Kontentə keç

Mündəricatı göstər

Hekayə 62

Davudun ailəsində bədbəxtlik baş verir

Davudun ailəsində bədbəxtlik baş verir

DAVUD Yerusəlimdə padşahlıq etməyə başladıqdan sonra, Yehova onun ordusuna düşmənləri üzərində bir çox qələbələr qazandırır. Yehova Allah Kənan torpağını israillilərə verməyi vəd etmişdi. İndi onlar Yehovanın köməyi sayəsində vəd edilən torpaqların hamısına sahib olurlar.

Davud yaxşı rəhbərdir, Yehovanı da çox sevir. Buna görə də Yerusəlimi zəbt edən kimi Yehovanın Əhd sandığını oraya gətirir. Sandığı qoymaq üçün məbəd tikmək istəyir.

Lakin Davud yaşa dolanda böyük səhvə yol verir. O, yaxşı bilir ki, başqa insana məxsus olan bir şeyi götürmək düzgün deyil. Amma bir axşam öz sarayının damında gəzişərkən aşağı boylanıb gözəl bir qadın görür. Qadının adı Bat-Şevadır, onun əri isə Davudun ordusunda xidmət edən Uriyadır.

Bat-Şeva Davudun o qədər xoşuna gəlir ki, onu sarayına çağırtdırır. Bu vaxt onun əri döyüşdə idi. Davud bu qadınla yatır və bir qədər sonra məlum olur ki, o hamilədir. Davud bundan çox narahatdır və Uriyanın öldürülməsini istəyir. O, ordu başçısı Yoava xəbər göndərir ki, Uriyanı qızğın döyüş gedən yerə qoysun. Uriya öldükdən sonra Davud Bat-Şeva ilə evlənir.

Yehovanın buna bərk qəzəbi tutur və Davudun günahlarını aşkara çıxarmaq üçün Öz xidmətçisi Natanı onun yanına göndərir. Şəkildə Natanı Davudla danışan görürsən. Davud etdiyi işə çox peşman olduğundan Yehova onu öldürmür. Amma onu xəbərdar edir: ‘Bu pis işləri gördüyün üçün evində çoxlu bədbəxtlik baş verəcək’. Heç bilirsən Davudun başına nə müsibətlər gəlir?!

Əvvəlcə Bat-Şevanın doğduğu oğlan uşağı ölür. Sonra Davudun ilk oğlu Amnon hiylə işlədərək bacısı Tamarla tək qalır və onu zorlayır. Davudun digər oğlu Avşalom buna o qədər hirslənir ki, Amnonu öldürür. Daha sonra Avşalom xalqdan bir çoxlarını öz tərəfinə çəkib özünü padşah edir. Axırda Davud Avşalomla döyüşdə qalib gəlir və Avşalom ölür. Gördüyün kimi, Davud çoxlu bədbəxtliyə düçar olur.

Bu vaxt ərzində Bat-Şevanın Süleyman adlı oğlu olur. Davud qocalıb xəstələndikdə, oğlu Adoniya padşah olmaq fikrinə düşür. Davud kahin Sadoqa tapşırır ki, Süleymanın başına yağ töksün və onu padşah etsin. Davud 70 yaşında ölür. O, 40 il hökmranlıq etdikdən sonra Süleyman İsrailin padşahı olur.