Kontentə keç

Mündəricatı göstər

KEÇMİŞƏ NƏZƏR

İbn əl-Heysəm

İbn əl-Heysəm

Əbu Əli əl-Həsən ibn əl-Heysəm. Avropada onu Alhazen kimi tanıyırlar. Bu onun adının (əl-Həsən) latınlaşdırılmış formasıdır. Bəlkə də, onun haqqında heç vaxt eşitməmisiniz, amma onun həyat fəaliyyətindən hər birimiz yararlanırıq. O, «elm tarixində çox önəmli və nüfuzlu şəxslərdən biri» kimi təsvir olunur.

İbn əl-Heysəm təxminən eramızın 965-ci ilində indiki İraqın Bəsrə şəhərində anadan olmuşdur. O, astronomiya, kimya, riyaziyyat, tibb, musiqi, optika, fizika və poeziya ilə maraqlanırdı. Bəs hansı sahədəki nailiyyətlərinə görə ona minnətdar olmalıyıq?

NİL ÜZƏRİNDƏ BƏND

İbn əl-Heysəm haqda bir rəvayət uzun müddət dildən-dilə dolaşmışdı. Bu, onun Nil çayının axınını tənzimləmək planı haqda idi. İbn əl-Heysəmin bu planı təxminən min il sonra, 1902-ci ildə Asuanda həyata keçirilmişdi.

Rəvayətə görə, ibn əl-Heysəm Misirdə quraqlıq və daşqının fəsadlarını azaltmaq üçün Nil üzərində bənd çəkməklə bağlı iddialı planlar irəli sürür. Qahirə hökmdarı xəlifə əl-Hakim bu haqda eşidəndə onu bənd çəkməsi üçün Misirə dəvət edir. İbn əl-Heysəm gəlib çayı öz gözləri ilə görəndə bu layihənin onun imkanı daxilində olmadığını başa düşür. Dəyişkən xarakterli xəlifənin cəzasından qorxaraq o, canını qurtarmaq üçün 1021-ci ilə — xəlifənin ölümünə qədər, təxminən 11 il ərzində özünü dəliliyə vurur. Bu müddət ərzində onu maraqlandıran digər sahələrlə məşğul olmağa bol vaxtı olur.

«OPTİKANIN XƏZİNƏSİ» ƏSƏRİ

İbn əl-Heysəmin sərbəst buraxılana qədər əksər hissəsini tamamladığı yeddi cildlik «Optikanın xəzinəsi» əsəri «fizika tarixində ən əhəmiyyətli kitablardan biri» hesab olunur. O, burada işığın rənglərə parçalanması, güzgülərdə əks olunması və bir mühitdən digər mühitə keçərkən sınması da daxil olmaqla, işığın xassələri üzərində apardığı təcrübələrdən bəhs edir. O həmçinin vizual qavrayışı, gözün anatomiyası və quruluşunu tədqiq etmişdi.

Artıq XIII əsrdə ibn əl-Heysəmin əsərləri ərəbcədən latın dilinə tərcümə edilmişdi. Əsrlər sonra Avropa alimləri nüfuzlu mənbə kimi onun əsərlərinə istinad edirdilər. İbn əl-Heysəmin linzaların xüsusiyyətləri ilə bağlı apardığı qeydlər Avropada linzaları bir-birinin qarşısına qoymaqla mikroskop və teleskopu ixtira edən eynək istehsalçılarının işinin bünövrəsi oldu.

KAMERA OBSKURA

İbn əl-Heysəm ilk kamera obskura sayılan qurğunu düzəldəndə fotoqrafiyanın əsasını təşkil edən prinsipləri müəyyən etdi. Bu qurğu qaranlıq qutudan ibarətdir. İşıq kiçik ölçülü dəlik vasitəsilə «qaranlıq otağa» daxil olaraq qarşısında olan divarın üzərinə çöldəki mənzərənin tərs görüntüsünü əks etdirir.

İbn əl-Heysəm ilk kamera obskura sayılan qurğunu düzəldib

1800-cü ildə qalıcı təsvirlər əldə etmək üçün kamera obskuraya fotoqrafik lövhələr əlavə edildi. Nəticədə, fotoaparat yarandı. Bütün müasir fotoaparatlar — elə gözümüzün özü də kamera obskuranın fiziki prinsiplərinə malikdir *.

ELMİ METOD

İbn əl-Heysəmin işlərini heyrətamiz edən onun təbii hadisələri sistematik və xırdalığına qədər araşdırması idi. Onun yanaşma tərzi həmin dövr üçün olduqca qeyri-adi idi. İbn əl-Heysəm nəzəriyyələrini təcrübə yolu ilə sınaqdan keçirən ilk tədqiqatçılardan biridir. O, əsası olmayan qəbul edilmiş hikməti şübhə altına almaqdan çəkinmirdi.

Müasir elmin mövqeyini növbəti şüarla səciyyələndirmək olar: «İnamını əsaslandır!» Bəziləri ibn əl-Heysəmi «müasir elmi metodun atası» adlandırır. Odur ki, bizim ona minnətdar olmağa çox səbəbimiz var.

^ abz. 13 Gözlərimizlə kamera obskura arasındakı bənzərlik XVII əsrdə İohann Kepler tərəfindən açıqlanana qədər şərqdə tam dərk edilməmişdi.