Kontentə keç

Mündəricatı göstər

Hekayə 48

Ağıllı giveonlular

Ağıllı giveonlular

KƏNAN torpağındakı xalqların çoxu İsrailə qarşı döyüşməyə hazırlaşır. Onlar qələbə çalacaqlarını düşünürlər. Lakin yaxınlıqda yerləşən Giveon şəhərinin sakinləri belə düşünmür. Onlar Allahın israillilərə kömək etdiyinə inanır və Allaha qarşı döyüşmək istəmirlər. Bilirsən giveonlular nə edirlər?

Onlar özlərini elə göstərirlər ki, guya çox uzaq yerdə yaşayırlar. Buna görə də köhnə paltar və cırıq çarıqlar geyinir, eşşəkləri köhnə torbalarla yükləyib bir qədər kiflənmiş quru çörək götürürlər. Sonra Yeşuanın yanına gəlib ona belə deyirlər: ‘Biz böyük Allahınız Yehova haqqında eşidib uzaq bir diyardan gəlmişik. Onun Misirdə sizin üçün nələr etdiyindən xəbərimiz var. Buna görə də, rəhbərlərimiz bizə yol üçün bir qədər ərzaq verib tapşırdılar ki, yanınıza gəlib belə deyək: “Biz sizin qulunuzuq. Söz verin ki, bizə qarşı müharibə etməyəcəksiniz”. Gördüyünüz kimi, uzun yol gəldiyimizdən paltarlarımız köhnəlib, çörəyimiz də kif atıb’.

Yeşua və İsrailin digər rəhbərləri giveonlulara inanıb söz verirlər ki, onlara qarşı döyüşməyəcəklər. Ancaq üç gündən sonra onların qonşuluqda yaşadıqlarını öyrənirlər.

Yeşua onlardan soruşur: ‘Nəyə görə bizi aldadıb uzaq diyardan gəldiyinizi söylədiniz?’

Giveonlular cavab verir: ‘Allahınız Yehovanın bütün Kənan torpaqlarını sizə verəcəyini eşitmişik. Ona görə də qorxduq ki, bizi də öldürərsiz’. Xalq sözünün üstündə durub giveonluları öldürmür. Bunun əvəzinə, onları özünə qul edir.

Yerusəlim padşahı giveonluların İsrail xalqı ilə sülh bağladığından xəbər tutub bərk qəzəblənir. Buna görə də dörd qonşu padşaha deyir: ‘Gəlin, Giveona qarşı döyüşdə mənə kömək edin’. Bu beş padşah birləşib belə də edirlər. Giveon İsraillə sülh bağladığı üçün həmin padşahlar ona qarşı müharibə edirlər. Səncə, giveonlular ağıllı iş görüblər? Gəl öyrənək.