Kontentə keç

Mündəricatı göstər

Hekayə 50

İki cəsur qadın

İki cəsur qadın

İSRAİL xalqı çətinliyə düşəndə Yehovaya yalvarır. Yehova Allah da cəsur başçılar təyin etməklə onlara kömək edir. Bu başçılar Müqəddəs Kitabda hakimlər adlanır. Yeşua birinci hakim idi, ondan sonra olan hakimlərdən bəziləri isə bunlardır: Otniel, Ehud və Şamqar. İsrailə kömək edənlər arasında Devora və Yael adlı iki qadın da vardı.

Devora peyğəmbərdir. Yehova gələcəkdə olacaq hadisələr haqqında ona xəbər verir, o da Yehovanın dediklərini xalqa çatdırır. Devora həmçinin hakimdir. Bu qadın adətən xurma ağacı altında oturur, xalq da onun yanına gəlib çətinliklərini həll etmək üçün ondan kömək istəyir.

İndi Kənanın padşahı Yavindir. Onun 900 döyüş arabası var. Yavinin çox güclü ordusu var və o, bir çox israillini özünə nökər edib. Ordu başçısının adı Sisradır.

Devora bir gün hakim Baraqın dalınca adam göndərib bu sözləri ona çatdırır: ‘Yehova belə deyir: “On min nəfər adam götür və onları Tavor dağına apar. Sisranı sizə təslim edəcəyəm. Onun və bütün ordusunun üzərində qələbə çalacaqsınız”’.

Baraq Devoraya deyir: ‘Sən mənimlə getsən, mən də gedəcəyəm’. Devora razılaşır, amma onu xəbərdar edir: ‘Qələbəni sən qazanmayacaqsan. Yehova Sisranı bir qadının əlinə verəcək’. Gəl görək bu sözlər necə yerinə yetir.

Baraq döyüşçüləri ilə Tavor dağından enib Sisranın ordusunun qarşısına çıxır. Qəflətən Yehova Allah yaxınlıqdakı çayın suyunu gücləndirir və düşmən əsgərlərindən bir çoxları boğulur. Sisra isə döyüş arabasından düşüb qaçır.

Bir müddətdən sonra Sisra gəlib Yael adlı bir qadının çadırına çatır. Yael onu çadırına dəvət edib ona süd verir. Sisra yorğun olduğundan bir azdan bərk yuxuya gedir. Əlinə fürsət düşdüyünü görən Yael çadır payası ilə bu pis adamın başını yerə sancır. Bir azdan Baraq gəlir və Yael ona ölmüş Sisranı göstərir. Görürsən, hər şey Devoranın dediyi kimi oldu.

Nəhayət, padşah Yavini də öldürürlər. İsraillilər bir müddət sülh içində yaşayırlar.