Kontentə keç

Mündəricatı göstər

Hekayə 47

İsraildə oğru var

İsraildə oğru var

GÖR bu adam öz çadırında nə basdırır?! Gözəl paltar, qızıl külçəsi və bir neçə gümüş pul! O bunları Yerixo şəhərindən götürüb. Bəs yadındadır, Yerixodakı bütün əşyalarla nə etmək lazım idi?

Onları məhv etmək, qızıl-gümüşü isə Yehovanın çadırının xəzinəsinə vermək lazım idi. Deməli, bu adamlar Allahın sözündən çıxıblar. Onlar Allaha məxsus olan şeyləri oğurlayıblar. Bu kişinin adı Akan, yanında duranlar isə ailəsinin üzvləridir. Gəl görək sonra nə baş verir.

Akan bu şeyləri oğurladıqdan bir qədər sonra Yeşua Ay şəhərinə qarşı döyüşməyə adamlar göndərir. Amma onlar döyüşdə məğlub olurlar. Bəziləri ölür, qalanları isə qaçırlar. Yeşua çox kədərlənir. O, üzüstə yerə yıxılıb Yehovaya dua edir: ‘Nə üçün yol verdin ki, başımıza belə bir iş gəlsin?’

Yehova ona cavab verir: ‘Qalx! İsrail günah işlədib. Onlar Mənim çadırıma verilməli və məhv edilməli olan şeylərdən götürüblər. Gözəl bir paltar oğurlayıb gizlədiblər. Bu şeyləri və oğrunu məhv etməyincə sizə xeyir-dua verməyəcəyəm’. Yehova Yeşuaya söz verir ki, pis adamın kim olduğunu ona göstərəcək.

Yeşua bütün xalqı bir yerə toplayır. Yehova onların arasından oğru Akana işarə edir. Akan deyir: ‘Günahımı boynuma alıram. Gözəl bir paltar, qızıl külçəsi və bir neçə gümüş pul gördüm. İstədim ki, onlar mənim olsun, ona görə də götürdüm. Onları çadırımın içərisində basdırmışam’.

Bütün bu şeyləri tapıb Yeşuaya gətirirlər. Yeşua Akana deyir: ‘Bizi nə üçün bəlaya saldın? İndi Yehova səni bəlaya salacaq!’ O, bu sözləri deyən kimi, bütün xalq Akanı və onun ailəsini daşqalaq edir. Bəs sən bu hadisədən nə öyrəndin? Bəli, heç vaxt başqasına məxsus olan şeyləri götürmək olmaz!

Bundan sonra İsrail yenidən Ay şəhərinə hücum edir. Bu dəfə Yehova Allah xalqına kömək edir və onlar qələbə çalırlar.