Kontentə keç

Mündəricatı göstər

Hekayə 32

On bəla

On bəla

GƏL buradakı şəkillərə baxaq. Onlar Yehovanın Misirin üzərinə göndərdiyi bəlaları təsvir edir. Bax, birinci şəkildə Harun əlindəki əsanı Nil çayına vurur və su qana dönür. Oradakı balıqların hamısı ölür və çaydan pis iy gəlməyə başlayır.

Sonra Yehova möcüzə edir və Nil çayında olan bütün qurbağalar sahilə çıxır. Onlar hər yerə — sobalara, qazanlara, çarpayılara girirlər. Qurbağalar öləndə misirlilər onları topa-topa yığırlar və torpağı üfunət bürüyür.

Sonra Harun əsanı yerə vurur və yerdən qalxan toz mığmığaya dönür. Mığmığa qanadlı cücüdür, o dişləyəndə bərk incidir. Bu, Allahın Misirə göndərdiyi üçüncü bəla idi.

Qalan cəzalar isə israillilərə deyil, ancaq misirlilərə zərər vurur. Dördüncü bəla misirlilərin evlərinə dolan mozalan, yəni iri milçək yığınları idi. Beşinci bəla zamanı misirlilərin çöldəki mal-qarası, qoyun-keçisi, ümumiyyətlə bütün heyvanları qırılır.

Daha sonra Musa ilə Harun bir qədər kül götürüb havaya sovururlar. Bu zaman insanların və heyvanların bədənində irinli çibanlar çıxır. Bu altıncı bəla idi.

Bundan sonra Musa əlini göyə qaldırır və Yehova göydən yerə ildırım və dolu göndərir. Bu, Misirdə yağan ən dəhşətli dolu idi.

Səkkizinci bəlada Yehova Misirə çəyirtkə dəstələrini göndərir. Misirlilər ömürlərində bu qədər çəyirtkə görməmişdilər. Doludan sonra qalan hər şeyi çəyirtkələr yeyir.

Doqquzuncu bəla zamanı üç gün ərzində bütün ölkə zülmətə qərq olur. İsraillilərin yaşadığı ərazi isə işıqlı qalır.

Nəhayət, Allah əmr edir ki, israillilər quzu və ya çəpiş kəsib qanını qapılarının çərçivəsinə sürtsünlər. Sonra Allahın mələyi Misirin üzərindən keçir. Mələk, qapısına qan yaxılmış evlərdə yaşayanlara dəymir. Amma qapısına qan yaxılmamış evlərdəki insanların ilk oğullarını və heyvanların ilk balalarını öldürür. Bax beləcə onuncu bəla da qurtarır.

Sonuncu cəzadan sonra firon israilliləri buraxır. Allahın xalqı yola hazırlaşır və həmin gecə Misir torpağından çıxır.

Çıxış 7-12-ci fəsillər.