Kontentə keç

Mündəricatı göstər

Hekayə 75

Dörd gənc Babildə

Dörd gənc Babildə

NAVUXODONOSOR padşah İsrail xalqının ən savadlı adamlarını Babilə aparır. Sonra onların arasından ən yaraşıqlı və ağıllı oğlanları seçir. Onlardan dördünü şəkildə görə bilərsən. Birinin adı Danieldir, o birilərinə isə babillilər Şadrak, Meşak və Aved-Neqo adını veriblər.

Navuxodonosor bu gənclərin təlim alıb sarayda xidmət etmələrini istəyir. Üç il təhsil aldıqdan sonra padşah onlardan ən bacarıqlılarını seçəcək. Bu gənclər çətin məsələlərin həllində ona kömək etməli idilər. Padşah istəyir ki, onlar təhsil aldıqları müddətdə xəstələnməsinlər, güclü və sağlam olsunlar. Bu səbəbdən əmr edir ki, bütün gənclərə padşah süfrəsindəki yeməklərdən və şərabdan versinlər.

Gənc Danielə bax. Bilirsən o, Navuxodonosorun qulluqçularının rəisi Aşpenaza nə deyir? O, padşahın süfrəsindəki yeməklərdən yemək istəmədiyini söyləyir. Aşpenazın qanı qaralır. O deyir: ‘Sizin nə yeyib, nə içəcəyinizi padşah təyin edir. Əgər siz başqa gənclər kimi sağlam görünməsəniz, padşah məni öldürə bilər’.

Aşpenaz onların üzərinə bir gözətçi qoymuşdu. Daniel onun yanına gedib deyir: ‘Xahiş edirəm, bizi 10 gün ərzində sınağa çək. Bizə yeməyə tərəvəz, içməyə də su ver. Sonra bizi padşahın yeməklərindən yeyən başqa gənclərlə müqayisə et. Kimin daha sağlam görünəcəyinə özün baxarsan’.

Gözətçi buna razılaşır. On gündən sonra Daniel üç dostu ilə digər gənclərdən daha sağlam görünür. Bunu görən gözətçi onlara padşah yeməklərinin əvəzinə tərəvəz yeməyə icazə verir.

Üç ildən sonra gənclərin hamısını Navuxodonosorun yanına aparırlar. Padşah onlarla söhbət etdikdən sonra Daniel və üç dostunun hamıdan ağıllı olduğunu görür. Navuxodonosor onları sarayda köməkçi kimi saxlayır. Padşah Danielə, Şadraka, Meşaka və Aved-Neqoya nə sual verirdisə və ya çətin bir məsələnin həllini soruşurdusa, onlar padşahın bütün kahin və müdrik adamlarından on qat üstün cavab verirdilər.