Kontentə keç

Mündəricatı göstər

Hekayə 83

Yerusəlimin divarları

Yerusəlimin divarları

BAX necə qızğın iş gedir! İsraillilər Yerusəlimin divarlarını hörürlər. Hələ 152 il əvvəl Navuxodonosor padşah Yerusəlimi viran edəndə, şəhərin divarlarını dağıtmış, darvazalarını isə yandırmışdı. İsraillilər Babildən vətənə qayıdanda şəhərin divarlarını bərpa etməmişdilər.

Səncə, bütün bu illər ərzində xalq divarsız şəhərdə necə yaşayıb? Əlbəttə, onlar özlərini təhlükəsiz hiss etməyiblər. Düşmənlər asanlıqla gəlib onlara hücum edə bilərdi. Nəhayət, Nehemya adlı bir adam gəlib divarların bərpasında xalqa kömək edir. Nehemyanın kim olduğunu bilirsənmi?

Nehemya israillidir və Mordokayla Esterin yaşadığı Şuşan şəhərindən gəlib. O, padşah sarayında işləyirdi və ola bilsin, Mordokayla Esteri yaxşı tanıyırdı. Amma Müqəddəs Kitabda Nehemyanın Esterin əri Axaşveroş padşaha xidmət etdiyi haqqında yazılmayıb. O, növbəti padşah Artaxşastaya xidmət edirdi.

Yadındadırsa, Artaxşasta Yehovanın məbədini bərpa etmək üçün Ezraya çoxlu pul verən yaxşı padşah idi. Amma Ezra şəhərin dağıdılmış divarlarını bərpa etmədi. Gəl görək necə olur ki, bu işi Nehemya edir.

Artaxşastanın Ezraya məbədi təmir etmək üçün pul verdiyi vaxtdan artıq 13 il keçib. Nehemya, Artaxşasta padşahın baş saqisidir. Saqi padşaha şərab süzür və diqqət yetirir ki, onu heç kəs zəhərləməsin. Bu çox məsuliyyətli vəzifədir.

Bir gün Nehemyanın qardaşı Xanani və İsraildən bir neçə adam Nehemyaya baş çəkməyə gəlirlər. Onlar xalqın çətinliklərindən və Yerusəlim divarlarının hələ də tikilmədiyindən danışırlar. Nehemya bunu eşidəndə çox kədərlənir və Yehova Allaha dua edir.

Bir gün padşah Nehemyanın kədərli olduğunu görüb soruşur: ‘Niyə belə qəmginsən?’ Nehemya ona cavab verir: ‘Yerusəlim pis vəziyyətdədir, divarları isə hələ də tikilməyib’. Padşah soruşur: ‘İstədiyin nədir?’

Nehemya cavab verir: ‘İcazə ver, Yerusəlimə qayıdıb divarları bərpa edim’. Padşah Artaxşasta çox yaxşı adamdır. O, Nehemyanı Yerusəlimə buraxır və ona tikinti üçün lazımi qədər ağac verir. Nehemya Yerusəlimə gəldikdən bir qədər sonra nə etmək istədiyini xalqa bildirir. Camaat bu fikri çox bəyənir və deyir: ‘Gəlin tikintiyə başlayaq’.

İsraillilərin düşmənləri Yerusəlimin divarlarının tikildiyini görəndə deyirlər: ‘Gəlin gedək onları öldürək, işlərinə də son qoyaq’. Nehemya bundan xəbər tutanda işləyənlərə qılınc və nizə verib deyir: ‘Düşmənlərdən qorxmayın. Qardaşlarınız, uşaqlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşun’.

İsraillilər çox cəsarətlidir. Onlar gecə-gündüz silahlarını hazır saxlayıb öz işlərinə davam edirlər. Cəmi 52 gün ərzində divarları tikib qurtarırlar. İndi xalq şəhərdə özünü təhlükəsiz hiss edir. Nehemya ilə Ezra xalqa Allahın qanununu öyrədir və xalq çox firavan yaşayır.

Amma vəziyyət israillilər Babilə əsir aparılmazdan əvvəlki kimi deyil. Xalqı Fars padşahı idarə etdiyi üçün indi onlar padşaha qulluq etməlidirlər. Amma Yehova söz verib ki, yeni bir padşah göndərəcək və bu padşah xalqa sülh gətirəcək. Bu padşah kimdir? Yer üzünə sülhü necə gətirəcək? Yehova Allahın bu haqda yeni məlumat verməsinə qədər təxminən 450 il keçir. O zaman dünyaya qeyri-adi tərzdə bir uşaq gəlir. Bunu gələn hekayədən öyrənəcəyik.

Nehemya 1-6-cı fəsillər.