Kontentə keç

Mündəricatı göstər

Hekayə 44

Raxav kəşfiyyatçıları gizlədir

Raxav kəşfiyyatçıları gizlədir

BU ADAMLAR çətinliyə düşüblər. Əgər qaçıb canlarını qurtarmasalar, onları öldürəcəklər. Bu kişilər israilli kəşfiyyatçılardır, onlara kömək edən qadın isə Raxavdır. Raxav Yerixo şəhərinin qala divarındakı evdə yaşayır. Gəl görək bu kişilər nə üçün çətinliyə düşüblər.

İsrail xalqı Kənan torpağına girmək üçün İordan çayını keçməyə hazırlaşır. Amma bunu etməzdən əvvəl Yeşua iki nəfər kəşfiyyatçıya tapşırıq verir: ‘Gedin, o torpağı və Yerixo şəhərini gözdən keçirin’.

Kəşfiyyatçılar Yerixo şəhərinə çatanda Raxavın evinə gəlirlər. Amma bir nəfər bu şəhərin padşahına çatdırır: ‘Torpağımızı gözdən keçirmək üçün bu gecə buraya iki israilli gəlib’. Padşah bunu eşidən kimi, Raxavın yanına adam göndərib əmr edir: ‘Evində olan adamları çıxart!’ Raxav isə onları evinin damında gizlədib padşahın adamlarına deyir: ‘Hə, evimə adamlar gəlmişdilər, amma haradan olduqlarını bilmirəm. Onlar hava qaralanda, şəhərin darvazaları bağlanmazdan əvvəl çıxıb getdilər. Tələssəniz, onlara çata bilərsiniz’. Padşahın adamları da onların dalınca düşürlər.

Bu adamları yola salandan sonra Raxav dama çıxıb kəşfiyyatçılara deyir: ‘Mən bilirəm ki, Yehova bu torpağı sizə verəcək. Misirdən çıxdığınız zaman Onun Qırmızı dənizin sularını necə qurutduğunu, Sixon və Oq padşahlarını öldürdüyünüzü eşitmişik. Sizə etdiyim yaxşılığa görə söz verin ki, siz də mənə yaxşılıq edəcəksiniz. Atamı və anamı, qardaşlarımı və bacılarımı xilas edəcəksiniz’.

Kəşfiyyatçılar razı olurlar. Amma xilas olmaq üçün Raxav da nə isə etməlidir. Onlar Raxava tapşırırlar: ‘Bu qırmızı ipi götür və pəncərənə bağla, qoy bütün qohumların sənin evinə yığılsınlar. Biz də Yerixonu almağa qayıdanda, bu ipi sənin pəncərəndə görüb ailə üzvlərindən heç birini öldürməyəcəyik’. Kəşfiyyatçılar Yeşuanın yanına qayıdıb hər şeyi ona danışırlar.