Kontentə keç

Mündəricatı göstər

Hekayə 89

İsa məbədi təmizləyir

İsa məbədi təmizləyir

İSA burada yaman qəzəbli görünür. Bilirsən o niyə qəzəblənib? Ona görə ki, Allahın məbədindəki bu adamlar çox acgözdürlər. Onlar Allahın məbədinə ibadətə gələnləri soyub talamağa çalışırlar.

Məbəddəki öküz, qoyun və göyərçinləri görürsən? Bu adamlar onları birbaşa məbəddə satırlar. Bilirsən niyə? Çünki israillilər Allaha heyvan və quşlardan qurban gətirirdilər.

Allahın qanununda deyilirdi ki, israilli günah etsə, Allaha qurban gətirməlidir. İsraillilər başqa hallarda da qurban gətirməli idilər. Bəs qurban gətirmək üçün onlar quşları və heyvanları haradan ala bilərdilər?

Bəzi israillilər quş və heyvan saxlayırdılar və onlardan qurban gətirirdilər. Lakin çoxları heyvan və quş saxlamırdılar. Digərləri isə Yerusəlimdən çox-çox uzaqda yaşadıqlarından, məbədə öz heyvanlarını gətirə bilmirdilər. Buna görə də, lazım olan heyvan və quşu elə buradaca alırdılar. Amma satıcılar alıcılardan həddindən çox pul istəyirdilər. Onlar camaatı aldadırdılar. Allahın məbədində ümumiyyətlə alver etmək olmazdı.

İsa elə buna görə qəzəblənir. O, bu adamların masalarını çevirir, pullarını yerə səpələyir. İsa həmçinin ipdən qamçı düzəldib bütün heyvanları məbəddən qovur. Göyərçin satanlara isə əmr edir: ‘Bunları buradan rədd edin! Atamın evini bazara döndərməyin’.

İsa ilə bərabər məbədə onun bir neçə şagirdi də gəlib. Onlar İsanın hərəkətinə təəccüblənirlər. Sonra Müqəddəs Kitabda Allahın Oğlu haqqında: ‘Allahın evinə olan sevgisi onu atəş kimi yandırıb-yaxacaq’ deyilən ayəni xatırlayırlar.

İsa Yerusəlimdə keçirilən Pasxa bayramı zamanı çoxlu möcüzələr göstərir. Bayramdan sonra o, Yəhudeyadan Qalileyaya qayıdır. Yolüstü Samariya vilayətindən keçir. Gəl görək orada nə baş verir.