Kontentə keç

Mündəricatı göstər

Hekayə 58

Davud və Qolyat

Davud və Qolyat

FİLİŞTLİLƏR yenidən İsrailə hücum edirlər. Davudun böyük qardaşlarından üçü Şaulun ordusunda xidmət edir. Yessey bir gün oğlu Davuda deyir: ‘Bir az buğda, bir neçə çörək də götürüb qardaşlarına baş çəkməyə get. Gör onların hal-əhvalı necədir’.

Davud ordugaha gələn kimi döyüş meydanına qaçıb qardaşlarını axtarır. Bu vaxt o, Qolyat adlı filiştli bir döyüşçünü görür. Bu filiştli qırx gün-qırx gecədir ki, israilliləri lağa qoyur. O, hər gün ucadan bağırır: ‘Aranızdan mənimlə vuruşmaq üçün bir igid seçin. İşdir o mənə qalib gəlib məni öldürsə, biz sizin qulunuz olacağıq. Yox, əgər mən qalib gəlib onu öldürsəm, onda siz bizim qulumuz olacaqsınız. Hünəri olan qarşıma çıxsın!’

Davud əsgərlərdən soruşur: ‘Filiştlini öldürüb İsraili bu biabırçılıqdan qurtaran adam nə alacaq?’

Əsgərlər deyirlər: ‘Şaul söz verib ki, elə bir adam tapılsa, ona çoxlu var-dövlət və qızını verəcək’.

Qolyat nəhəng olduğundan israillilərin gözü ondan yaman qorxur. Onun boyu təxminən 3 metr idi. Qalxanını isə bir əsgər daşıyırdı.

Əsgərlərdən bir neçəsi gedib Şaula xəbər verirlər ki, Davud Qolyatla vuruşmaq istəyir. Şaul bunu eşidəndə Davuda deyir: ‘Sən bu filiştli ilə vuruşa bilməzsən. Sən hələ çox gəncsən, o isə ömrü boyu döyüşçü olub’. Davud cavab verir: ‘Atamın qoyunlarını aparan ayını, aslanı öldürmüşəm. Bu filiştli də onlardan biri kimi olacaq. Allahım Yehova mənə kömək edəcək’. Onda Şaul deyir: ‘Yaxşı get, qoy Allah sənə yar olsun!’

Davud çay qırağına enir və oradan beş hamar daş seçib torbasına qoyur. Sonra sapandını əlinə alıb nəhəng cəngavərlə üz-üzə çıxır. Qolyat onu görəndə gözlərinə inanmır. Ona elə gəlir ki, Davudu öldürmək su içmək kimi asan olacaq.

O deyir: ‘Yanıma gəl, sənin ətini quşlara və heyvanlara yem edəcəyəm!’ Amma Davud cavab verir: ‘Sən mənə qarşı qılınc, nizə və mizraqla gəlirsən, mən isə Yehova Allahın adı ilə sənin qarşına çıxıram. Bu gün Yehova səni mənim əlimə verəcək, mən də səni öldürəcəyəm’.

Davud bunu deyən kimi Qolyata tərəf qaçır. Torbasından bir daş çıxarıb sapandına qoyur və var gücü ilə Qolyata atır. Daş düz Qolyatın alnına batır və o yerə yıxılıb ölür. Filiştlilər cəngavərlərinin öldüyünü görəndə döyüş meydanından qaçırlar. İsraillilər onların arxasınca düşüb onları məğlub edir.