Kontentə keç

Mündəricatı göstər

Hekayə 90

Quyu başında qadınla söhbət

Quyu başında qadınla söhbət

İSA Samariyada bir quyunun başında dayanıb bir az istirahət edir. Şagirdləri yemək almaq üçün şəhərə gediblər. İsanın söhbət etdiyi qadın quyuya su çəkməyə gəlib. İsa ona deyir: ‘Mənə içməyə su ver’.

Qadın çox təəccüblənir. Bilirsən niyə? Ona görə ki, İsa yəhudi, qadın isə samariyalıdır. Yəhudilərin çoxu isə samariyalıları bəyənmir, hətta onlarla danışmaq belə istəmirlər! Amma İsa bütün insanları sevir. Ona görə də belə deyir: ‘Əgər səndən kimin su istədiyini bilsəydin, özün ondan istəyərdin, o da sənə həyat suyu verərdi’.

Qadın deyir: ‘Ağam, quyu dərindir, sənin isə heç vedrən də yoxdur. Sən bu həyat suyunu haradan alacaqsan?’

İsa onu başa salır: ‘Bu quyunun suyundan içən adam, əvvəl-axır yenidən susayır. Mənim verdiyim su isə insanı əbədi yaşadır’.

Qadın deyir: ‘Ağam, mənə də o sudan ver ki, mən bir də susamayım, bir də buraya su dalınca gəlməyim!’

Qadın elə bilir ki, İsa əsl sudan danışır. Amma əslində o, Allah və Onun Padşahlığı haqqındakı həqiqətdən danışır. Həqiqət sanki həyat suyudur. O, insana əbədi həyat verə bilər.

İsa qadına deyir: ‘Get, ərini də götür, gəl bura’.

‘Mənim ərim yoxdur’, deyə qadın cavab verir.

İsa deyir: ‘Düz deyirsən, ərin yoxdur. Amma sənin beş ərin olub və indi yaşadığın kişi ərin deyil’.

Qadın mat-məəttəl qalır. İsanın dedikləri tamamilə doğrudur! Bəs İsa bütün bunları haradan bilir? O, Allah tərəfindən göndərilən vəd edilmiş Məsihdir və bu məlumatı da ona Allah verib. Elə bu vaxt İsanın şagirdləri qayıdırlar və onu samariyalı qadınla söhbət edən gördükdə çox təəccüblənirlər.

Bütün bunlardan biz nə öyrənirik? İsa, millətindən asılı olmayaraq, hər bir insana yaxşı gözlə baxırdı. Biz ondan nümunə götürməliyik. Fikirləşməməliyik ki, kimsə başqa millətdən olduğu üçün pisdir. İsa istəyir ki, insanların hamısı əbədi həyata aparan biliyi öyrənsinlər. Biz də insanlara həqiqəti öyrətməliyik.