Kontentə keç

Mündəricatı göstər

Hekayə 20

Dinaya bədbəxtlik üz verir

Dinaya bədbəxtlik üz verir

GÖRÜRSƏN Dina hara gəlir? O, Kənan torpağında yaşayan qızların yanına gəlir. Səncə, atası Yaqub bunu bilsəydi, onun xoşuna gələrdimi? Buna cavab vermək üçün gəl İbrahimlə İshaqın kənanlı qadınlar haqqında nə düşündüklərini xatırlayaq.

İbrahim oğlu İshaqın kənanlı qızla evlənməsini istəyirdimi? Əlbəttə, yox. Bəs İshaqla Rivqa necə? Oğulları Yaqubun kənanlı qız almasını istəyirdilərmi? Xeyr. Heç bilirsən nəyə görə?

Ona görə ki, kənanlılar yalançı allahlara ibadət edirdilər. Kənanlılardan nə yaxşı ər, nə yaxşı arvad, nə də yaxın dost çıxardı. Beləliklə, əmin ola bilərik ki, Yaqub qızı Dinanın kənanlı qızlarla dostluq etməsinə razı olmazdı.

Amma Dina öz başına bəla açır. Şəkildə Dinaya baxan kənanlı kişini görürsənmi? Onun adı Şekemdir. Bir gün Dina qızların yanına gələndə Şekem Dinanı aparır və özü ilə yatmağa məcbur edir. Bu, çox pis işdir, çünki yalnız evli kişi və qadın bir yerdə yata bilərlər. Şekemin Dinaya etdiyi bu pis hərəkət daha çox bəlalara səbəb olur.

Dinanın qardaşlarına bu hadisə çox pis təsir edir. Onlardan ikisi — Şimeon və Levi o qədər qəzəblənir ki, qılınclarını götürüb, gözlənilmədən şəhərə daxil olurlar. Qızın qardaşları Şekemi və bütün kişiləri öldürürlər. Oğullarının bu cür pis hərəkətinə Yaqubun bərk qəzəbi tutur.

Bəs bütün bu bəlalar nədən başlanır? Dinanın Allahın qanunlarına əməl etməyən insanlarla dostluq etməsindən. Biz belə insanlarla dost olmaq istəmirik, elə deyilmi?