Kontentə keç

Mündəricatı göstər

Hekayə 70

Yunus və böyük balıq

Yunus və böyük balıq

SUYUN altındakı adama bax. Onu təhlükə gözləyir. Balıq bu saat onu udacaq! Bilirsən bu adam kimdir? Onun adı Yunusdur. Gəl onun bu vəziyyətə necə düşdüyünü öyrənək.

Yunus Yehovanın peyğəmbəridir. Elişa peyğəmbərin ölümündən az sonra Yehova Allah Yunusa deyir: ‘Böyük Nineva şəhərinə get. Oranın camaatı yaman pis işlər görür. İstəyirəm, sən gedib onları xəbərdar edəsən’.

Amma Yunus getmək istəmir. O, Ninevadan əks istiqamətə gedən bir gəmiyə minir. Yunusun qaçmağı Yehovanın heç xoşuna gəlmir. Buna görə də Allah dənizdə böyük fırtına qaldırır. Fırtına o qədər güclüdür ki, gəmi az qalır batsın. Dənizçilər bərk qorxuya düşür və kömək üçün öz allahlarına yalvarırlar.

Nəhayət, Yunus onlara deyir: ‘Mən, göyləri və yeri yaradan Yehova Allaha ibadət edirəm. Amma indi Yehovanın mənə verdiyi tapşırığı yerinə yetirməkdən qaçıram’. Dənizçilər soruşurlar: ‘Səninlə nə edək ki, bu fırtına dayansın?’

Yunus cavab verir: ‘Məni dənizə atın, dəniz sakitləşəcək’. Dənizçilər bunu etmək istəmirlər, amma fırtına get-gedə gücləndiyindən onlar məcbur olub Yunusu gəmidən atırlar. Fırtına o dəqiqə dayanır, dəniz də sakitləşir.

Yunusu dənizin dibində bir böyük balıq udur. O, üç gün, üç gecə balığın qarnında qalır. Yunus Yehovanın sözünə əməl edib Ninevaya getmədiyi üçün indi çox peşmandır. Bilirsən o nə edir?

O, kömək üçün Yehova Allaha yalvarır. Allah da balığa əmr edir və balıq Yunusu ağzından quruya qaytarır. Bundan sonra Yunus Ninevaya gedir. Səncə, bu hadisə Yehovanın dediyi hər bir şeyə əməl etməyin nə qədər vacib olduğunu göstərmirmi?

«Yunus» kitabı.