Kontentə keç

Mündəricatı göstər

Hekayə 49

Günəş dayanır

Günəş dayanır

YEŞUAYA bax. O deyir: ‘Dayan, ey günəş!’ Günəş doğrudan da dayanır və bütün günü göyün üzündə durur. Bunu edən Yehova Allahdır! Gəl görək Yeşuaya günəş işığı nəyə görə lazımdır.

Kənan torpağındakı beş pis padşah giveonlulara qarşı döyüşməyə çıxanda, giveonlular Yeşuanın yanına adam göndərib kömək istəyirlər: ‘Tez yanımıza gəl! Bizi qurtar! Dağlıqda yaşayan bütün padşahlar sənin qullarınla döyüşməyə gəliblər’.

Yeşua və onun bütün döyüşçüləri dərhal yola düşürlər. Bütün gecəni yol gedib Giveona çatırlar. Padşahların əsgərləri onları görəndə qorxuya düşüb qaçırlar. Yehova göydən iri dolu dənələri yağdırır. Dolunun zərbəsindən ölənlər israilli döyüşçülərin öldürdüyündən daha çox olur.

Yeşua görür ki, günəş batmaq üzrədir. Qaranlıq düşən kimi düşmən əsgərlərinin çoxu qaçacaq. Buna görə o, Yehovaya yalvarır və sonra deyir: ‘Dayan, ey günəş!’ Günəş göydə dayandığı müddətdə israillilər döyüşü qələbə ilə sona çatdırırlar.

Kənanda hələ də Allahın xalqına nifrət edən çoxlu pis padşah var. Yeşuaya və onun ordusuna Kənandakı 31 padşahı məhv etmək üçün altı ilə qədər vaxt lazım olur. Bu işi yerinə yetirəndən sonra, Yeşua Kənan torpağını hələ ərazisi olmayan qəbilələrin arasında bölüşdürür.

İllər ötür və Yeşua 110 yaşında vəfat edir. Yeşua və onun dostları sağ ikən xalq Yehovaya itaət edir. Amma bu yaxşı insanlar öləndən sonra İsrail xalqı pis işlər görməyə başlayır və bəlalara düçar olur. Bu zaman xalq doğrudan da Allahın köməyinə ehtiyac duyur.