MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
«Daha zorakılığın qulu deyiləm»
Doğulduğu il: 1956
Ölkə: Kanada
Keçmişdə: Məyus, əxlaqsız və qəddar insan
KEÇMİŞİM
Mən Kanadanın Alberta vilayətinin Kalqari şəhərində anadan olmuşam. Körpə olanda valideynlərim boşandılar. Anam məni də götürüb, atasıgilə köçdü. Nənəmlə babam anamı da, məni də çox sevirdi. Uşaqlığım çox xoş keçib. Hələ də o xoşbəxt illəri sevə-sevə xatırlayıram.
Yeddi yaşımda həyatım büsbütün dəyişildi. Anam yenidən atamla barışdı. Biz Birləşmiş Ştatların Missuri ştatının Sent-Luis şəhərinə köçdük. Çox keçməmiş atamın qəddar olduğunu gördüm. Məsələn, məktəbin birinci günü evə gələndə atam bildi ki, uşaqlar mənə sataşıblar, mən isə onların cavabını verməmişəm. O, bərk qəzəbləndi və məni məktəbdəki uşaqlardan da bərk vurdu. Bu mənə dərs oldu və mən yeddi yaşımdaca ilk dəfə dalaşdım.
Atamın pis xasiyyəti anamı da özündən çıxarırdı. Onların arasında tez-tez dava-qırğın olurdu. On bir yaşım olanda içkiyə, narkotikə qurşandım. Get-gedə lap aqressiv olurdum. Tez-tez küçədə dava edirdim. Məktəbi qurtaranda isə artıq tamamilə dəyişib, zorakı insan olmuşdum.
On səkkiz yaşına çatanda Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə yazıldım. Orada aldığım təlim aqressiyamı ölümcül zərbələrlə ifadə etməyi mənə öyrətdi. Beş ildən sonra hərbini tərk etdim ki, psixologiyanı öyrənib, Federal Təhqiqat Bürosunda işə düzəlim. Birləşmiş Ştatlarda universitetə daxil oldum. Lakin Kanadaya köçəndən sonra təhsilimi Kanadada davam etdirdim.
Universitetdə oxuyanda insanlar, cəmiyyət məni məyus etdi. Hamı öz mənfəətini güdürdü. Hər şey mənə mənasız gəlirdi. Bəşəriyyətin problemlərinin həlli yolunu görmürdüm. İnsanların dünyanı yaxşılaşdıracağına heç bir gümanım qalmamışdı.
Yaşamaqda bir məna görmədiyim üçün günlərimi içkiylə, narkotiklə keçirirdim. Fikrim-zikrim pulda və seksdə idi. Hər günüm kef məclislərində keçirdi, gündə bir qadınla gəzirdim. Hərbidə aldığım təlimə arxalanaraq tez-tez dalaşırdım. Ədalətə özümə məxsus baxışım var idi. Kimin başqalarına qarşı ədalətsiz olduğunu düşünürdümsə, onu yerində otuzdururdum. Əslində isə zorakılığın quluna çevrilmişdim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
Bir dəfə evimin zirzəmisində dostumla narkotik qəbul etmişdik və qeyri-qanuni satış üçün marixuana qablaşdırırdıq. Dostum məndən Allaha inanıb-inanmadığımı soruşdu. Mən dedim: «Əgər dünyadakı bu qədər əzab-əziyyətin səbəbkarı Allahdırsa, mən Onu heç tanımaq da istəmirəm». Səhəri gün yeni iş yerimdə ilk günüm idi. Yehovanın Şahidi olan iş yoldaşım məndən soruşdu: «Səncə, dünyadakı əzab-əziyyətin səbəbkarı Allahdır?» Dediyim sözün səhəri günü onun belə bir sual verməsi məni təəccübləndirdi və maraq oyatdı. Növbəti altı ay ərzində biz çox söhbətlər etdik. O həmişə mənə Müqəddəs Kitabdan həyatla bağlı çətin sualların cavabını göstərirdi.
Həmin vaxt nişanlı idim və nişanlımla bir evdə yaşayırdım. O istəmirdi ki, öyrəndiyim şeyləri ona danışım. Bir bazar günü ona dedim ki, Yehovanın Şahidlərini Müqəddəs Kitabı bizə öyrətmək üçün evə dəvət etmişəm. Səhəri günü işdən evə gələndə gördüm ki, evdən hər şeyini yığışdırıb, çıxıb gedib. Mən bayıra çıxıb ağladım. Allaha dua edib Ondan kömək istədim. Birinci dəfə idi ki, Allaha duada Yehova adı ilə müraciət edirdim (Zəbur 83:18).
İki gündən sonra Yehovanın Şahidi olan bir ər-arvad ilk dəfə mənə Müqəddəs Kitab dərsi keçdilər. Onlar çıxıb gedəndən sonra «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» adlı dərs vəsaitini oxumağa davam etdim və həmin gecə kitabı oxuyub qurtardım a. Yehova Allah və Oğlu İsa Məsih haqqında öyrəndiklərim ürəyimə işlədi. Öyrəndim ki, Yehova şəfqətli Allahdır, biz əzab çəkəndə O da əzab çəkir (Əşiya 63:9). Allahın mənə olan sevgisi, uğrumda Oğlunu qurban verməsi mənə çox təsir etdi (1 Yəhya 4:10). Başa düşdüm ki, Yehova mənə səbir edib, çünki O, «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9). Aydın görürdüm ki, Yehova məni Özünə cəlb edir (Yəhya 6:44).
Elə həmin həftə yığıncaq görüşlərinə getməyə başladım. Saçım uzun idi, qulağıma sırğa taxırdım, görkəmim çox qorxulu idi. Amma Yehovanın Şahidləri mənimlə elə rəftar edirdi ki, sanki çoxdan itirdikləri ailə üzvlərini tapıblar. Onlar əsil məsihi kimi davranırdılar. Mənə elə gəlirdi ki, sanki yenə də babamgilin evindəyəm. Amma bura ondan da yaxşı idi.
Müqəddəs Kitabdan öyrəndiklərim yavaş-yavaş məni dəyişirdi. Saçlarımı kəsdim, əxlaqsızlığa son qoydum, narkotikdən, içkidən əl çəkdim (1 Korinflilərə 6:9, 10; 11:14). Mən Yehovanı razı salmaq istəyirdim. Hansısa hərəkətimin Allahın xoşuna gəlmədiyini biləndə heç vaxt özümə bəraət qazandırmırdım. Əksinə, çox pis olurdum, öz-özümə deyirdim ki, bir də bunu etməyəcəyəm. Tərəddüd etmədən düşüncəmi, hərəkətlərimi dəyişməyə çalışırdım. Bunun sayəsində, çox keçməmiş Yehovanın dediyi kimi yaşamağın xeyrini görməyə başladım. 1989-cu il iyulun 29-da, ilk Müqəddəs Kitab dərsindən altı ay sonra Yehovanın Şahidi kimi vəftiz olundum.
MƏNƏ FAYDASI
Müqəddəs Kitab mənə xasiyyətimi dəyişməyə kömək etdi. Əvvəllər kiminləsə sözüm çəp gələndə dərhal ona zorakılıqla cavab verirdim. İndi isə hamı ilə sülhdə olmağa çalışıram (Romalılara 12:18). Bu öz gücümə olmayıb, Yehova Öz Kəlamının və müqəddəs ruhunun qüvvəsi ilə mənə dəyişməyə kömək edib (Qalatiyalılara 5:22, 23; İbranilərə 4:12).
Mən artıq narkotikin, zorakılığın və əxlaqsız arzuların qulu deyiləm. Yehova Allahı razı salmağa və Onun üçün əlimdən gələni etməyə çalışıram. İnsanlara Allahı tanımağa kömək edirəm. Vəftiz olunandan bir neçə il sonra başqa ölkəyə köçdüm ki, təbliğçiyə tələbat olan yerlərdə kömək edim. İllər ərzində çox adama Müqəddəs Kitab dərsi keçmişəm, Müqəddəs Kitabın onların həyatını necə yaxşılaşdırdığının şahidi olmuşam. Çox sevinirəm ki, anam da Yehovanın Şahidi oldu. Buna mənim xasiyyətimdəki və davranışımdakı müsbət dəyişikliklərin də müəyyən dərəcədə təsiri oldu.
1999-cu ildə Salvadorda indi Padşahlıq Müjdəçiləri Məktəbi adlanan məktəbi qurtardım. Bu məktəbdə daha yaxşı təbliğ etmək və şagird hazırlamaq üçün, o cümlədən yığıncağın qayğısına qalmaq üçün təlim aldım. Həmin ilin axırı Yevqeniya adlı bir məsihi ilə ailə qurdum. Hazırda birlikdə Qvatemalada tamvaxtlı təbliğçi kimi xidmət edirik.
Hal-hazırda mən həyatdan əlini üzən əvvəlki Maykl deyiləm. İndi çox xoşbəxtəm. Müqəddəs Kitaba uyğun yaşamağın sayəsində əxlaqsızlıqdan, zorakılıqdan azad olmuşam. Həqiqi sevgi və sülhlə dolu bir həyat sürürəm.
a Yehovanın Şahidləri hazırda «Əbədi xoşbəxt həyat!» adlı dərs vəsaitindən istifadə edir.