Kontentə keç

Mündəricatı göstər

Hekayə 91

İsa dağda öyrədir

İsa dağda öyrədir

BAX, İsa Qalileya dağındadır. O burada insanlara təlim verir. İsaya lap yaxın oturanlar onun şagirdləridir. İsa şagirdlərindən on ikisini özünə həvari seçib. Həvarilər İsanın ən yaxın şagirdləridir. Onların adlarını bilirsən?

Şimon Peter və Andrey doğma qardaşdırlar. Digər iki qardaşın adı Yaqub və Yəhyadır. Yaqub və Şimon adında başqa iki həvari də var. İki həvarinin adı Yəhudadır. Onlardan biri Yəhuda İskaryotdur, o biri Yəhudanı isə Taday da çağırırlar. Qalan dörd həvarinin adı Filip, Natanel (başqa adı Bar-Talmay), Matta və Tomadır.

Samariyadan qayıdandan sonra İsa birinci dəfədir ki, ‘Göylərin Padşahlığı yaxındır’ deyə təbliğ edir. Bilirsən bu hansı Padşahlıqdır? Bu, Allahın qurduğu hökumətdir. Bu hökumətin padşahı İsadır. O, göydən yeri idarə edəcək və yer üzünə sülh gətirəcək. Allahın Padşahlığı bütün yer üzünü gözəl Cənnətə çevirəcək.

Burada İsa Padşahlıq haqqında danışır. O insanları öyrədir: ‘Belə dua edin: Ey, göydəki Atamız, adın hörmətlə çəkilsin. Qoy Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də istəyin yerinə yetirilsin’. Çoxları bu duanı «Rəbbin duası» və ya «Atamız» adı ilə tanıyır. Bəs sən bu duanı bilirsən?

İsa, həmçinin düzgün rəftar barəsində də öyrədir. O deyir: ‘Başqalarının səninlə necə davranmasını istəyirsənsə, sən də onlarla elə davran’. Məgər səninlə yaxşı rəftar edəndə xoşuna gəlmir? İsa deyir ki, biz də başqaları ilə yaxşı rəftar etməliyik. Cənnətdə hamı bu cür davrananda həyat necə də gözəl olacaq!

Matta 5-7-ci fəsillər; 10:1-4.