Kontentə keç

Mündəricatı göstər

Hekayə 59

Davud qaçmağa məcbur olur

Davud qaçmağa məcbur olur

DAVUD Qolyatı öldürdükdən sonra İsrailin ordu başçısı Avner onu Şaulun yanına gətirir. Şaul Davudu çox bəyənir. O, Davudu ordusunda sərkərdə təyin edir və ona padşah sarayında yaşamağa icazə verir.

Bir müddətdən sonra, İsrail ordusu filiştlilərlə döyüşdən qayıdarkən qadınlar əsgərlərin qarşısına çıxıb oxuyurlar: ‘Şaul qırdı minləri, Davud isə on minləri. Şaulun buna paxıllığı tutur, çünki Davud get-gedə Şauldan daha çox şöhrət qazanır. Amma Şaulun oğlu Yonatan paxıl deyil. Əksinə, o, Davudun yaxın dostudur. Buna görə də onlar bir-birinə söz verirlər ki, bu dostluğu qoruyacaqlar.

Davud yaxşı lira çalır. Onun çalğısı Şaulun xoşuna gəlir. Amma günlərin birində Şaulun paxıllığı onu çox pis hərəkətə təhrik edir. Davud lira çalarkən Şaul nizəsini götürüb ona tərəf atır və qəzəblə deyir: ‘Davudu divara mıxlayacam!’ Amma Davud əyilir və nizə ondan yan keçir. Bir qədər sonra bu hadisə yenidən təkrarlanır. İndi Davud başa düşür ki, daha da ehtiyatlı olmalıdır.

Şaulun vədi yadındadır? O söz vermişdi ki, qızını Qolyatı öldürən adama ərə verəcək. İndi isə Davuda deyir: ‘Əgər 100 nəfər filiştlini öldürsən, qızım Mikal ilə evlənə bilərsən’. Təsəvvür edirsən? Şaul ümid edir ki, filiştlilər Davudu öldürəcəklər. Amma Davud sağ qalır, Şaul da qızını ona verməli olur.

Bir gün Şaul oğlu Yonatana və xidmətçilərinə Davudu öldürmək istədiyini bildirir. Ancaq Yonatan atasına deyir: ‘Davuda zərər vurma. O heç vaxt sənə pislik etməyib. Əksinə, onun etdiyi hər şeyin sənə böyük köməyi olub. Qolyatı öldürəndə də öz həyatını təhlükəyə atmışdı, axı buna sən də sevinmişdin!’

Şaul oğlunun sözünü dinləyib, Davuda zərər vurmayacağına söz verir. Davud Şaulun yanına qayıdır və əvvəlki kimi ona xidmət edir. Amma bir gün Davud lira çalarkən, Şaul nizəsini yenidən ona atır. Davud yerindən sıçrayır, nizə isə divara batır. Bu artıq üçüncü dəfədir ki, təkrar olunur! Davud indi başa düşür ki, qaçıb canını qurtarmalıdır.

Həmin axşam Davud öz evinə yollanır. Şaul onu öldürmək üçün dalınca adam göndərir. Mikal atasının niyyətindən xəbər tutub, ərinə deyir: ‘Əgər bu gecə qaçıb canını qurtarmasan, sabah səni mütləq öldürəcəklər’. Gecə Mikal Davuda pəncərədən düşüb qaçmağa kömək edir. Şaulun əlinə düşməmək üçün Davud yeddi il müxtəlif yerlərdə gizlənməyə məcbur olur.