Kontentə keç

Mündəricatı göstər

Həyatdan məmnunluq duymağın sirləri

Həyatdan məmnunluq duymağın sirləri

Subay və ya evli, yaşlı, yaxud cavan olmasından asılı olmayaraq, hər kəs istəyir ki, xoşbəxt olsun və həyatdan məmnunluq duysun. Yaradanımız da bunu istəyir, buna görə də bizə çox gözəl məsləhətlər verir.

Zəhmətkeş olun

«Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın ki, korluq çəkənə də əl tuta bilsin» (EFESLİLƏRƏ 4:28).

Allah istəyir ki, biz işgüzar olaq. Çünki zəhmətkeş insan xoşbəxtdir. O özünü və ailəsini dolandıra bilir. Ehtiyacı olanlara əl tutur. Belə adamın iş yerində qədir-qiyməti olur. Buna görə də, çox ehtimal ki, işini də itirmir. İnsanın öz zəhməti ilə əldə etdiyi bu nailiyyətlər Müqəddəs Kitabda Allahın bəxşişi adlanır (Vaiz 3:13).

Dürüst olun

«Vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İBRANİLƏRƏ 13:18).

Dürüst insan özünə hörmət edir, qorxu-hürkü bilmir, gecələr rahat yatır. Başqaları da ona inanır və hörmət edir. Amma nadürüst insan özünü bütün bunlardan məhrum edir. Vicdanı onu narahat edir. Qorxu içində yaşayır ki, birdən nadürüst əməllərinin üstü açılar.

Pula düzgün yanaşın

«Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İBRANİLƏRƏ 13:5).

Dolanmaq və tələbatlarımızı ödəmək üçün bizə pul lazımdır. Amma pulpərəstlik çox təhlükəlidir. Pulpərəst adam bütün vaxtını və gücünü pul qazanmağa sərf edir. Pul sevdası ucbatından ailəsində gərginlik yaranır, uşaqlarına vaxt ayıra bilmir, hətta sağlamlığı da əldən gedir (1 Timutiyə 6:9, 10). Ən betəri isə odur ki, pulpərəst adam nadürüstlüyə də əl atır. Bir hikmətli insan demişdi: «Sadiq insanın xeyir-bərəkəti olar. Tez varlanmaq istəyən təmiz qalmaz» (Məsəllər 28:20).

Ən yaxşı elmə yiyələnin

«Hikməti, düşüncəni qoru» (MƏSƏLLƏR 3:21).

Təhsil bizə məsuliyyətli insan, yaxşı valideyn olmağa kömək edir, amma öz-özlüyündə insana xoş güzəran vəd etmir. Həyatın hər sahəsində uğur qazanmaq üçün biz Allahın elminə yiyələnməliyik. Müqəddəs Kitabda deyilir ki, Allaha itaət edən insan «hər işində uğur qazanar» (Zəbur 1:1—3).