Kontentə keç

Mündəricatı göstər

Hekayə 66

Padşah arvadı zalım İzevel

Padşah arvadı zalım İzevel

PADŞAH Yarovamın ölümündən sonra, onqəbiləli İsrail padşahlığını idarə edən bütün padşahlar pis olur. Padşah Axav isə onların hamısından beşbətər idi. Bilirsən nəyə görə? Əsas səbəb onun zalım arvadı İzevel idi.

İzevel israilli deyil. O, Sayda padşahının qızıdır və yalançı allah Baala ibadət edir. Bu az imiş kimi, əri Axavı və bir çox israilliləri də Baala sitayiş etməyə təhrik edir. İzevel Yehovaya nifrət edir və Onun bir çox peyğəmbərlərini öldürtdürür. Sağ qalan peyğəmbərlər isə canlarını qurtarmaq üçün mağaralarda gizlənməyə məcbur olurlar. İzevel öz məqsədinə nail olmaq üçün adam öldürməyə belə hazırdır.

Bir gün padşah Axav çox qəmgin idi. Bunu görən İzevel ondan soruşur: ‘Nəyə görə bu gün belə kədərlisən?’

Axav cavab verir: ‘Navota görə. Onun üzüm bağını almaq istədiyimi deyəndə, qayıdıb mənə dedi: Bağımı heç kəsə satmaram’.

İzevel deyir: ‘Sən heç ürəyini sıxma. O bağı sənin üçün özüm alacağam’.

İzevel Navotun yaşadığı şəhərdəki bir neçə nüfuzlu adama məktub yazıb əmr edir: ‘Bir-iki yaramaz adam tutun ki, onlar Navotun Allahı və padşahı lənətlədiyini söyləsinlər. Sonra Navotu şəhərin kənarına çıxarıb ölənədək daşqalaq edin’.

İzevel Navotun öldüyünü eşidən kimi Axava deyir: ‘Get, Navotun üzüm bağını al’. Səncə, belə dəhşətli əməlinə görə İzevel cəzalanmağa layiq deyilmi?

Bir qədər vaxt keçdikdən sonra, Yehova İzeveli cəzalandırmaq üçün Yehu adlı bir adam göndərir. İzevel Yehunun gəldiyini eşidəndə, gözlərinə sürmə çəkir, bəzənib-düzənir. Yehu gələndə pəncərədən boylanan İzeveli görür və saraydakı adamlara deyir: ‘Atın onu aşağı!’ Şəkildə gördüyün kimi, kişilər deyilənə əməl edib, onu aşağı atırlar və İzevel ölür. Padşahın zalım arvadı İzevelin həyatı beləcə sona çatır.