Kontentə keç

Mündəricatı göstər

Hekayə 25

Yaqubun ailəsi Misirə köçür

Yaqubun ailəsi Misirə köçür

YUSİF artıq özünü saxlaya bilmir. O, nökərlərinə otaqdan çıxmağı əmr edir. Qardaşları ilə tək qalanda hönkür-hönkür ağlayır. Təsəvvür edə bilərik qardaşları buna nə qədər təəccüblənirlər, axı onlar Yusifin nəyə görə ağladığını bilmirlər. Nəhayət, o deyir: ‘Mən Yusifəm. Atam hələ sağdırmı?’

Yusifin qardaşları özlərini itirdiklərindən cavab verə bilmirlər. Onları qorxu bürüyür. Yusif isə onlara deyir: ‘Qorxmayın, yaxın gəlin. Mən, Misirə satdığınız qardaşınız Yusifəm’.

Yusif mehribancasına sözünə davam edir: ‘Məni buraya satdığınız üçün özünüzü günahlandırmayın. Allah insanların həyatını qorumaq üçün məni Misirə göndərdi. Firon məni bütün ölkənin başçısı etdi. İndi isə atamın yanına tələsin və hər şeyi ona söyləyin. Ona deyin, gəlib burada yaşasın’.

Sonra o, qardaşlarının boynuna sarılıb onları öpür. Firon Yusifin qardaşlarının gəlişindən xəbər tutanda ona deyir: ‘Onlara arabalar ver. Qoy, gedib atanı və öz ailələrini buraya gətirsinlər. Mən onlara Misirin ən yaxşı torpağını verərəm’.

Onlar belə də edirlər. Şəkildə Yusifin atası ilə necə görüşdüyünə baxa bilərsən. Onlar indicə ailəliklə Misirə gəliblər.

Kənanda yaşadıqları müddətdə Yaqubun ailəsi çox böyüyüb. Yaqub uşaqları və nəvələri ilə birlikdə Misirə köçdü. Onun ailəsinin sayı 70 nəfər idi. Bundan başqa, onun ailəsində qadınlar və güman ki, coxlu qulluqçular da vardı. Onların hamısı Misirdə məskən salırlar. Allah Yaqubun adını dəyişib İsrail qoymuşdu. Buna görə də onlar israilli adlanırlar. İsraillilər Allahın xalqı olur. Bu haqda səninlə daha ətraflı öyrənəcəyik.