Kontentə keç

Mündəricatı göstər

Hekayə 28

Körpə Musa sağ qalır

Körpə Musa sağ qalır

ŞƏKİLDƏ qızın barmağından tutub ağlayan körpəni görürsən? Bu Musadır. Bilirsən bu qəşəng qız kimdir? O, fironun qızı, Misir şahzadəsidir.

Musanın anası istəmir ki, misirlilər onun uşağını öldürsünlər, buna görə də onu üç ay gizlədir. Amma o bilir ki, Musanı əvvəl-axır tapacaqlar. Gəl görək anası onu xilas etmək üçün nə edir.

O, bir səbət götürür və su keçirməsin deyə, onu yaxşıca bərkidir. Sonra balaca Musanı onun içinə qoyub, səbəti Nil çayının qırağında bitən qamışların arasına buraxır. Qızı Məryəmə isə tapşırır ki, yaxınlıqda durub nə baş verəcəyinə baxsın.

Bir azdan fironun qızı Nil çayına çimməyə gəlir. Birdən qamışların arasındakı səbət onun gözünə sataşır. O, kənizlərindən birini çağırıb deyir: ‘Get, o səbəti mənə gətir’. Bilirsən şahzadə səbəti açanda kimi görür? Balaca, qəşəng Musanı. Şahzadə körpənin ağladığını görəndə ona yazığı gəlir. O istəmir ki, uşağı öldürsünlər.

Məryəm tez onlara yaxınlaşır. Onu şəkildə görə bilərsən. O, fironun qızından soruşur: ‘İstəyirsiz, bu uşağı əmizdirmək üçün gedib israilli bir qadın gətirim?’

— Hə, get, deyə şahzadə cavab verir.

Məryəm cəld qaçıb, hadisəni anasına danışır. Musanın anası gələndə şahzadə ona deyir: ‘Bu körpəni götür və mənim üçün əmizdir, sənə bunun haqqını verərəm’.

Beləliklə, Musaya öz anası baxır. Uşaq bir qədər böyüdükdən sonra, anası onu fironun qızına verir, o da Musanı oğulluğa götürür. Bax beləcə Musa fironun evində boya-başa çatır.