Kontentə keç

Mündəricatı göstər

Hekayə 31

Musa və Harun fironun hüzurunda

Musa və Harun fironun hüzurunda

MUSA Misirə qayıdandan sonra qardaşı Haruna Allahın ona göstərdiyi möcüzələr haqqında danışır. Musa ilə Harun bu möcüzələri israillilərə göstərəndə, xalq Yehovanın onlara kömək etdiyinə inanır.

Budur, Musa və Harun fironla danışmağa gəlirlər və ona deyirlər: ‘İsrailin Allahı Yehova belə deyir: Xalqımı burax, qoy gedib üç gün səhrada Mənə ibadət etsin!’ Amma firon onlara cavab verir: ‘Mən Yehovanı tanımıram! İsraili də buraxmıram!’

Yehovaya ibadət etmək üçün israillilər işlərinə ara verməli idilər. Firon buna bərk qəzəblənir. Buna görə də onların işini daha da ağırlaşdırır. Misirlilərin onlarla bu qədər amansız davrandıqları üçün xalq Musanı günahlandırmağa başlayır. Musa yaman kədərlənir. Amma Allah ona deyir: ‘Narahat olma, elə edəcəyəm ki, firon məcbur olub xalqımı buraxacaq’.

Musa ilə Harun yenidən fironun yanına gedirlər. Bu dəfə ona möcüzə göstərirlər. Harun əsasını yerə atır və əsa böyük ilana çevrilir. Fironun sehrbazları da əsalarını yerə atanda onlar da ilana çevrilirlər. Amma bir bax! Harunun ilanı sehrbazların ilanlarını udur. Buna baxmayaraq, firon yenə də İsrail xalqını buraxmır.

Artıq fironun dərsini verməyin vaxtı çatıb. Bilirsən Yehova bunu necə edir? O, Misirin üzərinə 10 bəla göndərir.

Bir neçə bəladan sonra firon Musanı çağırıb belə deyir: ‘Bu bəlalara son qoy, xalqını buraxıram’. Amma bəlalar bitəndə firon sözündən dönür. İsraili heç yerə getməyə qoymur. Nəhayət, onuncu bəladan sonra firon israilliləri buraxır.

Bilirsən bu 10 bəla hansılardır? Səhifəni çevir və gəl onlar haqqında öyrənək.