinə yeməyə dəvət etdi.

 Şahidlərlə Müqəddəs Kitabı öyrəndikcə, Yehovanın necə məhəbbətli Ata olduğunu və maddi, sosial, irqi vəziyyətinə, təhsilinə baxmadan hər kəsin qeydinə qaldığını öyrəndim. O, həqiqətən «ayrı-seçkilik etməyən Allahdır» (Həvarilərin işləri 10:34, 35). Axır ki, Allahı tanımaq arzum gerçəkləşirdi. Daxilimdəki boşluq hissi keçib gedirdi.

MƏNƏ FAYDASI

 Həyatım köklü şəkildə dəyişməyə başladı! Siqareti, sərxoşluğu və təhqiramiz danışığı tərgitdim. Uşaqlıqdan bəri qəlbimdə daşıdığım inciklik və gecələr gördüyüm qarabasmalar keçmişdə qaldı. Uşaqlığımda aldığım emosional travmalara və təhsilsiz olduğuma görə duyduğum dəyərsizlik hissindən qurtuldum.

 Yehovanı çox sevən və mənə böyük dayaq olan gözəl həyat yoldaşım var. Hal-hazırda Yehovanın Şahidi olaraq səyyar nəzarətçi kimi xidmət edirəm. Dindaşlarıma dəstək olmaq və onlara təlim vermək üçün yığıncaqları ziyarət edirəm. Müqəddəs Kitabın yaralarımı sağaltması və Allahın verdiyi möhtəşəm təhsil sayəsində daha özümdən utanmıram.

Bir vaxtlar mənə kömək etmişdilər, indi isə yoldaşımla mən sevə-sevə başqalarına kömək edirik