Kontentə keç

Mündəricatı göstər

Hekayə 73

İsrailin sonuncu yaxşı padşahı

İsrailin sonuncu yaxşı padşahı

YOŞİYA İsrailin ikiqəbiləli cənub padşahlığının padşahı olanda səkkiz yaşında idi. Padşahlıq etmək üçün o hələ uşaq idi. Ona görə də xalqı idarə etmək üçün padşahlığının ilk illərində ona böyüklər kömək edirdilər.

Yoşiya yeddi il padşahlıq edəndən sonra Yehova Allahın dediklərini yerinə yetirməyə başlayır. O, Davud, Yehoşafat və Xizqiya kimi yaxşı padşahlardan nümunə götürür. Hələ yeniyetmə ikən cəsarətli bir addım atır.

Neçə vaxt idi ki, israillilərin əksəriyyəti pis işlərlə məşğul olurdular. Onlar yalançı allahlara sitayiş edir, bütlərə baş əyirdilər. Yoşiya adamları ilə birgə ölkəni yalan ibadətdən təmizləmək qərarına gəlir. Xalqın çoxu yalançı allahlara sitayiş etdiyi üçün bu iş o qədər də asan deyil. Şəkildə Yoşiya və onun adamlarının bütləri sındırdıqlarını görmək olar.

Yoşiya bu işi başa vurduqdan sonra Yehova Allahın məbədini təmir etmək üçün üç adam seçir. Təmirin xərcini ödəmək üçün xalqdan pul yığılıb bu adamlara verilir. Onlar məbəddə işləyərkən baş kahin Xilqiya oradan dəyərli bir şey tapır. Bu hələ çox əvvəllər Yehovanın Musaya yazdırdığı qanun kitabıdır. Kitab çoxdan idi ki itmişdi.

Kitabı gətirib, Yoşiyaya oxuyurlar. Yoşiya qulaq asdıqca, xalqın Yehovanın qanunlarından nə qədər uzaqlaşdığını görür. Padşah buna o qədər kədərlənir ki, şəkildə gördüyün kimi paltarını cırır. O deyir: ‘Yehova Allah bizə qəzəblənib, çünki atalarımız bu kitabda yazılanlara əməl etməyiblər’.

Yoşiya baş kahin Xilqiyaya əmr edir ki, Yehovanın onlara nə edəcəyini öyrənsin. Xilqiya, Xulda adlı peyğəmbər qadının yanına gedir. O, Xuldanın Yehova Allahdan aldığı xəbəri Yoşiyaya çatdırır: ‘Yerusəlim və bütün xalq yalançı allahlara səcdə qılıb torpağı murdarladığına görə cəzalanacaq. Amma sən, Yoşiya, yaxşı işlər etdiyin üçün bu cəza İsrailin başına yalnız sənin ölümündən sonra gələcək’.