Kontentə keç

Mündəricatı göstər

Hekayə 38

On iki kəşfiyyatçı

On iki kəşfiyyatçı

BU ADAMLARIN gətirdiyi meyvələri görürsən? Üzüm salxımı o qədər böyükdür ki, onu iki kişi çiyinlərində gətirməli olub. Nara, əncirə bir bax. Bilirsən onlar bu meyvələri haradan gətiriblər? Kənan torpağından. Yadındadırsa, bir vaxtlar İbrahim, İshaq və Yaqub da Kənanda yaşamışlar. Amma aclıq zamanı Yaqub öz ailəsilə Misirə köçmüşdü. İndi, təxminən 216 il sonra, Musa israilliləri Kənana aparmağa hazırlaşır. Budur, onlar səhrada Qadeş adlanan yerə gəliblər.

Kənanın sakinləri pis adamdırlar. Buna görə də Musa oraya 12 kəşfiyyatçı göndərib onlara deyir: ‘Öyrənin görün orada nə qədər adam yaşayır. Onlar güclüdürlər, ya yox. Görün o torpaqda bir şey bitirmi. Oranın meyvəsindən gətirməyi də unutmayın’.

Kəşfiyyatçılar Qadeşə qayıdanda Musaya deyirlər: ‘Doğrudan da, gözəl yerlərdir!’ Bunu təsdiq etmək üçün onlar gətirdikləri meyvələri Musaya göstərirlər. Amma kəşfiyyatçılardan on nəfəri deyir: ‘Orada yaşayanlar yekə və güclüdürlər. O torpağı almağa getsək, mütləq öləcəyik’.

İsraillilər bunu eşidəndə qorxuya düşüb deyirlər: ‘Misirdə, ya da elə bu səhrada ölsəydik daha yaxşı olardı. Biz döyüşdə öləcəyik, arvad-uşaqlarımızı isə əsir aparacaqlar. Gəlin Musanın yerinə özümüzə yeni başçı seçək və Misirə qayıdaq!’

Amma kəşfiyyatçıların ikisi Yehovaya etibar edir və xalqı sakitləşdirməyə çalışır. Onların adı Yeşua və Kalevdir. Onlar xalqa deyirlər: ‘Qorxmayın! Yehova bizimlədir. O torpağı asanlıqla alacağıq’. Amma xalq qulaq asmır və hətta Yeşua ilə Kalevi öldürmək istəyir.

Yehova buna bərk qəzəblənib Musaya deyir: ‘20 yaşından yuxarı olan heç bir adam Kənan torpağına girməyəcək. Onlar Mənim Misirdə və səhrada etdiyim möcüzələri görə-görə yenə də Mənə etibar etmirlər. Elə bu səbəbdən onlardan axırıncısı ölənədək, 40 il səhrada dolaşacaqlar. Yalnız Yeşua ilə Kalev Kənan torpağına girəcək’.