Kontentə keç

Mündəricatı göstər

Hekayə 13

Allahın dostu İbrahim

Allahın dostu İbrahim

DAŞQINDAN sonra insanların məskunlaşdığı yerlərdən biri Ur adlanırdı. Ur gözəl evləri olan varlı bir şəhər idi. Amma oradakı insanlar yalançı allahlara ibadət edirdilər. Babildəki insanlar da eyni cür davranırdılar. Ur və Babilin camaatı Yehovaya xidmət edən Nuh və oğlu Sam kimi deyildilər.

Sadiq Nuh Daşqından 350 il sonra ölür. Bundan cəmi iki il sonra şəkildə gördüyün insan doğulur. Allah bu insanı çox sevirdi. Onun adı İbrahim idi. O, ailəsi ilə birlikdə Ur şəhərində yaşayırdı.

Bir gün Yehova İbrahimə deyir: ‘Ur şəhərini və qohumlarını tərk et və göstərəcəyim yerə get’. İbrahim Ur şəhərindəki rahat həyatını qoyub Allahın dediyinə əməl etdimi? Bəli, etdi. O, Allaha həmişə qulaq asdığı üçün hamı onu Allahın dostu kimi tanıyırdı.

İbrahim Urdan çıxarkən qohumlarından bir neçəsi — atası Terah, qardaşı oğlu Lut və əlbəttə ki, arvadı Sara da onunla gedir. Bir müddətdən sonra onlar Xarana gəlirlər. Terah orada ölür. İndi onlar Urdan çox-çox uzaqdadırlar.

Bir azdan İbrahim və onun ailəsi Xaranı tərk edib, Kənan torpağına gəlirlər. Yehova deyir: ‘Sənin övladlarına verəcəyim torpaq budur’. İbrahim orada məskən salıb çadırlarda yaşayır.

Allah İbrahimə kömək edirdi, buna görə də onun böyük qoyun sürüləri və başqa heyvanları var idi. Onun yüzlərlə qulluqçusu da var idi. Ancaq İbrahimlə Saranın uşaqları yox idi.

İbrahimin 99 yaşı olanda Allah ona deyir: ‘Söz verirəm ki, sən bir çox millətlərin atası olacaqsan’. Bu necə ola bilərdi, axı İbrahimlə Sara dünyaya uşaq gətirmək üçün çox qoca idilər?!