Kontentə keç

Mündəricatı göstər

Hekayə 68

Dirilmiş iki oğlan

Dirilmiş iki oğlan

ƏGƏR bir uşaq ölüb, sonradan dirilsəydi, təsəvvür edirsən, onun anası hansı hissləri keçirərdi? Ananın sevincinin həddi-hüdudu olmazdı! Bəs ölən adam dirilə bilər? Nə vaxtsa belə bir şey olubmu?

Şəkildəki kişiyə, qadına və balaca oğlana bax. Kişi İlyas peyğəmbərdir, o birilər isə Sarfat şəhərindən olan dul qadın və onun oğludur. Bir dəfə bu uşaq xəstələnir, halı get-gedə pisləşir və sonda ölür. İlyas qadına deyir: ‘Uşağı mənə ver’.

Peyğəmbər uşağı yuxarı otağa aparıb, çarpayıya uzadır. Sonra dua edir: ‘Ey Yehova Allah, qoy bu oğlan yenidən yaşasın’. Elə bu an uşaq nəfəs almağa başlayır! İlyas onu aşağı otağa gətirib anasına deyir: ‘Bax, oğlun sağdır!’ Elə buna görə də ana bu qədər xoşbəxtdir.

Yehovanın digər bir peyğəmbərinin adı Elişadır. O, İlyasın köməkçisidir. Bir qədər vaxtdan sonra Yehova Elişaya da möcüzə göstərmək qüvvəsi verir. Günlərin birində Elişa Şunem şəhərinə gedir. Orada bir qadın ona xeyirxahlıq göstərir. Bu xeyirxahlığına görə Allah həmin qadına bir oğul verir.

Uşaq böyüyür. Bir gün səhər o, tarlada işləyən atasının yanına gedir və birdən ‘vay, başım ağrıyır!’ deyə qışqırmağa başlayır. Uşağı evə gətirdikdən sonra o ölür. Ana üçün bu necə də böyük faciədir! Qadın dərhal durub Elişanın yanına gedir.

Elişa gələndə ölən uşağın uzandığı otağa keçir. Sonra Yehovaya dua edib uşağın üstünə uzanır. Bir azdan uşağın bədəni isinir və o yeddi dəfə asqırır. Anası gəlib uşağını sağ görəndə necə də sevinir!

İndiyədək çox insan ölüb. Bu, onların ailələrinə və dostlarına böyük kədər gətirib. Biz ölüləri dirildə bilmərik. Lakin Yehova Allah buna qadirdir. Onun milyonlarla insanları həyata necə qaytaracağı haqqında növbəti fəsillərdən daha çox öyrənəcəyik.