Kontentə keç

Mündəricatı göstər

Hekayə 45

Xalq İordan çayından keçir

Xalq İordan çayından keçir

BAX! İsraillilər İordan çayından keçirlər! Bəs çayın suyu hanı? Adətən ilin bu vaxtı çoxlu yağış yağır, buna görə də, cəmi bir neçə dəqiqə əvvəl çay aşıb-daşırdı. Amma indi sudan əsər-əlamət yoxdur. Budur, israillilər Qırmızı dənizdən keçdikləri kimi, indi də çayın quru hissəsi ilə keçirlər! Bəs çayın suyu hara çəkilib? Gəl baxaq.

İordan çayını keçmək vaxtı gələndə Yehova Yeşuaya buyurur ki, xalqa belə desin: ‘Kahinlər əhd sandığını götürməli və qarşınızda getməlidirlər. Onların ayaqları İordan çayına dəyən kimi çayın suları dayanacaq’.

Beləliklə, kahinlər əhd sandığını götürüb xalqın qarşısında gedirlər. Onlar İordan çayına yaxınlaşırlar. Çay çox iti axır və dərindir. Amma kahinlərin ayaqları suya dəyən kimi sular dayanır! Bu bir möcüzədir. Yehova suları yuxarı axarından dayandırıb, ona görə də çayın suyu kəsilib.

Əhd sandığını daşıyan kahinlər qurumuş çayın düz ortasına doğru gedirlər. Onları şəkildə görürsən? Kahinlər orada dayanarkən bütün xalq İordan çayının quru hissəsi ilə keçir.

Hamı çayı keçdikdən sonra Yehova Yeşuaya tapşırır ki, 12 nəfər güclü adam seçib onlara desin: ‘Çaya, kahinlərin əhd sandığı ilə durduğu yerə gedin. Oradan 12 daş götürüb, bu gecə qalacağınız yerdə qoyun. Gələcəkdə övladlarınız bu daşların nə olduğunu soruşanda onlara deyərsiz ki, Yehovanın əhd sandığı İordanı keçəndə çayın suları kəsilmişdi. Daşlar sizə bu möcüzəni xatırladacaq’. Yeşua kahinlərin durduğu yerə də 12 daş qoyur.

Nəhayət, Yeşua əhd sandığını daşıyan kahinlərə deyir: ‘İordan çayından çıxın’. Onlar çaydan çıxan kimi su yenidən axmağa başlayır.